Əlaqə Arxiv
news Image
2013.02.28
07:46
| A A A
Fermerlərin sığorta problemi davam edir
"Fermerin təsərrüfatını sığortalamaqdan yayınması bu sahədə maarifləndirmə işlərinin zəif olmasından irəli gəlir" "Sığorta şirkətlərinin aqrar sahənin sığortalanmasına az maraq göstərməsi həmin sahənin sığortasının daha riskli olması ilə əlaqədardır"

Azərbaycanda son illər kənd təsərrüfatında istehsal edilən məhsulların həcmi artıb. Fermerlər tərəfindən ölkədə müxtəlif kənd təsərrüfatı məhsulları istehsal edilir. Amma nədənsə ölkəmizdə aqrar sahə məhsullarının sığortalanması işi olduqca zəifdir. Fermerlər və sığorta şirkətləri prosesdə maraqlı deyillər.

İnkişaf etmiş xarici ölkələrdə isə fermerlər aqrar sahə məhsullarını da sığortalayır ki, bu və ya digər səbəblərdən məhsul xarab olduqda kompensasiya əldə edə bilsinlər. Azərbaycanda da əkilən kənd təsərrüfatı məhsulları bir sıra hallarda müxtəlif xəstəliklər səbəbindən bar vermir. Digər tərəfdən, ölkədə baş verən sel və daşqınlar da kənd təsərrüfatı məhsullarının məhv olmasına rəvac verir. Bu halda isə fermerə ciddi ziyan dəyir. O demək olar ki, itkilə üzləşməklə yanaşı, növbəti əkin-biçin ilinə qədər məhsulsuz qalır. Lakin problemdən çıxış yolu var. Bu da aqrar sahə məhsullarının sığortalanmasıdır. Amma məsələ ondadır ki, Azərbaycanda insanlar hələ də sığorta məsələsinə qəribə yanaşırlar. Onların sığorta şirkətlərinə etibarı da aşağı səviyyədədir. Bu səbəbdən də əhali digər sahələr üzrə sığortaya belə maraq göstərmir, qaldı kənd təsərrüfatı məhsullarının sığortalanması sahəsi. Halbuki, təsərrüfatlarını sığortalamaqla fermerlər zərərə məruz qaldıqda qoyduqları vəsaitin bir hissəsini bərpa edə bilər.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmovun fikrincə, maarifləndirmə işinin zəif olmasının nəticəsi olaraq fermerlər təsərrüfatlarını sığortalamırlar: "Hər il dövlət büdcəsindən kənd təsərrüfatı məhsullarının sığortalanması işinə 700 min manata qədər vəsait ayrılır. Hansı ki, bu pul da fermerlərə məhsulları xarab olduqda onlara dəstək olmaq üçün xərclənməlidir. Amma kənd təsərrüfatı ilə məşğul olan fermerlər əkdikləri məhsulun sığortalanmasında maraqlı deyillər. Düzdür, hardasa həmin ayrılan vəsaitdən 50 min manat istifadə olunur. Fermerlər bəzi hallarda banklardan kredit alanda məcburiyyət qarşısında qalıb təsərrüfatlarını sığortalayırlar ki, bank onlara sığorta arayışı versin və onlar krediti ala bilsinlər. Fermerin öz təsərrüfatını sığortalamaqdan yayınması bu sahədə maarifləndirmə işlərinin zəif olmasından irəli gəlir. Xaricdə bu və ya digər təbiət hadisəsi nəticəsində zərərə məruz qalan fermer rahatca onu sübut edərək sığortasını ala bilir. Ölkəmizdə isə anoloji halda belə fermer təsərrüfatına dəyən zərərin məhz təbiət hadisəsi nəticəsində baş verdiyini sübut edə bilmir ki, sığortasını ala bilsin. Fermerin özünün də bu istiqamətdə bilgisi yoxdur. O, bir çox halarda qanunları bilmir, vaxtlı-vaxtında qeydiyyat işi aparmağı, ərizə ilə müraciət etməyi bacarmır. Təsərrüfatın zərərverici xəstəliklər və ya təbiət hadisəsi nəticəsində məhv olması hadisəsi mütləq şəkildə mütəxəssislər və sığorta şirkətləri tərəfindən qeydiyyata alınmalıdır. Lakin fermerlər bu barədə məlumatlı olmadığından məsələdən əsasən xəbərsiz olurlar. Belədə fermerlər sığorta şirkətlərinə təsərrüfatlarına dəyən ziyanın hadisə nəticəsində baş verdiyini sübut edə bilmirlər. Bunun üçün fermerlərin özlərinin də güclü mütəxəssisə ehtiyacı var. Belə olan halda fermerə həmin mütəxəssisləri saxlamaq üçün xeyli miqdar maliyyə vəsaiti də lazımdır. Fermerlərin sığorta hadisəsi baş verəndə öz hüquqlarını müdafiə edə bilməməsi də burada öz sözünü deyir. Bu isə son nəticədə sığorta şirkətlərinin xeyrinə nəticələnir. Fermerlər təsərrüfatlarını geniş formada sığortalayarsa, onda nə sığorta şirkəti, nə də fermerin özü zərərə məruz qalmaz".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə qeyd etdi ki, fermeri və sığorta şirkətlərini aqrar sahə məhsullarının sığortalanması işinə həvəsləndirmək üçün bir sıra kompleks tədbirlər görülməlidir: "Sığorta spesifik bir sahədir. Kənd təsərrüfatının sığorta məsələsi isə heç də sığorta bazarı tərəfindən tənzimlənmir. Bu sahədə sığorta səviyyəsi aşağıdır. Baxmayaraq ki, ölkədə kənd təsərrüfatı sığortasının stimullaşdırılması haqqında qanun fəaliyyətdədir. Bu qanuna əsasən Maliyyə Nazirliyi Kənd təsərrüfatı məhsullarının sığortalanmasını stimullaşdırmaqla bağlı fəaliyyət həyata keçirməlidir. 2012-ci ilin sonlarına görə kənd təsərrüfatının sığortanın bazarı 18 faiz artıb. 2011-ci ildə bu rəqəm 450 min manat, keçən il isə 550 min manat olub. Əsasən də heyvandarlıq və əkin sahələri sığortalanıb. Amma buna baxmayaraq, ümumi sığorta bazarında kənd təsərrüfatı məhsullarının sığortalanması cəmi 1 faiz təşkil edir. Kənd təsərrüfatında sığortalanmanın az olması ilk növbədə fermerlər arasında məlumatsızlıqla bağlıdır. Onların çoxu sığortanın əhəmiyyətilə bağlı məlumatlara malik deyil. Eyni zamanda, sığorta şirkətləri də aqrar sahənin sığortalanmasına az maraq göstərir. Bu isə həmin sahənin sığortasının daha risqli olması ilə əlaqədardır. Eyni zamanda dövlət mexanizminin tam olaraq tətbiq edilməməsi problemi də var. Kənd təsərrüfatında sığortanın təşkili üçün bu sahə kreditləri üzrə Zəmanət Fondu yaradılmalıdır. Bu fondlar adətən Maliyyə Nazirliyi tərkibində fəaliyyət göstərir. Digər tərəfdən kiçik sahibkarlığa dövlət köməyi haqqında qanunvericilik aktında sığorta mexanizmilə bağlı konkret müddəalar yoxdur. Bunu da həll etmək və qanunvericiliyi təkmilləşdirmək və ya ayrıca bir qanunun qəbulu gərəkdir".
Sizin Reklam Yeriniz