Əlaqə Arxiv
news Image
2013.02.19
07:58
| A A A
Azərbaycan ilk peykindən 600 milyon dollara qədər gəlir götürəcək
Telekommunikasiya peykinin istismara verilməsi ölkəmizin nüfuzunu daha da yüksəldir

Yeni yüzillikdə istənilən ölkə və cəmiyyətin dinamik tərəqqisini şərtləndirən, fundamental əhəmiyyətə malik əsas məqamlardan biri də informasiya-kommunikasiya texnologiyaları (İKT) ilə bağlıdır.

İKT-nin nailiyyətlərindən yararlanmadan, innovativ texnologiyaların tətbiqini həyata keçirmədən bu gün təhsildən səhiyyəyə, idarəetmədən biznesə, iqtisadiyyatdan ən müasir infrastruktura kimi geniş bir spektri əhatə edən sferalar üzrə sürətli, zamanın çağrışlarına adekvat inkişafından danışmaq mümkünsüzdür.

Sözügedən kontekstdə təqdirəlayiq haldır ki, ölkəmizdə yüksək texnoloji tutumlu və yüksək rəqabətli iqtisadiyyatın qurulmasında İKT-nin rolu davamlı surətdə genişlənir. Bunun məntiqi nəticəsidir ki, İKT-nin yüksək səviyyədə tətbiqnin ən ali göstəricisi sayılan kosmik sənayenin yaradılması da Azərbaycanın dinamik tərəqqisini xarakterizə edən əsas nüanslardan birinə çevrilib. Bu xüsusda ayrıca qeyd etmək lazım gəlir ki, fevral ayının əvvəli Azərbaycan üçün ilk peykin istismara verilməsi ilə yadda qalıb. Məlumdur ki, peyk sistemlərinin yaradılması, telekommunikasiya peykinin istismara verilməsi öz növbəsində Azərbaycanın nüfuzuna də müsbət təsirini göstərir. Belə ki, hazırda Azərbaycan MDB regionunda telekommunikasiya peykinə sahib olan 3 ölkədən biri, Qafqaz regionunda isə ilk peykə sahib ölkədir. Peykin istehsalı və orbitə çıxarılması ilə əlaqədar bütün proseslərdə 10-dan çox inkişaf edən dünya ölkəsi ilə yüksək səviyyəli əməkdaşlıq edilib ki, bu da bir daha Azərbaycanın etibarlı tərəfdaş kimi imicini möhkəmləndirir.

"Azərkosmos" ASC-nin İdarə Heyətinin sədri Rəşad Nəbiyev məsələnin iqtisadi tərəflərinin də xüsuvsi önəm daşıdığını qeyd edir: "Peyk layihəsinin iqtisadi cəhətdən səmərəli olmasına gəldikdə isə, son illərin tendensiyası göstərir ki, innovativ və texnoloji cəhətdən inkişaf etmiş peyk sənayesi dünya üzrə ən səmərəli və gəlirli biznes sahələrindən birinə çevrilmişdir. Avropa Peyk Operatorları Assosiasiyasının məlumatlarına əsasən peyk sənayesinə yatırılan hər 1 avro dövlət vəsaiti birbaşa və ya dolayı formada 47 avro gəlir gətirir. Peyk Sənayesi Assosiasiyasının təqdim etdiyi statistikaya əsasən 2011-ci ildə dünya üzrə peyk sənayesinin gəlirləri 177,3 milyard ABŞ dolları olub. Son 5 ildə Dünya Peyk Sənayesinin Gəlirləri davamlı olaraq artmışdır və bu artım dünya maliyyə böhranına rəğmən hər il orta hesabla 9 faiz təşkil edib. Bir çox ölkələr və iri transmilli şirkətlər məhz mənfəət əldə etmək üçün bu sahəyə milyardlarla dollar məbləğində investisiyalar qoyurlar. Dünyada çoxsaylı peyklərə malik ölkələr və şirkətlər çoxdur. Ancaq, son illərdə bütün qitələrdə regional müstəvidə fəaliyyət göstərən operatorların çoxalması tendensiyası müşahidə olunmaqdadır. "Azərkosmos" kimi regional operatorların çoxalma tendensiyası və gəlir əldə edərək uğur qazanması müştərilərə coğrafi yaxınlıq, dil faktoru üstünlüyü, biznesin idarə olumasının çevikliyi, iri şirkətlərin diqqət mərkəzində olmayan bölgələrdə peyk xidmətlərinə yaranan tələbatın aktuallaşması və sair bu kimi amillərlə bağlıdır".

O, "İnterfaks-Azərbaycan" agentliyinə açıqlamasında bildirib ki, "Azerspace-1" peyki layihəsinin ümumi dəyəri 233 milyon ABŞ dolları təşkil edir: "Bu məbləğin 121,7 milyon ABŞ dolları peykin hazırlanmasına, 93,8 milyon dolları peykin orbitə çıxarılmasına, 17,5 milyon ABŞ dolları isə peykin orbitə buraxılması və orbitdə birillik istismarının sığortası və sığorta haqqının sığortasına sərf olunmuşdur. Yəni, layihənin dəyəri yalnız peykin istehsalını əhatə etmir, eyni zamanda peykin orbitə buraxılma xidmətlərini və sığorta xərclərini ehtiva edir.

Peykin hazırlanmasına sərf olunan 121,7 milyon ABŞ dollarındakı məbləğə təkcə peykin istehsalı deyil, əlaqədar yerüstü avadanlığın quraşdırılması və həmçinin kadrların hazırlanması kimi layihə ilə əlaqədar digər xərclər də daxildir. Peykin orbitə çıxarılması üçün isə qiymət beynəlxalq praktikaya uyğun olaraq, çəkiyə görə hər kiloqram üzrə hesablanır.

"Azerspace-1" peykinin orbitə buraxılmasının maliyyələşdirilməsi üçün Azərbaycan Respublikası büdcəsindən yalnız 15% vəsait ayrılıb, qalan məbləğ isə mötəbər maliyyə qurumlarla əməkdaşlıq əsasında əldə olunan xarici kreditlər hesabına təmin edilib. Təsadüfi deyil ki, peykin orbitə buraxılmasının maliyyələşdirilməsi ilə əlaqədar əldə olunan kreditə dair saziş "GTR: Ticarət və Maliyyə Xəbərləri" jurnalı tərəfindən "2011-ci il üzrə ən yaxşı maliyyə sazişləri" sırasına daxil edilib. Əlamətdar haldır ki, "Azerspace-1" peykinin sığortalanması üzrə 1999-cu ildən bu günədək kosmik sığorta bazarında qeydə alınan ən aşağı və əlverişli sığorta tarifinin əldə edilməsinə nail olunub. "Azərspace-1" peykinin gəlirlərinin 15 illik istismar müddəti ərzində təqribən 500-600 milyon ABŞ dolları təşkil edəcəyi gözlənilir".

Xatırladaq ki, hələ peyk buraxılmamış peykin tutumlarının 40%-i artıq uzunmüddətli icarə razılaşması əsasında Malayziyanın peyk operatoru olan "MEASAT" şirkətinə satılıb. Məlumdur ki, Azərbaycanın daxili ehtiyacları üçün peykin tutumlarının yalnız 20%-nə ehtiyac var, tutumların qalan hissəsi üzrə isə xarici bazarlarda satış imkanlarına dair araşdırmalar aparılıb, təkliflər qəbul edilib və bir çox ilkin razılaşmalar əldə olunub.

Onu da bildirək ki, "Azerspace-1" peyki 2013-cü ilin əvvəlində orbitə buraxılandan sonra Naxçıvan MR-in ərazisi də daxil olmaqla Azərbaycanın bütün ərazisində keyfiyyətli televiziya və radioyayımı, o cümlədən sürətli IP xidmətlərin göstərilməsi təmin ediləcək, ötürülən məlumatlara daha yaxşı nəzarət ediləcək, məsafədən təhsil və elektron səhiyyə kimi digər proqramlar üçün platforma yaradılacaq, yerüstü fiber-optik şəbəkənin zədələndiyi hallarda rabitə problemlərinin aradan qaldırılması üçün səmərəli və sürətli həll yolu olacaq, habelə rabitənin təhlükəsizliyinin təmin edilməsi üçün müasir şifrələmə texnologiyası ilə mühafizə olunan rabitə qurulacaq.
Sizin Reklam Yeriniz