Əksər sürücülərin belə demək mümkünsə, yaralı yerlərindən biri də avtomobillərə texniki baxışla bağlıdır. Bunun üçün sərf olunun zaman və pul sürücülərin çoxu tərəfindən məqbul hal kimi qarşılanmır. Elə bu səbəbdən 199 nəfər sürücü arasında apardığımız sorğu zamanı onların 84 nəfəri texniki baxışın ləğvinin tərəfdarı olduğunu bildirirdi.
"Toyota Prado" markalı avtomobil sürən Kamil adlı sürücü maşını 2 ildir aldığını və saz vəziyyətdə olduğunu bildirir. Bu səbəbdən də avtomobilinin texniki baxışdan keçrilməsini vaxt və pul itkisi sayır.
Qeyd edək ki, yüngül minik maşınları, avtobus və minik maşınları üçün texniki baxışın rüsumu müxtəlifdir. Bundan başqa, mühərrikin hər kubmetri üçün yol vergisi də hesablanır. Xatırladaq ki, Azərbaycanda Nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə avtonəqliyyat vasitələri üçün - 20 manat, motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün 10 manat ödənilməlidir.
Minik avtomobilləri, avtobuslar və digər avtomobil nəqliyyatı vasitələrinin mühərrik həcminin hər kubsantimetrinə görə 1 qəpik, mühərrikin həcmi 2000 kubsantimetrdən 3000 kubsantimetrədək olduqda 20 manat və üstəgəl mühərrikin həcminin 2000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 2 qəpik, mühərrikin həcmi 3000 kubsantimetrdən 4000 kubsantimetrədək olduqda 40 manat və üstəgəl mühərrikin həcminin 3000 kub santimetrdən çox olan hissəsinin hər kubsantimetrinə görə 3 qəpik, mühərrikin həcmi 4000 kubsantimetrdən 5000 kubsantimetrədək olduqda 70 manat və üstəgəl mühərrikin həcminin 4000 kubsantimetrdən çox olan hissəsinin hər kubsantimetrinə görə 4 qəpik, mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 110 manat və üstəgəl mühərrikin həcminin 5000 kubsantimetrdən çox olan hissəsinin hər kubsantimetrinə görə 5 qəpik yol vergisi tutulur.
Texniki baxış üçün avtomobillərin markalarına görə müəyyən vaxtlar təyin olunub. Nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər 300 manat miqdarında cərimə edilirlər.
Beləliklə, ölkəmizdə avtomobillər "Yol hərəkəti haqqında" qanuna görə ildə bir dəfə çətin sınaqdan keçirlər. Köhnə və təzəliyindən asılı olmayaraq maşınlar texniki baxışa gətirilir, saz və ya nasaz olması yoxlanılır. Bir sıra avtomobil istehsalçılarının öz maşınlarına uzun müddət zəmanət verməsi dünyanın əksər ölkələrində texniki baxış vərəqəsindən imtinaya gətirib çıxarıb. Bir sıra ölkələrdə texniki baxış demək olar ki, ləğv olunub.
Türkiyədə avtomobillərin müayinəsi yol polisindən alınaraq sığorta şirkətinə həvalə edilib. Azərbaycanad isə hələlik bunlara lüzum görülmür. Müvafiq rəsmi qurumlar isə bildirir ki, texniki baxış üçün yaradılan mərkəzləşdirilmiş müayinə mərkəzi yüksək standartlara uyğun avadanlıqlarla təchiz olunub. Burda adi ustaların müəyyən edə bilmədikləri xırda nasazlıqları da mərkəzin əməkdaşları aşkar edə bilirlər.
Sürücülərin əksəriyyəti isə texniki baxışın sadəcə formal xarakter daşıdığını deyir. Amma ildə bir dəfə texniki baxışın keçirilməsinin vacib məqamları da çoxdur. Müayinə zamanı bəzi cinayət faktlarının da qarşısı alır. Belə ki, oğurluq, rəngi dəyişdirilmiş maşınların problemləri yalnız bu zaman üzə çıxır. Ekspertlər isə hesab ki, bu problemin həllində həm bir sıra ölkələrin təcrübəsi, həm də ictimai rəy nəzərə alınmalıdır. Ən başlıcası isə budur ki, prosesin sadələşdirilməsi sürücülər tərəfindən səhlənkarlıq, sui-istifadə hallarının və nəticədə qəza risklərinin artmasına şərait yaratmamalıdır.
Avtomobillərin texniki baxışdan keçirilməsinə zərurət görməyən bir sıra ekspertlər iəs bəyan edir ki, özəl müəssisələrə avtomobillərin texniki baxışdan keçirilməsi üçün lisenziyalar verilməlidir. Bu xüsusda bir müddət öncə millət vəkili Əli Hüseynli maraqlı birfikir də səsləndirmişdi: "Sovet dövründə özəl sektor inkişaf etmədiyi üçün avtomobillərin texniki baxışdan keçirilməsi dövlət nəzarətində idi. Sürücülər özləri avtomobilin texniki baxımdan saz vəziyyətdə olmasında maraqlıdır. Hesab edirəm ki, bu sahə dövlət nəzarətindən çıxarılmalıdır. Özəl müəssisələrə lisenziyalar verilməli və onların həyata keçirdiyi texniki baxışın nəticəsi rəsmən tanınmalıdır".
Hələlik isə o məlumdur ki, Azərbaycanda avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı qaydalara dəyişiklik edilməsi gözlənilir. Gözlənir ki, Avropa təcrübəsindən istifadə etməklə bizdə avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı qərarlar qəbul olunacaq. Ölkə Prezidentinin bu xüsusda sərəncamında isə nəqliyyat vasitəsi sahiblərinin əziyyət çəkməmələri, bu sahədə şəffaflığın artırılması ilə bağlı DİN-ə bu sahədə təkmilləşdirilmiş təkliflər verilməsi tapşırılıb.