Əlaqə Arxiv
news Image
2017.04.21
09:30
| A A A
Dollarla kredit götürən tapılmır
Yaşar Əsədov: “Həmin addımın baş verməsi daxili bazarda dollar dövriyyəsinə marağı azaldacaq, manata isə marağı daha da gücləndirəcək” Vahid Əhmədov: “Manata etibarlılıq möhkəmləndikcə, milli valyuta ilə kredit verilməsi daha geniş vüsət alacaq”

Xarici valyutada, o cümlədən dollarda kredit verilişi xeyli azalıb. Elə vətəndaşlar və şirkətlər də dollarla kredit götürmək istəmir. Əvəzində manat kreditlərinə tələb artır. Kredit strukturnda baş verən bu dəyişikliklər nəyə gətirib çıxaracaq?

İqtisadçı-ekspert Yaşar Əsədov bildirdi ki, kredit strukturunda yaşanan dəyişiklik manatın güclənməsilə nəticələnəcək: “Xarici valyuta ilə kredit verilişinin xeyli azalması və manatla olan kreditə tələbin artması çoxdan gözlədiyimiz bir hadisədir ki, baş verib. Həmin addımın baş verməsi son nəticə olaraq daxili bazarda dollar dövriyyəsinə marağı azaldacaq. 
Eyni zamanda, proses adekvat olaraq manatın güclənməsilə sonuclanacaq. Əlbəttə ki, Azərbaycan kimi iqtisadi cəhətdən güclü potensiala, xammal, resurs bazasına malik ölkədə paralel valyutanın dövriyyədə olması anlaşılmaz idi. Çox güman ki, manat kreditlərinə tələbatın artması da özbaşına baş verməyib. Sadəcə olaraq Mərkəzi Bankın maliyyə qurumlarının məqsədyönlü fəaliyyətinin nəticəsidir”.
Milli Məclisin deputatı Vahid Əhmədov da qeyd etdi ki, sözügedən prosesin baş verməsi fonunda manatla kredit verilməsi artacaq: “Son zamanlar dollar manata nisbətən ucuzlaşır. Ona görə də insanlar daha çox manatla kredit almağa üstünlük verir. Bu səbəbdən də manatla bağlı problem faktiki olaraq o qədər də ciddi deyil. 
Yaxın zamanlara qədər banklar girov olaraq ancaq daşınmaz əmlaka kredit verirdi, indi isə daşınar əmlaka da kredit vermək nəzərdə tutulur. Yəni, kreditləşmə ilə əlaqədar ciddi islahatlar həyata keçirilir. Bank sisteminin sağlamlaşdırılması prosesi gedir. Ona görə də hesab edirəm ki, manata etibarlılıq möhkəmləndikcə, milli valyuta ilə kredit verilməsi daha geniş vüsət alacaq”.
Rüfət  NADİROĞLU

 

Sizin Reklam Yeriniz