Əlaqə Arxiv
news Image
2021.03.24
21:30
| A A A
Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarına məktubu
Nazim Nəsrəddinov, Azərbaycan Respublikasının əməkdar müəllimi, Respublika Prezidentinin Sərəncamı ilə keçirilən ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, türkoloq

Nazim NƏSRƏDDİNOV,

Azərbaycan Respublikasının əməkdar müəllimi, Respublika Prezidentinin sərəncamı ilə keçirilən ƏN YAXŞI MÜƏLLİM mücabiqəsinin qalibi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, türkoloq

"İrşad "qəzetində məktəb və maarifçilik məsələlərinə aid yazılarla maraqlananda   H.Z.Tağıyevin imzası ilə verilmiş bir yazıya təsadüf etdim. Maraqlı idi. Öz adını belə yaza bilməyən məşhur milyonçu bu yazını nə üçün ictimai müzakirəyə çıxarıb?
 Yazıda söhbət  qızları "Bakı Ünas Svyataya Nina Məktəbində"( " Bakı Müqəddəs Nina Qız məkrtəbi"ndə) oxuyan müsəlman qızların valideynlərinin Hacı Zeynalabdin Tağıyevə maraqlı bir müraciətindən gedir. 

Məlumdur ki, adı çəkilən məktəbdə dərslər rus dilində tədris edilirdi. Başqa sözlə, bu məktəb təlimi rus dilində olan təhsil ocağı idi. Adından göründüyü kimi bu məktəbdə dinindən və milliyyətindən asılı olmayaraq,bütün  qızların  oxumaq hüququ var idi. 

Məktəbin təkcə şəriət müəllimindən savayı, bütün  müəllimləri qadın idi. Bu da müsəlman valideynlərin ürəyincə deyildi. Onlar  H.Z.Tağıyevdən bu müəllimin dəyişilməsini xahiş edirdilər. Çətin məsələ idi. Lakin elm, təhsil və  maarif  məsələlərini  qiymətləndirməyi bacaran H.Z.Tağıyev bu dəfə də  öz sözünü deyə bilir. O, ana dili və şəriəti dərindən öyrənmək üçün valideynlərə  öz qız övladlarını ibtidai məktəbi ana dilində  olan məktəblərdə oxutmağı məsləhət görürdü. Bu cəhətdən nümunəvi qız məktəbinin də adı çəkilirdi:

" Bakı Qız Məktəbi ".

H.Z.Tağıyevin pedaqoji və əxlaqi fikirlərini 110 ildən sonra elmi ictimaiyyətə çatdırırıq.

***

Məktub  ("İrşad" qəzeti,17 sentyabr 1906-cı il, N 218, səhifə 4)

Cənab mühərrir  ( Müraciət edilən zaman "İrşad" qəzetinin mühərriri,müdiri və imtiyaz sahibi Əhməd bəy Ağayev, naşiri İsa bəy Aşurbıyov idi-N.N.)

 

Bakı şəhər müsəlmanları  bəndəyə müraciət edib xahiş etdilər ki,Qafqaz Nahiyyə Maarif İdarəsinə vəsatət (vasitəçilik-N.N.) edəm ki, "Bakı Ünas (qadın) Svyataya Nina  Məktəbi"ndə təlim almaqda olan müsəlman qızları üçün elmüilahi və türk dili dərslərini tədris edən  müəllim kişidən olmayıb,ünas (qadın) taifəsindən iqtidarlı  birisini şəriət müəllimliginə təmim ( bir işi ümumə aid etmək) etsinlər.

Əlbəttə, bir məktəb ki orada təlim alan ünas taifəsidir,onların ruhani və cismani  şəriətə mütəəlliq (aid-N.N.)  dərsləri    yenə öz cinslərindən bir  müəllimənin təlim və tədris eləməsi  zəruridir.

Və zəmanə burasını da mənə aşkar elədilər ki, Bakı Müsəlman Qız Məktəbi müəllimlərindən  birinin məzkur ( həmin-N.N.) məktəbə gedib dərs demələrinə müsaidə (icazə-N.N.) edəm. Halbuki bu heç bir cəhətlə mümkün olmayacaqdır.Çünki: hal-hazırda  Qafqazda bizim ünas  taifəsindən  türk dili və şəriət dərsi  təlim eləməgə müqtədir müəllimə tapmaq çox müşküldür.  

Filhal (indi,bu saat-N.N.) Müsəlman Qız Məktəbinin müəllimələrindən  birisin məzkur (haqqında danışılan-N.N.) məktəbin şəriət dərslərini təmim (bir işi ümumə aid etmə-N.N.) etməgə mühəvvəl( həvalə-N.N.) etsək, onda bizim məktəbin talibati (tələbələri-N.N.) dərssiz qalacaqdır.
Məəhaza (bununla bərabər-N.N.) mən öz tərəfimdən belə məsləhət görürəm ki, yaxşı olardı ki, o müsəlmanlar ki,öz qız övladlarlnı ana dili və şəriət dərsi oxumağı xahiş edirlər, onlar gərək qabaqca  qızlarını vereydilər  Bakı Müsəlman Qız Məktəbinə, oranı ikmal edib (qurtqrıb-N.N.) öz ana dili və şəriətə xəbərdar olandan sonra  çox asanlıqla  "Svyataya Nina Məktəbi"nin dördüncü qlasına (sinfinə-N.N.) imtahan verib daxil  ola bilərdi.

Sizin Reklam Yeriniz