Qarşıdan gələn prezident seçkilərinə təkcə Azərbaycan daxilində yox, beynəlxalq miqyasda da diqqət kifayət qədər böyükdür. Ölkədə siyasi qüvvələr nisbətini araşdıran əcnəbi analitiklər də bildirir ki, seçkilərə qatılacağı təqdirdə indiki dövlət başçısı İlham Əliyevin yenidən prezident olacağı şübhəsizdir. Çünki o, hazırda ölkəsində alternativsiz lider və böyük nüfuz sahibidir.
Türkiyənin "Zaman" qəzeti də yazır ki, 2013-cü ilin oktyabrında Azərbaycanda keçiriləcək seçkilərdə indiki prezident İlham Əliyevin üçüncü dəfə prezidentliyə namizəd olacağı gözlənilir. Yeni Azərbaycan Partiyası üzvləri İlham Əliyevin namizədliyini dəstəklədiklərini ifadə edirlər. Azərbaycanın tarazlaşdırılmış siyasətini Heydər Əliyevdən qəbul edən İlham Əliyev bütün ölkələrlə eyni məsafədə əlaqə qurmağa üstünlük verir.
Daha sonr aqəzet yazır ki, 2013-cü il seçkilərində İlham Əliyevin ən şanslı namizəddir: "Xatırlatmaq lazım gəlir ki, 2003-cü ildə keçirilən seçkilərdə İsa Qəmbər namizəd olub, ancaq İlham Əliyevə məğlub olub. Bununla birlikdə, müstəqillik dövründə yaradılmış partiyaların liderlərinin də seçkilərə qatılması gözlənilir. Bunlar fərqli siyasətə sahib olan "Ədalət və İnkişaf" blokundan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, REAL Hərəkatının lideri İlqar Məmmədovdur. Fevralın 4-də İsmayıllıda baş verən hadisələrdə təqsirləndirilərək həbs edilən İ.Məmmədov fevralın 5-də REAL Hərəkatı tərəfindən rəsmən prezidentliyə namizəd olaraq göstərilib. Bu siyasətçilərdən başqa Əbülfəz Elçibəydən miras qalan AXCP -nin lideri Əli Kərimlinin də namizəd olacağı gözlənilir".
Lakin istənilən halda bu gün Azərbaycan siyasi mühitində ölkə başçısına alternativ ola biləcək ikinci bir güclü siyasətçi, siyasi lider, rəqib namizəd yoxdur. Müxalifətin, onun radikal kəsiminin vahid namizəd axtarışı isə əksər analitiklərə görə bu dəfə də alınmayacaq və hətta, alınsa belə, ölkədəki ictimai-siyasi proseslərə heç bir halda ciddi təsir göstərməyəcək. Çünki, radikal, barışmaz müxalifət liderləri bu günə qədər bir addım olsun belə, öz iddialarından, ambisiyalarından geri çəkilməyiblər. Üzdə "müttəfiqlik" görüntsü yaratmağa çalışsalar da, fürsət düşdükcə daim biri-birilərini sıradan çıxarmağa, siyasi səhnədən uzaqlaşdırmağa cəhd göstəriblər.
Hər biri ancaq özünü vahid namizəd, prezidentliyə əsl namizəd olaraq görüb və nəticə də göz qabağındadır. Onu da bildirək ki, hakim partiya seçkilər yaxınlaşan ərəfədə növbəti qurultayını keçirərək, prezidentliyə namizədini rəsmiləşdirəcək.
Lakin artıq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Azərbaycan prezidentliyinə seçkilərdə İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı qərar qəbul edib. 10 yaşı tamam olan Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyəti ölkə Prezidenti İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb. Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin 10 illik yubiley tədbirində qurumun rəhbəri, millət vəkili Eldar İbrahimovun bildirdiyinə görə, ilk olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ölkə Prezidentini namizədliyini irəli sürüb: "Biz də onların bu qərarını yüksək qiymətləndiririk. Eyni zamanda, Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyəti olaraq, belə hesab edir ki, Azərbaycanın inkişafında, ölkəmizin dünya səviyyəsinə çıxmasında Prezident İlham Əliyevin xidmətləri misilsizdir. Azərbaycan Prezidenti İlham Əliyevin alternativi yoxdur. Odur ki, biz də bir cəmiyyət olaraq, növbəti seçkilərdə İlham Əliyevin namizədliyini irəli sürür və onu dəstəkləyirik".
Yeni Azərbaycan Partiyasının Sədr müavini - icra katibi Əli Əhmədov isə bundan öncə bildirib ki, ölkə qanunvericiliyinə görə seçki kampaniyası seçkilərin keçirilməsinə iki ay qalmış başlayır: "Namizədin rəsmi şəkildə irəli sürülməsi də o dövrdə başlayır. O ki qaldı YAP-ın qarşıdan gələn prezident seçkilərində namizədi ilə bağlı rəsmi mövqeyinə, bu barədə dəfələrlə ən aydın şəkildə münasibətlər bildirilib. Cəmiyyətdə və partiyamızda qarşıdan gələn seçkilərdə namizədlə bağlı fərqli mövqe yoxdur. YAP-ın 600 min üzvünün hər biri üçün qarşıdan gələn prezident seçkilərində yeganə namizəd İlham Əliyevdir. Amma bizim düşüncəmiz ondan ibarətdir ki, YAP-ın namizədi eyni zamanda Azərbaycan cəmiyyətinin mütləq əksəriyyətinin qəbul etdiyi namizəddir. Bu mənada hesab edirəm ki qarşıdan gələn seçkilərdə Azərbaycan xalqının böyük hissəsi İlham Əliyevi seçəcək. Müxalifət düşərgəsindən isə bəzi adamlar tərəfindən bununla bağlı bəyanatların səsləndirilməsi onların siyasi sərişt əsizliyindən xəbər verir".