Əlaqə Arxiv
news Image
2013.02.13
07:02
| A A A
Mağazalar üçün müştəri problemi başlanır
Kreditlə mal götürmək istəyənlər isə mağazalara yox, birbaşa banklara müraciət etməlidirlər

Ölkə bankları əhaliyə satış yerlərində məişət texnikası, elektron cihazlar, mebel və sair əşyaların alınması üçün sərfəli şərtlərlə istehlak kreditləri təklif edirlər. Bu fonda isə mağazalardan alınan məişət əşyalarını miqdarı ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Satış mağazalarının sənədləşdirmə işlərini elə yerindəcə həyata keçirməsi də bu prosesə əlavə təkan verən amillər sırasında idi. Lakin indi vəziyyət dəyişir.

Mağazalarda ən çox sənədləşdirilərək kreditə götürülən məhsullar elektron avadanlıqlardır. Bu siyahıda xüsusilə telefon və kompüterlər üstünlük təşkil edir. Amma bu məhsulları yerindəcə sənədləşdirməklə asanlıqla əldə etmək mümkün olmayacaq. Buna səbəb Mərkəzi Bankın yeni qərarıdır. Qərara əsasən, kredit müqavilələrinin mağazalarda bağlanmasına qadağa qoyulub. Kommersiya banklarının səyyar fəaliyyəti də dayandırılır. Kreditlə mal götürmək istəyənlər isə mağazalara yox, birbaşa banklara müraciət etməlidirlər. Yalnız bundan sonra müştərilər istədiyi məhsulu əldə edə bilərlər. Lakin unutmaz olmaz ki, yerindəcə sənədləşdirmə satışa müsbət təsir göstərən amillərdəndir. Bəzi mağaza sahibləri düşünür ki, qərar prosesi çətinləşdirəcək və alıcıların sayı azalacaq. Alıcılar da yeni qərarı birmənalı qarşılamır. Ekspertlər isə hesab edir ki, Mərkəzi Bankın bu addımı kommersiya banklarının inkişafına yönəlib. Qərar banklar vasitəsilə dövr edən pulun artımına səbəb olacaq. Mərkəzi Bank bu qaydalara əməl etməyən kommersiya banklarına sanksiyalar tətbiq edəcək.

Hesab edilir ki, bütün bunlar həqiqətən də mağazaların müştərilərinin sayını azaldacaq. Lakin yaranmış durumun daha bir mənfi təsiri isə kommresiya banklarının istehlak kreditlərinin faizlərini artıra biləcəyi ilə bağlıdır. Çünki, alıcıların məişət avadanlıqları alınması üçün istehlak kreditləri əldə etmək məqsədilə banklara müraciəti tələbin artmasına rəvac verəcək. Bundan istifadə edən bir sıra bankların isə kredit faizlərini artırmaq niyyətinə düşəcəyinə heç kim təminat ver əbilməz. Sadəcə, əvvəllər belə kreditləşmə bank və mağaza arasında olduğundan tərəfdaşlığı pozmaq üçün banklar buna getmirdilər. İndi isə vəziyyət dəyişir.

Bu mənada hesab edilir ki, əslində, vəziyyətdən ən yaxşı çıxış yollarından biri istehlak kreditlərinin faiz dərəcələri üçün limit həddinin müəyyən olunmasıdır.

Bundan başqa ekspertlərin sözlərinə görə, kredit götürən müştərilən hüquqlarının qorunması istiqamətində də addımlar atılmalıdır. Ümumiyyətlə, bütün dünyada istehlak kreditləri əhalinin bütün təbəqəsinin gündəlik həyatının ayrılmaz bir hissəsinə çevrilib. Bu ölkələrdə istehlak kreditləşməsi proseduru zaman-zaman təkmilləşdirilib. Biznes kreditlərindən fərqli olaraq istehlak kreditləri gəlir əldə etmək üçün yox, insanların istehlak mallarına olan tələbatını ödəmək məqsədi daşıyır. Bu baxımdan istehlak kreditləri götürən müştərilərin hüquqları ayrıca qanunla qorunur. Bu qanun bir qayda olaraq "İstehlak kreditləri haqqında" qanun adlanır. Azərbaycanda mövcud bank qanunvericiliyi kredit təşkilatlarının fəaliyyətlərini tənzimləyir və daha çox onların hüquqlarını qoruyur. Müştərilərin hüquqları isə qanunlardan kənarda qalıb. İstehlakçıların hüquqlarını qoruyan yeganə hüquqi akt - "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun tələbləri bank müştərilərinə şamil edilmir. Buna görə də Azərbaycanda da oxşa qanunun qəbuluna ehtiyac var. Hazırda inkişaf etmiş ölkələrdə istehlak krediti məsələləri ayrıca qanunvericiliklə tənzimlənir. ABŞ-da bu həm federal, həm də ştat səviyyələrində qanunvericiliklə tənzimlənir. "Consumer Credit Protection Act", "Truth in Lending Act", "Fair Credit Reporting Act", "Fair Credit Billing Act", "Equal Credit Opportunity Act", "The Fair Credit Debt Collection Act" kimi sənədlər federal səviyyədə isteklakçıların hüquqlarını qoruyur. Avropa Birliyinin üzv ölkələri üçün milli qanunvericilikdə və istehlak krediti sahəsində 2002/65/EC adlı direktiv qüvvədədir. Böyük Britaniyada istehlak kreditləri 1974-cü ildən "Consumer Credit Act" adlı hüquqi aktla tənzimlənir. MDB ölkələrində də istehlak kreditləri haqqında qanunlar var. Ukrayna, Özbəkistan istehlak kreditləri ayrıca qanunla tənzimlənir. Rusiya da belə qanun fəaliyyət göstərir.
Sizin Reklam Yeriniz