Əlaqə Arxiv
news Image
2017.04.20
09:00
| A A A
Valyutadəyişmə məntəqələrinin rəqabəti xarici valyutaları ucuzlaşdıracaq
Natiq Cəfərli: “Valyutadəyişmə məntəqələrinin bərpası ilk növbədə alış və satış qiymətləri arasında fərqi azaldacaq” Vüqar Bayramov: “Vətəndaşların və turistlərin daha uyğun məzənnə ilə valyuta alıb-satmasına imkan yaranacaq”

Azərbaycanda yeni lisenziyalaşdırılan fəaliyyət növü - valyuta mübadiləsi fəaliyyətinin yaradılması məqsədi ilə “Valyuta tənzimi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi hazırlanıb. Təklif edilən dəyişikliklər valyutadəyişmə məntəqlərinin fəaliyytəçinin yenidən bərpa olunacağını göstərir. Qanun layihəsi qəbul edləcəyi təqdirdə nağd valyuta bazarında valyutadəyişmə məntəqələrinin rahat şəkildə açılması mümkün olacaq. Bu da nağd valyuta bazarında rəqabəti gücləndirəcək. İqtisadçıların fikrincə, belə vəziyyət ilk növbədə alış və satış qiymətləri arasındakı fərqi minimuma endirəcək. Bundan başqa xarici valyutların manata nisbətində də ucuzlaşma istiqamətində dəyişiklik gözləmək olar.

İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki,  valyutadəyişmə məntəqələrinin bərpası ilk növbədə alış və satış qiymətləri arasında fərqi azaldacaq: “Bu gün banklarda alış və satış qiymətləri arasında fərq kifayət qədər böyükdür. Hansı ki, devalvasiyadan əvvəl banklar 100 dolların alqı-satqısında ən yaxşı halda 20 qəpik qazana bilirdi. İndi isə bəzi banklarda bu fərq 8 manata qədər yüksəlib. Yəni, valyutadəyişmə məntəqələrinin bərpası ilk növbədə bu fərqi azaldacaq. Çünki valyutadəyişmə məntəqələrinin sayı artdıqca müştəri cəlb etmək üçün sərfəli alış-satış qiyməti tətbiq etməyə çalışacaqlar. Amma valyutadəyişmə məntəqələrinin sayının çoxluğu ümumi məzənnə siyasətinə təsir göstərməyəcək. Çünki bu işdə hələ də Mərkəzi Bank əsas rol oynayır. 
Məzənnənin müəyyən olunması Mərkəzi Bankın siyasəti ilə əlaqəlidir. Ancaq turistlərin, vətəndaşların işləri asanlaşacaq. Çünki valyutadəyişmə məntəqələri bağlanandan sonra valyuta dəyişdirilməsi prosesində problemlər yaşandı. Hətta həftə sonları bankların bəzi filialları işləyirdi. Ən azından bu problem aradan qalxmış olacaq. Bundan başqa, valyutadəyişmə məntəqələrinin fəaliyyətə başlaması təqribən üç minə yaxın yeni iş yerinin yaranmasına səbəb olacaq”. 
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi ki, valyutadəyişmə məntəqələrinin fəaliyyətə başlması insanların daha rahat şəkildə valyuta dəyişdirməsinə yol açacaq: “Bu kontekstdən valyutadəyişmə məntəqələrinin bərpası vacibdir. Bu imkan verəcək ki, alış və satış kursu arasında fərqi azaltmaq mümkün olsun. Çünki bu gün valyuta alqı-satqısında rəqabət zəif olduğuna görə, bəzi banklar hər 100 manatdan 15 manat qazanır. Amma valyutadəyişmə məntəqələrinin bərpa edilməsi bu fərqin azalmasına gətirib çıxaracaq. Bu da nəticə etibarı ilə vətəndaşların və turistlərin daha uyğun məzənnə ilə valyuta alıb-satmasına imkan yaradacaq. Yəni, valyuta alqı-satqısında rəqabət güclənəcək. Daha rəqabətli məzənnənin formalaşmasına imkan verəcək. O baxımdan məntəqələrinin fəaliyyətə başlaması məqsədəuyğundur. 
Valyutadəyişmə məntəqələri manatın məzənnəsini mövcud tələbə uyğun müəyyənləşdirəcək. Bu isə bazar məzənnəsindən fərqli məzənnənin formalaşacağı anlamına gəlmir. Odur ki, valyutadəyişmə məntəqələrinin bərpası birbaşa məzənnəyə təsir imkanı olmayacaq”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz