Əlaqə Arxiv
news Image
2013.02.13
07:06
| A A A
Avtomobillərin qiymətini bahalaşdıran səbəblər məlum oldu
Elşad Nəsirov: "Eyni avtomobilin qiymətinin xarici dövlətlərlə müqayisədə baha başa gəlməsi vergilər, gömrük xidmətlərilə əlaqədardır" Rüfət Bağırov: "Nəqliyyat xərclərilə bağlıdır"

Yaşar Əsədov: "Belə vəziyyət ölkəmizin qonşu ölkələrə nisbətən daha zəngin ölkə olması və burada imkanların daha çox olması ilə bağlıdır"

Azərbaycanda avtomobillərin sayı günü-gündən artır. Artıq ölkədə 1,32 milyondan çox avtomobil var ki, onun da böyük qismi Bakı şəhərində cəmləşib. Ölkə müxtəlif tanınmış xarici firmaların avtomobillərilə zəngindir. Bununla yanaşı Azərbaycanda eyni avtomobilin qiyməti xarici ölkələrlə müqayisədə baha başa gəlir. Görəsən, bu məqam nə ilə bağlıdır?

"Hyundai" şirkətinin marketinq şöbəsinin rəhbəri Elşad Nəsirov avtomobil satışının Azərbaycanda baha olmasını əsasən vergi yükünün ağırlığında gördü: "Ölkəmizdə eyni avtomobilin qiymətinin xarici dövlətlərlə müqayisədə baha başa gəlməsi vergilər, gömrük xidmətlərilə əlaqədardır. Həmçinin əmək haqları, digər xərclər də var ki, avtomobilin qiymətinin ölkəmizdə baha başa gəlməsinə rəvac verir. Bunları nəzərə alanda görürük ki, ölkəmizdə bəzən avtomobillərin qiymətləri digər ölkələrlə müqayisədə baha başa gəlir".

"Toyota" Şirkətlər qrupunun əməkdaşı Rüfət Bağırov isə bildirdi ki, Azərbaycanda avtomobillərin başqa ölkələrlə müqayisədə baha olması nəqliyyat xərclərilə bağlıdır.

İqtisadçı ekspert Yaşar Əsədov isə bildirdi ki, Azərbaycanda satılan avtomobillərin baha başa gəlməsi bir sıra amillərdən asılıdır: "Azərbaycanda avtomobilin qiymətinin başqa dövlətlərə nisbətən yüksək olmasının bir sıra səbəbləri var. Birinci növbədə bu qiymət bahalığı ölkədəki vergi siyasətilə bağlıdır. İkinci bir tərəfdən, belə bir iqtisadi qanun var, benzin ucuz olan ölkədə avtomobilin qiymətləri baha olur. Avtomobillərin qiyməti məsələsi həm də gömrük siyasətindən asılıdır. Maraqlısı odur ki, Gürcüstanla müqayisədə Azərbaycanda avtomobillərin qiyməti təxminən 25-30 faiz baha başa gəlsə də, ölkəmizdə şəxsi avtomobillərin sayı qonşu ölkə ilə müqayisədə daha sürətlə artır. Bu, bir paradoksdur. Belə vəziyyət isə ölkəmizin qonşu ölkələrə nisbətən daha zəngin ölkə olması və burada imkanların daha çox olması ilə bağlıdır. Xaricdən gətirilən avtomobilə qoyulan verginin yüksək olması siyasəti, hansısa malın idxalında yüksək rüsumların tətbiqi hardasa onunla izah oluna bilər ki, dövlət ölkəmizdə onların sayının artmasında maraqlı deyil. Amma əslində bu izahla razılaşmaq olmaz. Çünki hökumət Azərbaycanda getdikcə əhalinin rifah halının daha da yüksəlməsini qarşıya məqsəd qoyub. Avtomobilə sahib olmaq isə həmin rifahı təcəssüm etdirən komponentlərdən biridir, rifah halını avtomobilsiz təsəvvür etmək mümkünsüzdür".
Sizin Reklam Yeriniz