Əlaqə Arxiv
news Image
2013.02.12
17:35
| A A A
Reketçiliklə məşğul olan internet medianın işinə Mətbuat Şurasındakı yeni Komissiya baxacaq
Əflatun Amaşov: "İndiyədək Şuraya 15 belə saytdan şikayət gəlib" Son vaxtlar reket jurnalistikasında cap mediadan internet mediaya keçid müşahidə olunmaqdadır. Əvvəllər dövrü mətbuat vasitəsilə reket jurnalistika ilə məşğul olanlar, indi onlayn qəzet açaraq fəaliyyətlərini internet media vasitəsilə davam etdirirlər. Adlarına xəbər agentliyi qoyub xəbərləri peşəkar jurnalistika ilə məşğul olan digər elektron KİV-dən köçürən internet qəzetlərin sayının günü-gündən artması isə, bu sahədə reket jurnalistikasının çiçəklənməsinə gətirib çıxardıb. Bunu media üzrə ekspertlər də təsdiqləyir. Azərbaycanda ilk xəbər portalının yaradıcılarından olan Azər Qaraçənli deyir ki, internet mediada da reket saytlar peyda olub. Onun sözlərinə görə, son vaxtlar yaradılan saytlara nəzər yetirdikdə, həmin elektron KİV-in hansısa qurupların maraqları üçün yaradıldığı aydın hiss olunur: "Belə saytların işi digər KİV-lərin materiallarından istifadə etməklə sayt işlətmək, eyni zamanda hansısa məmur barədə şantaj xarakterli xəbərlər hazırlamaqdır. Əlbəttə, internet medianın müsbət cəhətləri ilə yanaşı mənfi cəhətləri də var. Bu meydandan istifadə edərək reket jurnalistikası  ilə məşğul olanlar özlərinə sayt yaradıb kimlərdənsə pul qopardırlar".
A.Qaraçənli artıq belə saytlarla bağlı Mətbuat Şurasına şikayətlərin daxil olduğunu, həmin şikayətlərə baxıldığını söyləyir: "İnternet media vasitəsilə reket jurnalistikası ilə məşğul olanların kimliyini müəyyənləşdirmək elə də çətin deyil. Çünki onlar domen aldıqda, Rabitə və İnformasiya Texnologiyaları nazirliyi ilə müqavilə bağlayarkən müqavilədə öz fəaliyyətləri barədə məlumat verirlər. Amma fikrimcə, bu cür saytlarla mübarizədə bir qədər təmkinli olmaq lazımdır. Təbii ki, belə saytlarla bağlı Mətbuat Şurası məlumat yayır, onların adı qara siyahıya salınır. Amma elə mübarizə vasitəsi olmalıdır ki, bu fikir, söz azadlığının boğulmasına gətirib çıxartmasın. Hər hansı elektron KİV-də reketçiliyin qarşısını almaq üçün təbii ki, mütləq həmin saytla bağlı şikayət daxil olmalıdır. Belə şikayət olduqda, Mətbuat Şurasında bu şikayətlərə ictimai qınaq  müstəvisində baxılır".
Media üzrə ekspert Rəşid Hacılı isə deyir ki,  internet media oxucularının artması çirkin əməl sahiblərinin indi də, elektron KİV-ə axışmasına gətirib çıxardıb. R. Hacılının sözlərinə görə, nə cap mediada, nə də ki, internet mediada reket jurnalistikanın qarşısını köklü şəkildə almaq mümkün deyil: "Əgər cap mediada buna hardasa nail olmaq şansı varsa, internet mediada bu çox çətindir. Çünki, sayt yaradıb onlayn fəaliyyət göstərən qəzetlər, xəbər saytları xəbəri istənilən məkandan qoya bilir. Onlayn sahədə xəbər yayımını məhdudlaşdırmaq absurd nəticə verir. Odur ki, internet mediada reket jurnalistikanın qarşısını almaq daha çətindir".
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə deyir ki, artıq internet mediada reket jurnalistikanın qarşısını almaq üçün komissiya yaradılıb: "Hazırda rekert jurnalistika çap mediadan elektron KİV-ə keçib. Ayda bir-iki dəfə qəzet çıxardıb reket jurnalistika ilə pul qazananlar, həm çapın xərc tələb etdiyini, həmçinin də qəzetlərinin oxunmadığını görüb üz tutublar internet mediaya. Burada oxucu kütləsinin olduğunu görüb reket fəaliyyətlərini onlayn qəzetlər vasitəsilə davam etdirirlər. Artıq internet mediada reketçiliklə bağlı bizə şikayətlər daxil olur. İndiyədək Şuraya 15 belə saytdan şikayət gəlib. Ona görə də biz Komissiya yaratmışıq. Yəqin ki, həftə sonu onlarla bağlı şikayətlərə komissiyada baxılacaq. Və həmin saytların adları ictimaiyyətə açıqlanacaq".
Ə. Amaşov hazırda cap mediasında olduğu kimi, internet mediada da mətbuatın üz qarası olan reketçiliklə mübarizənin ancaq ictimai qınaq vasitəsilə aparıldığını, belə mətbu orqanların adlarını qara siyahıya salındığını söylədi.         
Sizin Reklam Yeriniz