Azərbaycanın iqtisadi cəhətdən inkişaf etməsi heç şübhəsiz xarici miqrantları da bura cəlb edir. Bunun nəticəsidir ki, ölkəmizə gələn miqrantların sayı durmadan artır. Bu miqrantlar arasında isə əmək miqrantları üstünlük təşkil edir. Bir sıra ölkələrdə miqrantlar topa şəkildə "rezin evlər" deyilən mənzillərdə məskunlaşırlar.
Yəni bir otaqda normada nəzərdə tutulduğundan çox adam qalır. Azərbaycanda da bəzən eyni otaqda çoxlu sayda miqrantın qalmasına dair vaxtaşırı məlumatlara rast gəlmək mümkündür.
Hazırda ölkəmizdə 400 minə qədər miqrant məskunlaşıb ki, onların da böyük əksəriyyəti əmək miqrantlarıdır və qeydiyyata düşüblər. Azərbaycana Gürcüstan, Əfqanıstan, Türkiyə, Pakistan və s. ölkələrdən miqrantlar cəlb olunub. Təbii ki, onlar arasında qeyri-qanuni yaşayanlar da var.
Görəsən ölkəmizdə "rezin evlər"lə bağlı hallar araşdırılırmı? Bu proses nə kimi təhlükə törədə bilər və onun qarşısı alınırmı?
Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov indilikdə ölkəmizdə "rezin evlər" texnologiyasından istifadə olunmadığını diqqətə çatdırdı: "Müxtəlif ölkələrdən Azərbaycana gələn miqrantlar, xüsusən də Gürcüstandan gələnlər burada qohum-əqrabasının evində qeydiyyata düşürlər. Çox zaman onlar bir yerdə yox, müxtəlif qohum-əqrabalarının evində qeydiyyata düşməklə düzgün dövlət texnologiyasında istifadə etmirlər. Türkiyədən ölkəmizə gələn insanların böyük əksəriyyəti burada əmək fəaliyyətilə məşğul olurlar. Burada onlar iş verən qurumlar tərəfindən evlə də təmin olunurlar. Onların qanuni əsaslarla yaşamaları üçün müəyyən prosedur qaydaları həmin iş verən qurumlar tərəfindən icra olunur. Eyni vəziyyət neft sənayesində fəaliyyət göstərən və əcnəbi mütəxəssis olan əmək miqrantlarının xidmətlərindən istifadə edən müxtəlif qurumlara da aiddir. Azərbaycanda məskunlaşan əmək miqrantlarının böyük əksəriyyəti məhz bu yollarla ölkəmizdə qeydiyyata düşüb, burada əmək fəaliyyətilə məşğul olurlar. Yəni ölkəmizdə "rezin evlər" texnologiyasından demək olar ki, istifadə olunmur. Bunun üçün Azərbaycanda münbit şəraitdə yoxdur. Adətən "rezin evlər" texnologiyasından iri meqopolislərdə, məsələn, Moskva kimi şəhərlərdə istifadə olunur. Bu şəhərdə bildiyimiz kimi, böyük sayda miqrant axını var. Onların da böyük əksəriyyəti bu və ya digər formada, həm də hansısa vasitəçi şirkətlər vasitəsilə qeydiyyata düşürlər. Həmin vasitəçi şirkətlər isə qeydiyyat məsələsini yüngülləşdirilmiş formada həyata keçirmək üçün bir neçə ünvan seçib həmin insanları ora daxil edirlər. Vaxtilə şahidi olmuşdum ki, Azərbaycandan Rusiyaya gedən əmək miqrantların böyük əksəriyyəti mehmanxanalar tərəfindən qeydiyyata alınırdı. Onlar mehmanxanada hansısa otağı icarəyə götürməklə illərlə kompakt şəkildə yaşayırdılar. Həmin mehmanxanalarda da əmək miqrantlarına münasibətdə "yarım rezin ev" texnologiyası tətbiq olunurdu. Sonradan Moskvaya axının güclənməsilə hüquq-mühafizə orqanları tərəfindən mehmanxanalar üzərinə nəzarət də gücləndirildi. Belə olanda isə əmək miqrantlarını qəbul edən firmalar "rezin evlərə" üz tutdular. Adətən həmin evlər bir firma tərəfindən icarəyə götürülüb, daim onun nəzarətində olurdu. Bundan sonra isə ora bir neçə nəfər əmək miqrantı qeydiyyata düşürdü. Bununla da miqrantın qeydiyyat məsələsi öz həllini tapırdı". Həmsöhbətğimiz həmçinin vurğuladı ki, Azərbaycanda "rezin evlər" texnologiyasının geniş şəkildə tətbiqinə elə də ehtiyac yoxdur: "Çünki ölkəmizdə miqrant axını Moskva və Rusiyanın digər şəhərlərində olduğu kimi deyil. Lakin nə zamansa ölkəmizə də güclü miqrant axını baş verərsə, bu tipli texnologiyalardan istifadə oluna bilər. Belə olduqda isə hüquq-mühafizə orqanları vaxtlı-vaxtında bu cəhdlərin qarşısını almalıdır. Ən azından ona görə ki, qeydiyyat prosesi qanuni baş versə də, burada bir saxtakarlıq var. Yəni insan yaşamadığı ünvanda qeydiyyata düşür. Sonra ölkə ərazisində onun hərəkəti müvafiq qurumların diqqət mərkəzindən kənarda qalır. Bu tip xoşagəlməz hadisələrin baş verməməsi üçün müvafiq icra strukturları miqrantlarla bağlı daha müfəssəl məlumat almaları ilə miqrasiya, xüsusən də əmək miqrasiyasının idarə olunmasına birbaşa töhvə vermiş olarlar".