Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il yanvar ayının 1-i vəziyyətinə Azərbaycanın bank-kredittəşkilatları tərəfindən iqtisadiyyatın inkişafına 12,7 milyard manathəcmində kredit vəsaitləri yönəldilib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 27% çoxdur. Verilmiş kreditlərin 8,8 milyard manatını uzunmüddətli, 3,9 milyard manatını qısamüddətli, 748,8 milyon manatını isə ödənilmə vaxtı keçmiş kreditlər təşkil edib.
Ötən ilin eyni dövrünə nisbətən uzunmüddətli kreditlərin həcmi 27,5%, qısamüddətli kreditlərin həcmi 25,8%, problemli kreditlərin həcmi isə 18,1% artıb. Artım tendensiyasını nəzərə alaraq bəzi iqtisadçılar yaxın 2 il ərzində Azərbaycanda problemli kreditlərin həcminin 1 milyard manatı keçəcəyini proqnozlaşdırırlar. Amma problemli kreditlərin həcminin bu həddə çatmasının mümkünsüzlüyünü də iddia edənlər var.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyevin fikrincə, Azərbaycanda 2 ildən sonra problemli kreditlərin həcmi 1 milyard manata çatsa belə, qorxul sayıla bilməz": "Çünki, 2012 - ci ilin sonuna olan məlumata görə, Azərbaycanda verilmiş kreditlərin həcmi 12 milyard 720 milyon manatdır. Hazırda isə vaxtı keçmiş borcların həcmi isə 748.8 milyon manat təşkil edir. Problemli kreditlərin həcmi ümumi portfel həcminin 10%-i təşkil edərsə, "qırmızı xətti" keçmiş olur. Ondan sonrakı hədd həyacanlı duruma gətirib çıxarır. Bu gün vaxtı keçmiş borcların həcmi ümumi portfelin 6 faizi civarındadır. Bu da idarəolunan sayılır. Problemli kreditlərin də bir hissəsi sadəcə, gecikmələrdən ibarətdir. Hesabatda gecikmələr problemli kredit kimi göstərilir. Ona görə bu da ümumi problemli kreditlərin həcminin böyük olmasına təsir edir".
Ekspert bildirdi ki, son dövrlər problemli kreditlərin azaldılması üçün işlər görülür: "İşlər nəticəsində artıq bu sahədə "yumşalma" gedir. Bu gün bankların nəzdində müəyyən fondlar yaradılıb. Həmin fondlar bankların gəlirləri hesabına formalaşır ki, ümidsiz kreditlər silinsin. Digər məsələ ondan ibarətdir ki, bank sektorunda risklərin azaldılması istiqamətində kreditlərin ayrılması ilə bağlı işlərə daha həssas yanaşırlar. Odur ki, aparılan işlər gələcəkdə problemli kreditlərin o həcmdə artacağının əsassız olduğunu sübut etməkdədir".
Digər iqtisadçı Natiq Cəfərli bildirir ki, problemli kreditlərin yaranma səbəbləri bütün dünyada eynidir: "Səbəb də odur ki, banklarda kredit menecmenti, risklərin hesablanması zəifdir. Kredit menecmentinin kökündən dəyişdirilməsi lazımdır. Banklar, necə olursa-olsun müştəri cəlb etmək istəyirlər. Amma sonradan ortalığa problemlər çıxdıqda aydın olur ki, kredit menecmenti çox zəifdir. İkinci əsas problemlərdən biri odur ki, insanlar öz gəlirləri ilə götürdükləri kreditlər arasında bağlantı qura bilmirlər. Yüksək gəlirli insanlar öz gəlirlərini düzgün bölüşdürə bilmədiklərindən, bir bankdan bir neçə növ kredit götürməyə can atırlar. Sonradan isə gəlirlərində azalma baş verdikdə ödənişlərində ciddi sıxıntılar yaranır. Odur ki, kredit götürəndə müştərilərin özlərinin müəyyən planları olmalıdır. Üçüncü mühüm problem məlumatsızlıqdır. Banklarla müştəri arsında müqavilə, həmişə bankların xeyrinə tərtib olunur. Müştərilərin isə nə hüquqi, nə də iqtisadi bilgisi o səviyyədə deyil ki, onu başa düşsün. Həm də tezliklə bu kreditləri almaq istədiklərindən müqavilələri oxumadan, tez imzalamağa çalışırlar. Sonradan, müştərinin kredit qaytarmasında problemlər yaranarkən, müqavilələrə yenidən baxılmaq əvəzinə, müştərinin üzərinə yüklənməklə, onun kredit öhdəliklərini yerinə yetirməməyi əsas gətirərək, ona xidməti dayandırırlar. Sanksiyaların tətbiq olunmasına çalışırlar. Bu isə problemli kreditlərin sürətlə artması ilə nəticələnir. Halbuki, xarici praktikada belə problemlər olarsa, banklar müqavilələrə yenidən baxır".
Ekspertin sözlərinə görə, ümumiyyətlə, dünyada təhlükəli hədd, təqribən 3 %-ə yaxın sayılır: "Ümumi kredit portfelinin 3%-ə yaxını geri qaytarılmaz həddə çatıbsa, deməli, bank sferasında ciddi problemlər var. Biz isə artıq bu 3% həddini 2 qat keçmişik. Proses də davam etməkdədir. Ona görə də ciddi addımlar atılmasa, müqavilələrin formatı dəyişdirilməsə, faiz dərəcələri aşağı salınmasa, gələcəkdə bank sistemini ciddi təlatümlər gözləyə bilər. Bu isə ümumi iqtisadi vəziyyətə mənfi təsir göstərəcək".