Əlində zolaqlı çubuq, qolunda qırmızı parçadan nişanı olan insanlarla şəhərdə tez-tez rastlaşırıq. Daha çox metrostansiyaların, ali məktəblərin, bazarların, parkların yaxınlığında görünən avtomobil gözətçilərinin fəaliyyətinin hüquqi statusu barədə mətbuatda çox danışılıb.
Heç bir dövlət qurumuna, hətta özəl şirkətlərə tabe olmayan, kim və ya hansı qurum tərəfindən səlahiyyətləndirildiyi bilinməyən, əsas vəzifə və məsuliyyətlərinin mahiyyəti heç özlərinə də çatmayan avtomobil gözətçiləri (el arasında onlara "stoyanşik" deyirlər) xidmətlərinin müqabilində hər bir sürücüdən minimum 20 qəpik alırlar. Onlar hətta avtomobillərin dayanacaq kimi istifadəsi nəzərdə tutulmayan ərazilərdə də fəaliyyət göstərirlər. Əsas işləri avtomobillərə ümumi nəzarəti həyata keçirmək və sürücülərin maşınlarını maneəsiz cərgədən çıxarıb yola salmaqdan ibarət olan gözətçilər aldıqları xidmət haqqının müqaibilində dövlətə heç bir vergi keçirmirlər. Söhbətləşdiyimiz qoluqırmızılar bildirirlər ki, onların gündəlik gəliri 10-15 manat civarında olur.
Amma bu gedişlə heç bir hüquqi əsas olmadan fəaliyyət göstərən avtomobil gözətçilərinin bazarına ciddi zərbə dəyəcəyi də istisna edilmir. Paytaxt yollarında yaranan tıxacların qarşısını almaq üçün avtomobillərin qadağan olunan yerlərdə saxlanılmasına qarşı cərimələrin artırılması bir çoxlarının, o cümlədən gözətçilərin kefinə soğan doğrayıb. Əvvəlki vaxtlarda nəzərdə tutulmayan yerlərdə saxlanılan avtomobillər evakuatorlar tərəfindən daşınırdı. Bu uzun vaxt aparırdı. Həmçinin hüquqi bərabərlik prinsiplərinə riayət etmək çətin olurdu. Məsələn, avtomobilin biri cərimə meydançasına aparılır, digər sürücü bunu görüb cəld avtomobilin ərazidən uzaqlaşdırırdı. Beləliklə eyni dərəcədə qanunu pozan şəxslərin yarıdan çox cəzasız qalırdı ki, bu da istər-istəməz narazılıq yaradırdı, yol polisinə qarşı haqlı iradlara səbəb olurdu. Son günlər isə qanunsuz parklanma edilən hər bir avtomobil üçün cərimə yazılır, protokolun sürəti maşının qabaq şüşələrinə yapışdırılır.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov qəzetmizə açıqlamasında bildirib ki, Bakıda yaranan avtomobil sıxlığının əsas səbəbi dayanmanı qadağan edən yol nişanlarının təsir zonalarında və yolların hərəkət hissələrində avtomobillərin saxlanılmasıdır: "İndi yol polisinin tam ixtiyarı var ki, belə yerlərdə saxlanılan avtomobili evakuasiya etməklə bərabər, onu üç tərəfdən çəkməklə yerindəcə cərimə yazsın. Cərimə protokolu, avtomobilin fotomatrealları ilə birlikdə onun ön şüşəsinə yapışdırılır".
Bu kimi cərimələr sürücülər məcbur edəcək ki, avtomobilləri qanunla nəzərdə tutulmuş yerlərdə park etsinlər. Belə yerlərin sayı isə Bakı şəhərində məhdud saydadır. Özəl parkinqlərdə xidmət haqqı olduqca bahadır. Saatı iki manatdan başlayan belə parkinqlərdə avtomobil saxlamaq hər sürücüyə sərf etmir. Dövlətin balansında olan parkinqlərin sayı məhduddur. Ölkə başçısı yeni parkinqlərin salınmasını və yeni tikilən binaların parkinqlərinin olması barədə hökumət nümayəndələrinə göstəriş verib.
Yeni avtoparkinqlər salınana qədər yol kənarlarında avtomobillərin saxlanılması halları ilə rastlaşmaq mümkün olacaq. Əlbəttə ki, əsas sıxlıq ara küçələrdə, məhəllələrdə yaranacaq. Deməli, bu günə qədər əsas yolların kənarında durub avtomobillərə gözətçilik edənlər iş yerlərini dəyişməli olacaqlar.
Ekspertlər hesab edirlər ki, avtomobil gözətçilərinin fəaliyyətinin de-yure əsası olmasa da, faktiki olaraq onların fəaliyyət göstərməsi hər kəsə məlumdur. Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli bildirir ki, "stoyanşiklər" qanunsuz fəaliyyət göstərdiyindən onlar dövlətə heç bir vergi ödəmirlər: "Onlar əhalinin sosial cəhətdən ən aşağı təbəqəsi hesab olunduğundan, heç kəs irad bildirmir. Bəzən, sürücüyə o qədər yaxşılıq edirlər ki, xoş münasibət göstərirlər ki, 20 yox, 50 qəpik verməli olursan. Əlbəttə ki, avtomobillərin qanunsuz parklanmasına qarşı mübarizənin güclənməsi "stoyanşiklər"in bəzilərinin işsiz qalmasına, bəzilərinin isə gəlirinin azalmasına səbəb olacaq. Mən onları özfəaliyyətlə məşğul olan insanlar adlandırıram. Baxıb görürlər ki, hansısa küçədə avtomobil sıxlığı var və kənarda saxlanılan maşınlar hərəkətin gur vaxtında cərgədən çıxa bilmirlər, zolaqlı çubuğu götürüb, qırmızı parçadan olan nişanı da qollarına bağlayıb gəlib dururlar həmin ərazidə. Sürücülərə yol göstərib xidmət haqqını alırlar. Əslində, bu xidmətin qanuniləşdiriliməsinə də ehtiyac görmürəm. Bu, proses tədricən yoluna düşəcək. Yəni, avtomobillər üçün parklar yaradıldıqca, qanunsuz yerlərdə saxlanılan maşınlar yüksək məbləğdə cərimə olunduqca stoyanşiklərin də sayı azalacaq, bazarları öləcək".
Qeyd edək ki, Daxili İşlər Nazirliyi bir müddət açıqlamasında avtomobil gözətçilərinin fəaliyyətinin qanunsuz olduğunu və onların heç bir sürücüdən pul almaq hüquqlarının olmadığını bəyan etmişdi. Qeyd olunmuşdu ki, özünü avtomobil xidmətçisi kimi təqdim edən şəxs yol kənarında maşın saxlayan sürücüdən pul istəsə bu barədə polisə məlumat versinlər. Sürücülərdən qanunsuz pul tələb edənlər barədə hüquqi ölçü götürüləcək.
Amma vətəndaşlar 20 qəpiyin azlığını və stoyanşiklərin sosial durumlarının ağırlığını nəzərə alaraq onlardan polisə şikayət etməyi heç ağıllarının ucuna belə gətirmədilər.