Əlaqə Arxiv
news Image
2021.04.05
14:56
| A A A
ATU alimlərinin növbəti uğuru

İlk dəfə olaraq cərrahiyyə sahəsində azərbaycanlı alimlər nüfuzlu elmi “Springer” beynəlxalq nəşriyyatının dərc etdiyi kitabda iki fəslin müəllifi qismində çıxış ediblər. Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının əməkdaşlarının müəllifliyi ilə dünyanın ən nüfuzlu elmi nəşriyyatlarından “Springer International Publishing” tərəfindən çap olunan “Prophylactic Surgery” kitabında 2 ayrıca fəsil yer alıb.

İnstitutun mətbuat xidmətindən Movqe.az-a bildirilib ki, bu kitab dünyada profilaktik cərrahiyyə mövzusunda nəşr edilən ilk kitablardan biridir. ATU əməkdaşlarının müəllifliyi ilə kitabda “Prophylactic Splenectomy” (Profilaktik splenektomiya) və “Prophylactic Surgery for Benign Diseases of Stomach and Duodenum” (Mədə və onikibarmaq bağırsağın xoşxassəli xəstəliklərində profilaktik cərrahiyyə) adlı iki fəsil dərc olunub.

Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, Tibb elmləri doktoru, Professor Nuru Bayramov, kafedranın əməkdaşları tibb üzrə fəlsəfə doktoru Ruslan Məmmədov və rezident Dr. Fərəh Qəhrəmanovanın müəllifi olduqları “Prophylactic Splenectomy” fəslində profilaktik splenektomiya əməliyyatına olan göstərişlər yer alıb. Burada həmçinin, bir sıra orqanların bədxassəli törəmələri, hematoloji, anadangəlmə və digər xəstəliklərin müalicəsində, o cümlədən ağırlaşmaların qarşısının alınmasında profilaktik splenektomiyanın rolu haqqında ətraflı məlumatlar verilib.

Kitabda yer alan ikinci “Prophylactic Surgery for Benign Diseases of Stomach and Duodenum” adlı fəsildə müəlliflər – Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının müdiri, Professor Nuru Bayramov və kafedranın dosenti, tibb üzrə fəlsəfə doktoru Nadir Zeynalov tərəfindən mədə və onikibarmaq bağırsağın divertikulları, əməliyyatdan sonrakı gec mədə boşalması, hiatal yırtıq, qastro-ezofaqeal refluks və bir sıra digər xəstəliklər, onların müalicəsi və profilaktikası zamanı icra edilən profilaktik əməliyyatlar haqqında geniş məlumat verilib.

Sizin Reklam Yeriniz