İddialar səslənir ki, yay aylarında dolların məzənnəsi 1,5-1,6 manata qədər azalacaq. Buna səbəb kimi, Azərbaycanın maliyyə vəziyyətinin nisbi yaxşılaşması, büdcə xərclərinin cari şəraitə uyğunlaşdırılması, pul kütləsinin həcminin azaldılması, qiymətli kağızlar bazarının genişləndirilməsi amilləri göstərilir. Dolların bu qədər ucuzlaşması mümkündürmü?
«Kapital Menecment» İnvestisiya Şirkətinin direktoru Cəfər İbrahimli manatla dolların kursunda sürtəli dəyişikliyin olacağına əmin deyil: “Ümumi mənzərəyə diqqət yetirəndə düşünürəm ki, 2017-ci il üçün nəzərdə tutulan məsələ Azərbaycanın strateji valyuta ehtiyatlarının qorunub saxlanılmasına nail olmaqdan ibarətdir. Cari ilin nəzərdə tutulan büdcə siyasəti, Mərkəzi Bankdan alınan qərarlar da məhz strateji aktivləri qorumağa yönəlib. Məsələnin bu cür davam edəcəyi halda isə dolların manata nisbətən kursunun aşağı düşəcəyinin real olacağı bir qədər çətin görünür. Həmçinin, Mərkəzi Bankın manatın kursunun yuxarı qalxmasında da maraqlı olmadığı hiss olunur. Bu durumda da manatla dolların kursunda hazırkı məzənnə çərçivəsində çox sürətli dəyişikliyin olacağını gözləmirik. Belə sürətli dəyişiklik elə də real variant hesab olunmur. Hər ilin birinci rübündə iqtisadi aktivlik adətən aşağı olur. Bu fonda da ancaq üçüncü rübün sonunda məzənnə siyasəti barədə nəsə demək mümkün olar. Ümumiyyətlə, hazırkı bilimsəl metodologiyalarla hazırda kursun harda olduğunu və yaxud olacağını söyləmək çətin məsələdir”.
Müstəqil iqtisadçı-ekspert Yaşar Əsədov düşünür ki,
ancaq kəskin manat qıtlğı və dollar təzyiqi olarsa, manat dollar nisbətində 1,5-1,6 səviyyəsində ola bilər: “Bazar iqtisadiyyatı prinsiplərindən çıxış etsək, yalnız Azərbaycanda manat qıtlığı və dollar təzyiqi baş verən halda milli valyutanın sözügedən pula nisbətdə məzənnəsi 1,5-1,6 səviyyəsində ola bilər. Bunlar olmadan həmin məzənnə səviyyəsini görməyəcəyik. Amma dollar təzyiqi də indilikdə gözlənilmir. Ola bilsin, ancaq yayda baş tutacaq İslam oyunları ilə əlaqədar ölkəmizdə dollar basqını özünü kəskin şəkildə göstərsin. Onu da nəzərə alaq ki, Mərkəzi Bankın məlumatına görə, Azərbaycanda nəğd manat qıtlığı mövcuddur”.
Rüfət NADİROĞLU