"Daxili işlər naziri gündə mənə məlumat verəcək. Avtoxuliqan, özünü apara bilməyən, ictimai asayişi pozan, qanunlara əməl etməyən, adət-ənənələrimizi yerə vuran hər bir kəs cəzalandırılacaq" - fevralın 12-də regionların sosial-iqtisadi inkişafı problemlərinə dair konfransda danışan prezident İlham Əliyev belə deyib.
Yekun nitqində dövlət başçısı bir neçə il əvvəl maşınların hamısının plyonkalarının sökülməsinə göstəriş verdiyini xatırladıb: "Özüm demişəm ki, mən prezidentəm, mənim maşınımda plyonka yoxdur. Hansısa üçüncü, dördüncü dərəcəli məmurun maşınını plyonka ilə bağlayırlar. Kimdən gizlənirlər?! Ya qorxurlar ki, kimsə onları görəcək?! İndi camaat onları görsə nə olar? Əriyərlər onlar?! Nə olacaq?!
Mən demişəm, o vaxt tədbirlər görüldü, söküldü. Mənə, bu gün səhər buraya gəlməzdən əvvəl maraqlanırdım, daxili işlər naziri deyir ki, təkcə keçən il 24 min plyonka sökülüb. Bu 24 min adamın qulağı yoxdur?! Onlar eşitmir ki, mən nə deyirəm?! Yaxud da ki, onların yadından çıxır?! Bu bəlkə də o qədər də böyük məsələ deyil. Amma bir göstəricidir. Bu nə ayrı-seçkilikdir cəmiyyətdə?! Sənin vəzifən var, pulun var, sən özünü fərqləndirirsən?! Sən get özünü öz işinlə, öz əməlinlə, ağlınla, ölkəyə verilən töhfə ilə fərqləndir, plyonka ilə, bahalı əşyalarla yox! Ona görə mən deyirəm, - bu gün də daxili işlər nazirinə dedim, - bir də eşitsəm, bilsəm ki, plyonkalı maşın var, o maşın müsadirə edilməlidir. İndi bilmirəm, burada, qanunvericilikdə hansı düzəlişlər etmək lazımdır, onu edərik. Belə olmaz! Harınlayırlar, qudururlar, heç kimi saymırlar!"
Dövlət başçısı şəhər küçələrini yarış meydanına çevirənlərin həbs ediləcəyini bildirib: "Daxili işlər naziri gündə mənə məlumat verəcək. Avtoxuliqan, özünü apara bilməyən, ictimai asayişi pozan, qanunlara əməl etməyən, adət-ənənələrimizi yerə vuran hər bir kəs cəzalandırılacaq. Onu hamı bilsin! Mən hesab edirdim ki, bu barədə bir neçə dəfə dediyim sözlər hamıya çatdı. Amma görürəm ki, sonra unudulur. Bu, son xəbərdarlıqdır. Cəmiyyətdə normal davranış qaydaları var, olmalıdır. Bizi millət kimi saxlayan bizim ənənələrimizdir, adətimizdir, davranış qaydalarıdır. İndi bunu pozmaq istəyənlər öz cəzasını alacaqlar".