Vüqar Bayramov: "Sənədsiz evlərin inventar dəyəri hesablanmadığı üçün əmlak vergisinə də cəlb edilmir"
Məlumdur ki, hazırda Azərbaycanda xeyli sayda sənədsiz evlər var. Bunlar əsasən Bakıətrafı ərazilərdə yerləşib. Ümumiyyətlə, Bakı və Bakıətrafı qəsəbələrdə yarım milyona qədər sənədsiz evlərin olduğu bildirilir. Diqqət çəkən məqam ondan ibarətdir ki, həmin sənədsiz evlərin sahibləri kommunal xidmət haqqı ödəsələr də, əmlak vergisi vermirlər. Təbii ki, bu da ilk öncə dövlət və sonra da bələdiyyələrin büdcəsinə ediləcək ödəmələrdə yayınmalara yol açır.
Çünki, əmlak vergisi yerli bələdiyyələr tərəfindən yığılır. Həm də qanunvericiliyə görə, yığılan əmlak vergisinin məbləği evin inventar dəyərindən (bu dəyər 5000 manatadək olduqda vergi tutulmur) 0,1 faizlə tutulur. Elə ekspertlər də əmlak vergisinin yığılmasında olan problemin səbəbi kimi evin inventar dəyərinin hesablana bilməməsində görürlər. Bu səbəblə yanaşı, burada bələdiyyələrin işlərini layiqincə yerinə yetirməməkdə günahlandıran ekspertlər də var.
"MBA Group" konsaltinq şirkətinin direktoru, iqtisadçı ekspert Nüsrət İbrahimovun sözlərinə görə, ümumiyyətlə, Azərbaycanda 90% mülkiyyətçilər əmlak vergisi ödəmirlər: "Ona görə yox ki, onlar bunu istəmirlər. Sadəcə olaraq əmlak vergisini yığan təşkilatlar öz vəzifələrini layiqincə yerinə yetirmirlər. Yaşayış məntəqələri bələdiyyələrin mülkiyyəti sayılır. Həmin vergini də yerli bələdiyyələr yığmalıdırlar. Yerli bələdiyyələr bazar dəyəri əmlakı qiymətləndirib onun dəyərinin 0.1 faizi ilə ildə bir dəfə əmlak vergisinə cəlb etməlidirlər. Amma onlar öz vəzifələrini ya bilmirlər, ya da ki, yerinə yetirə bilmirlər. Buna görə yığılmır".
Ekspertin sözlərinə görə, evlərin sənədi olmasa da, onlardan əmlak vergisi almaq olar: "Əgər kimsə ev tikibsə və orda yaşayırsa, onun sənədinin olub-olmaması mütləq deyil. Həmin əmlak orda yerləşirsə və bələdiyyənin ərazisindən, xidmətindən istifadə edirsə, əmlak vergisini verməlidir. Çünki, verginin təyinatı var. Təyinatı odur ki, həmin yaşayış məntəqələrində ümumi istifadə olan ərazilərin texniki vəziyyəti, ekoloji durumu, abadlaşdırılması işi yerli bələdiyyələrin üzərinə düşür. Onu da yığdığı əmlak vergisi ilə etməlidir".
Nüsrət İbrahimov bildirir ki, qanunun icrasına nəzarət edilməlidir: "Bələdiyyələrə də nəzarət Ədliyyə Nazirliyinə tapşırılıb. Sadəcə olaraq bunun icrasına nəzarəti gücləndirmək və bu istiqamətdə bələdiyyələrin işlərini fəallaşdırmağa məcbur etmək lazımdır. Bələdiyyələrin üzərinə vəzifə qoyulubsa, onlara hüquq da verilib. Hüquqdan istifadə edib, nəzarəti gücləndirərək vəzifələrini icra etməlidirlər".
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, Vergi Məcəlləsinə əsasən bütün mənzillər əmlak vergisinə cəlb edilməlidir: "Amma bir sıra hallarda sənədsiz evləri əmlak vergisinə cəlb etmək mümkün olmur. Düzdür, vergi qanunvericiliyə əsasən 5 min manata qədər olan evlərdən əmlak vergisi tutulmur. Amma dəyəri 5000 manatdan artıq olan evlərdən inventar dəyərin 0.1 faizi həcmində əmlak vergisi tutulur. Praktiki olaraq nəzərə alsaq ki, Bakı ətrafındakı evlərin hamısının inventar dəyəri 5 min manatdan artıqdır. O, baxımdan əslində bu evlərin hamısının əmlak vergisinə cəlb edilməsi vacibdir".
Ekspertin sözlərinə görə, əmlak vergisinə cəlb edilməməsinin səbəbi onunla bağlıdır ki, həmin evlərin rəsmi sənədi olmadığından onların inventar dəyərini hesablamaq mümkün olmur: "Çünki, Azərbaycan qanunvericiliyinə əsasən, inventar dəyərin hesablanması mənzilin rəsmi sənədlərinə əsasən həyata keçirilir. Sənədsiz evlərin inventar dəyəri hesablanmadığı üçün, əmlak vergisinə də cəlb edilmir. Əmlak vergisi də konkret rəqəmdən ibarət olmur. Ona görə də daha məqsədəuyğundur ki, bütövlükdə sənədsiz evlərin rəsmiləşdirilməsi həyata keçirilsin. Çünki, evlərin rəsmiləşdirilməməyi ona gətirib çıxarır ki, onların bir qismi əmlak vergisi ödəmir və dövlət büdcəsindən yayınmalar olur. Nəzərə alsaq ki, sənədsiz evlərin rəsiləşdirilməsi ilə bağlı ölkə başçısının 2011 - ci ildə göstərişi olub və parlamentdə müvafiq qanun lahiyəsi hazırlanır. İndiki mərhələdə isə yalnız kiçik dövlət rüsumu ödənilməklə sənədlərin verilməsi vacibdir. Sənədləşdirmə də dövlət büdcəsinə olan ödənişləri artıracaq. Bundan başqa, bələdiyyələrin də büdcəsi artacaq. Digər tərədən ev sahibləri ilə yerli icra orqanları arasında münasibətlərin sivil səviyyədə həyata keçirilməsinə səbəb olacaq".
Qaradağ rayonu Sahil qəsəbəsi Vergi şöbəsinin rəisi İnqilab Nəcəfov isə məsəəl ilə bağlı bildirir: "Əmlakın inventar dəyəri hesablanmalıdır. İnventar dəyərindən 5 min manat, yəni vergi tutulmayan məbləğ çıxılır. Qalan hissəsinin 0.1 faizi vergi verməlidir. Torpaq vergisi də həyətyanı sahələrdə 1 sot 60 qəpikdən olmaqla hesablanır. Sənədsiz evlərdə isə əmlak vergisi verilmir. Bu sahədə qanunvericilikdə boşluq var. Ona görə vermirlər. Əslində, sənədsiz evlər də əmlak vergisi verməlidirlər".
Onu da qeyd edək ki, sənədsiz evlərdən əmlak verginin yığılmaması hər il büdcəyə on milyonlarla manat vəsaitin daxil olmasına imkan vermir.