Əlaqə Arxiv
news Image
2020.05.05
15:47
| A A A
COVID-19 bizə nə qazandırdı?
Mövzunun adını ilk dəfə oxuduqda bəlkə də bu sizə təəccüblü gələ bilər. Düşünə bilərsiniz ki, virus insana nə qazandıra bilər axı?! Məhz bu suallara cavab axtarmaq qərarına gəldim. Bildiyimiz kimi, aylardır dünya ölkələri yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə aparır. Virusun göstəricilərinə ilk dəfə Çinin Uhan vilayətində rast gəlinib, 19 mart tarixində isə pandemiya elan edilib. Bu günə qədər virusa 3 milyon yarımdan artıq şəxs yoluxub, 250 minə yaxın adam həyatını itirib, bir milyon 130 mindən çox xəstə sağalaraq evə buraxılıb. Bu virusun insan həyatına vurduğu zərər çox böyükdür. Ən böyük zərər yüz minlərlə insanın ölümüdür. Təbii ki, virus həm də dünya iqtisadiyyatına, ölkələr arasında siyasi və iqtisadi əlaqələrə mənfi təsir göstərib. Amma bunların hər birindən önəmli olan insan həyatı və onun sağlamlığıdır. Heç nə insan sağlamlığından önəmli ola bilməz. Əlbəttə, dünyada hər bir şey öz yerini alacaq, amma həyatını itirən insanların yerini heç nə doldura bilməyəcək. İndi isə məsələnin əsas tərəfindən danışmaq istəyirəm. COVID-19 virusunun müsbət tərəflərindən. Bilirsiniz ki, virusla mübarizədə ən effektiv üsul fərdi gigiyena qaydalarına əməl etməkdir. Bunun üçün əllər mütəmadi olaraq sabun və digər dezinfeksiyaedici mayelərlə yuyulmalı, maska və əlcəklərdən istifadə edilməlidir. Bu cəhətdən COVID-19 virusu bizə fərdi gigiyena qaydalarına əməl etməyin nə qədər vacib olduğunu öyrətmiş oldu. Məlumdur ki, virusla əlaqədar avtomobillərin hərəkətinin müəyyən dərəcədə məhdudlaşdırılması və restoran, kafe və digər obyektlərin bağlanması nəticəsində hava zərərli qazlardan təmizləndi. Digər toxunmaq istədiyim məsələ isə ailə dəyərləridir. Bilirsiniz ki, virusun yayıldığı ilk dövrlərdən həm dünya ölkələri, həm də Azərbaycan ərazisində "karantin rejimi" elan edilib. Bu dövrdə çoxsaylı iş yerləri bağlanıb və hər kəs #evdəqal çağırışına əməl etməyə çalışıb. Bunun nəticəsidir ki, insanlar öz ailə üzvləri ilə daha çox vaxt keçirmək imkanı əldə etdilər. Əvvəllər valideynlər işə getdiyi halda, övladlarına dayələr, yaxud digər yaxınları baxırdı. Təbii ki, heç bir qayğı valideynin mehriban münasibəti qədər gözəl və təbii ola bilməz. Valideynin şirin sözləri, isti qucağı dünyanın ən gözəl nemətidir. Beləliklə, valideynlər övladlarının təlim-tərbiyəsinə daha böyük diqqət göstərmiş oldular. Bu günlərdə insanlar ailənin nə qədər dəyərli olduğunu, bu sözü sadəcə dörd hərfli kəlmə kimi deyil, sevgi və qayğının cəmləşdiyi toplum kimi dərk etdilər. Bir də ürəklərdə itirmək qorxusu yarandı. Hər kəs anlamış oldu ki, bu gün varıq, sabah yoxuq. Bunun üçün ailəmizin, sevdiklərimizin qayğısına qalmalı, bir gün onları itirəcəyimizi bildiyimiz halda, onlara daha möhkəm sarılmalı, qayğı göstərməli, yardım etməli və bir şirin sözlə belə üzlərinə təbəssüm, ruhlarına xoşbəxtlik verməliyik. Başqa bir məsələyə diqqət yetirək. Biz dərs və iş səbəbindən evdə çox zaman keçirə bilmirdik. Bu da evdə etməli olduğumuz işlərin yarım qalmasına gətirib çıxarırdı. "Karantin rejimi" isə bir növ bizə bu işləri tamamlamaqda yardımçı oldu. Mən öz həyatımdan danışmaq istəyirəm. Ümid edirəm ki, qeyd edəcəklərim çoxlarınızın həyatında baş verib. Deməli, mən bu zaman çərçivəsində evdə müxtəlif yeməklərin bişirilmə qaydasını öyrəndim. Həmçinin, yeni kitablar oxudum, filmlər izlədim. Nəticədə yeni biliklər əldə etmiş oldum, vaxtımı səmərəli keçirdim. Özümdə yazarlıq və musiqi oxumaq qabiliyyətini üzə çıxardım. Boş vaxtlarımda intellektual oyunlara qoşuldum, votsapda müxtəlif qruplara üzv oldum, BDU-nun Filologiya fakültəsinin tələbəsi kimi dil və ədəbiyyat sahəsində maraqlı faktlar öyrənmiş oldum. Onlayn dərslərdə iştirak etməyimi də vurğulamaq lazımdır. Ola bilər ki, siz daha fərqli şeyləri öyrənmiş oldunuz. Bəziləri boş vaxtda dil öyrəndi, müxtəlif dekorativ əşyalar hazırladı, özlərində rəssamlıq, ifaçılıq və digər qabiliyyətləri kəşf etmiş oldu. Ola bilər ki, aramızda onlayn şəkildə tələbə, yaxud abituriyentlərə dərs keçənlər, yeni elmi araşdırmalar aparanlar, məqalə yazanlar oldu. Bir sözlə, hər kəs bu dövrdən müəyyən qədər səmərəli şəkildə yararlanmış oldu. Ümid edirəm ki, hər birimiz bu çətin günlərin də öhdəsindən gələcəyik və yenidən əvvəlki həyatımıza geri dönəcəyik. Bunun üçün həm səbirli olmalıyıq, həm də özümüzü bu epidemiyadan maksimum şəkildə qorumalıyıq. Sevdiklərimizlə addımlayacağımız küçələrə, aylardır bizi gözləyən təhsil ocaqlarına qovuşmamıza az qaldı. Gözəl günlər qabaqdadır. Buna inanın və bu yolda heç vaxt ümidinizi itirməyin. Lumu İspəndiyarzadə BDU-nun Filologiya fakültəsinin I kurs tələbəsi
Sizin Reklam Yeriniz