Qardaş Türkiyənin işğalçı Ermənistanla dövlət sərhədləri bağlı olsa da, tərəflər arasında əslində, iqtisadi və digər sahədə əlaqələrin inkişaf yolunda olması da danılmaz həqiqətdir. Özü də bu əlaqələr davamlı şəkildə inkişaf etməkdədir. Bunun daha bir real təsdiqi isə gələn aydan Türkiyədən Ermənistana birbaşa hava reysinin açılması istiqamətində görülən hazırlıqlardır.
Xatırladaq ki, Türkiyə turizm assosiasiyasının təmsilçisi, TURSAB şirkətinin baş meneceri Çengiz Kelerci İrəvanda keçirilən turizm sərgisində iştirakı zamanı faktı təsdiq edib. O deyib ki, hava reysi İrəvan-Van-İrəvan marşrutu üzrə açılacaq, həftədə iki çarter reysi olacaq və uçuş təxminən 33 dəqiqə davam edəcək: "Türkiyə ilə Ermənistan arasında turizmin inkişafına ən böyük maneə İrəvan-İstanbul-İrəvan marşrutu ilə birbaşa hava reysinin olmamasıdır. Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər olmasa da turizm əlaqələri inkişaf etməlidir. Çünki turizm biznesdir və orada siyasətə yer olmamalıdır".
Van şəhər valisi Münir Karaloğlu BBC-yə bildirib ki, "Borajet" aviaşirkəti ilə aparılan danışıqlarda Van-İrəvan arasında çarter səfərlərinin gerçəkləşdirilməsi müzakirə olunur: "Danışıqların nəticəsi şirkətin maraqlarına bağlıdır. İstər ticari, istərsə də turistik məqsədlə hər kəs bu uçuşdan yararlana biləcək". "Borajet" aviaşirkətinin təmsilçisi Tunay Erdem bu il aprelin 4-dən başlayaraq İrəvana uçuşlara başlayacaqlarını bildirib. Tunay Erdem deyib ki, Vanla İrəvan arasında olan birbaşa uçuşlar həftəfə 2 gün olmaqla 68-70 sərnişin tutumlu təyyarələr vasitəsilə həyata keçiriləcək.
Vanlı iş adamlarının İrəvanla birbaşa təyyarə reyslərindən gözləntiləri var.
Van Ticarət və Sənaye birliyinin rəhbəri Mirzə Nadiroğlu deyib ki, Türkiyə ilə Ermənistan arasındakı Alican sərhəd qapısı bağlı olduğundan vanlılar Ermənistana səfərlərini İran və Gürcüstan üzərindən edirlər: "Buna görə də biz birbaşa səfərləri reallaşdıra bilməyimiz üçün Nəqliyyat Nazirliyinə müraciət etmişik".
Ermənistan hava yollarına məxsus təyyarə ilə həftədə 2 dəfə İstanbula uçuşlar həyata keçirilir. Biletlərin qiyməti təxminən 600 dollara satılır. Ötən həftə Vandan İranın Azərbaycan vilayətləri olan Təbriz və Urmiya şəhərlərinə də uçuşlar başlayıb. Bu uçuşlar da "Borajet" aviaşirkəti tərəfindən reallaşdırılır.
Van valisi Münir Karaloğlunun sözlərinə görə, bu uçuşlar əhalisinin qohumluq əlaqələri olan bu 3 şəhərin daha da yaxınlaşmasına və tarixi, mədəni və ticarət əlaqələrinin genişləndirilməsinə imkan verəcək.
Türkiyənin Şərqi Anadolu bölgəsində yerləşən Vanın İranla 320 kilometr quru sərhədi var.
Vali Karaloğlu deyib ki, bölgə iş adamlarının İranla ticarət əlaqələrinin inkişaf etdirilməsi məqsədi ilə son dörd ildə Vanda, İqdirda, Urmiya və Agrıda əməkdaşlıq şurasının toplantıları keçirilib: "Hazırda Vanın İranla təxminən 65 miyon dollar ixracı, 22 milyon dollar isə ixracatı var. Təyyarə reyslərindən sonra bu əməkdaşlığın daha da genişlənəcəyinə inanırıq". O əlavə edib ki, iqtisadi əlaqələri inkişaf etdirmək üçün Bakıya və Naxçıvana da təyyarə reyslərinin reallaşdırması planlaşdırılır.
Van Ticarət və Sənaye birliyinin rəhbəri Mirzə Nadiroğlu deyib ki, indiyə qədər yerli iş adamlarının İrana səfərləri qatar və avtomobillərlə olurdu, bu da vaxt itkisinə səbəb olurdu. Van iş adamları İrana, əsasən, mebel və tekstil ixracı ilə məşğul olurlar. İrandan isə Vana meyvə-tərəvəz məhsulları idxal edilir: "Təyyarə səfərləri operativ əlaqələrin qurulmasına imkan verəcək. Bunun nəticəsində ticarət dövriyyəsinin 50 faizə qədər artımını gözləyirik".
Təbii ki, Türkiyə və İranarasında təyyarə əlaqəsinin daha da genişlənməsi başadüşüləndir. Lakin Türkiyəyə qarşı ərazi iddiası irəli sürən, qondarma "erməni soyqırımı"nın tanınmasını tələb edən bir dövlətlə belə əlaqələrin yaradılması başadüşülən deyil.
Ermənistan sahibkarlar və sənayeçilər İttifaqının sədri Arsen Kazaryan artıq bildirib ki, İrəvan-Van-İrəvan reysinin açılması turizmin inkişafı, habelə "tarixi Ermənistan torpaqlarına" ziyarətlərin təşkilidir. Onun sözlərinə görə, bu reysin açılması Ermənistanla Türkiyə arasında mədəni əlaqələrin inkişafına, qarşılıqlı anlaşmaya da səbəb ola bilər. A.Kazaryanın fikrincə, bu reys Türkiyə ilə Ermənistan arasında siyasi proseslərə də təsir edə bilər. Bütün bunları bilə-bilə Türkyədə Ermənistanla işbirliyinə gedir.