Əlaqə Arxiv
news Image
2017.04.26
09:15
| A A A
Kreditləşməni azaldan banklar əsas diqqəti depozit hərraclarına yönəldir
Cəfər İbrahimli: “Banklar üçün risksiz maliyyə alətlərinə investisiya etmək kredit verməkdən daha məqbul görünür” Əkrəm Həsənov: “Mərkəzi Banka qoyulan depizot tam zəmanətli və qısamüdətlidir”

Azərbaycan Mərkəzi Bankının (AMB) vəsaitlərin cəlb edilməsi üzrə keçirilən son hərracında tələb təklifi 83% üstələyib. Belə ki, hərracda 200 milyon manat vəsaitin cəlb edilməsi nəzərdə tutulsa da, tələb bundan 82,65% çox - 365,3 milyon dollar olub. 

Diqqəti çəkən məhz budur ki, banklar vəsaitlərini kreditə ayırmaqdansa, Mərkəzi Bankın depozit hərracında iştiraka daha çox üstünlük verirlər. Mütəxəssislər bankların bu cür siyasətini qanunauyğun hesab edirlər. Belə ki, Mərkəzi Banka qoyulan depozit vətəndaşa verilən kreditə nisbətən daha təhlükəsizlikdədir. Ancaq bu siyasət iqtisadi fəallığı ləngidən amil kimi dəyərləndirilir.
Bank məsələləri üzrə mütəxəssis Cəfər İbrahimli bildirdi ki, hazırda banklar yalnız depozit hərracı deyil, paralel olaraq, həm Mərkəzi Bankın notlarına, həm də Maliyyə Nazirliyinin istiqarazlarına sifariş edirlər: “Hansı ki, bunlar da dövlət kağızları hesab olunur və riskləri sıfırdır. Qiymətli kağızlara depizot yatırmaqda banklar üçün təhlükə yoxdur. Hətta Maliyyə Nazirliyinin istiqrazları 18 faiz ilə keçir. Belə bir vəziyyətdə banklar üçün risksiz maliyyə alətlərinə investisiya etmək kredit verməkdən daha məqbul görünür. 
Onsuz da bu gün bankların kredit portfelində problemlər var. Portfeli sağlamlaşdırmaqla məşğuldurlar. Risklərin yüksək olduğu bir vaxtda kredit verməyə meylli görünmürlər. Həmçinin nəzərə alaq ki, banklar kredit verən zaman kreditə görə maliyyə hesabatlarında əlavə ehtiyat ayırmaq məcburiyyətində qalırlar. Bu da bankın ümumi kapitalının həcminin azalmasına səbəb olur. Ancaq dövlətin qiymətli kağızlarını aldıqda ehtiyat saxlamaq gündəmdə olmur. Çünki risk sıfırdır. Yəni, həmin maliyyə aləti bank kapitalının formalaşmasına mənfi təsir etmir. Bu mənada banklar indiki vəziyyətdə depozitə meyli daha məqbul hesab edirlər. Elə bazarın reallığı da bunu tələb edir. 
Düzdür, bəzi insanlar dövriyyədə pul çatışmazlığının yaşandığını deyirlər. Əslində isə, bankların maliyyə alətlərinə göndərdikləri rəqəmin həcminə baxdıqda pul bazarının o qədər də yetərsiz olmadığı görünür. Banklarda kifayət qədər izafi manat var. Bunu da belə likvid vəsaitlərə yönəltməyə cəhd edirlər. Bankların indiki strategiyası baxımından bu, daha məqbuldur. Depozitin faizləri də bankları kifayət qədər qane edir. Faizlərin yüksək, riskin aşağı olması, maliyyə hesabatlılıqlarına heç bir təsir etməməsi mənasında bankların siyasəti başadüşüləndir. Çox ölkələrdə də belədir. Bazarda risklər artdıqca, vəsaitlərin əsasən likvid maliyyə alətlərinə yönəldiyi müşahidə olunur”.
Cəfər İbrahimli əlavə etdi ki, banklar verdikləri kredit həcmini kiçildirsə, bu, iqtisadi aktivliyi azaldır: “Amma indiki vəziyyətdə Mərkəzi Bankın da hədəfi aktivliyi bu cür saxlamaqdır. Kreditlərin həcminin artması riskləri yüksəldə bilər. Ona görə də balanslı siyasət aparmağa çalışırlar”. 
Bank məsələləri üzrə digər ekspert Əkrəm Həsənov isə bunun səbəbini Mərkəzi Bankın həyata keçirdiyi siyasət ilə izah edir:  “Mərkəzi Bank depozitlərə görə, banklara 14.5% həddində gəlir verir. Eyni zamanda Mərkəzi Banka qoyulan depizot tam zəmanətli və qısamüdətlidir. Bank qısa bir zaman ərzində onu geri götürə bilər. Göründüyü kimi, faizi də çox yüksəkdir. Lakin kredit vermək və onu geri almaq prosesi bundan daha ağırdır. 
Həmçinin, kreditin qaytarılmasının zəmanəti depozitlər qədər yüksək deyil. Mərkəzi Bankın faiz dərəcəsi aşağı olsa idi, banklara sərf etməzdi. 14.5% dərəcəsinə dünyada çox az ölkədə rast gəlinir. Burada daha bir səbəb əmanəti daha tez zaman ərzində geri götürməyin mümkünlüyüdür. Kredit şəklində verildikdə isə vəsait ən azı bir il sonra geri qayıdır. Banklar da devalvasiyadan narahatdırlar. Bu baxımdan kredit verməyə meyl göstərmirlər”.
Əkrəm Həsənov da bankların bu cür siyasətinin iqtisadi aktivliyə mənfi təsir etdiyini deyir: “Pul bank sistemində yox, real iqtisadiyyatda dövr etməlidir. Pulsuz iqtisadiyyat qansız orqandır. Banklarda olan vəsaitlərin yarıdan azı kredit şəklində verilib”.

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz