Əlaqə Arxiv
news Image
2021.05.11
10:24
| A A A
Masallı rayonunun Bala Kolatan kəndində "Şəhidlər bulağı"nın açılışı olub

10 may 2021-ci il tarixdə Masallı rayonunun Bala Kolatan kəndində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsinə inşa edilən «Şəhidlər bulağı»nın açılışı olub.

Xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla keçirilən tədbirin açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları Anar İsgəndərov və Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə veteranları, Dini Durumlarla İş üzrə Dövlət Komitəsinin Masallı üzrə regional şöbəsinin əməkdaşları, ağsaqqallar və gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov 200 illik tariximizdə xalqımızın ən böyük arzularının gerçəkləşdiyindən danışaraq, Müzəffər Ali Baş Komandanı İlham Əliyev və yenilməz ordumuz sayəsində milli-mənəvi ruhumuzun yeniləndiyini, tarixi ədaləti bərpa etdiyimizi diqqətə çatdırdı. «Azərbaycan əsgəri dünyaya gücünü, hünərini sübut etdi, şəhidlərimizin qanı yerdə qalmadı. Və nəhayət, doğma yurd-yuvalarından didərgin düşən soydaşlarımız öz yerlərinə qayıdacaqlar...»-deyə icra başçısı qeyd edib.

Çıxış edən digər natiqlər Birinci Qarabağ müharibəsində, istərsə də 44 günlük müharibə dövründə tarixə düşən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, 30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə nəticələnən şanlı tarixi Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışılıb.

Şəhid valideynləri övladlarının Vətən uğrunda şəhid olduğuna görə qürur duyduqlarını bildirib, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Mərasim iştirakçıları bulaq-abidənin önünə gül dəstələri qoyub, şəhidlərin ruhuna dualar oxuyublar.

Əlihüseyn ŞÜKÜROV

Sizin Reklam Yeriniz