Aparılan hesablamalara görə, 2012-ci ildə ölkəmizdə 1 milyon 750 min kvadratmetrlik yaşayış evləri tikilib. Bunun da 113 min kvadratmetri qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulub. Bu isə 2011-ci ilin anoloji rəqəmilə müqayisədə 13,5 faizə qədər azalma deməkdir. Onu da qeyd edək ki, bu tendensiya özünü əvvəlki illərdə də göstərib. Belə ki, 2011-ci ildə də qabaqkı illə müqayisədə yaşayış mənzillərinin azalma baş vermişdi.
Ölkədə 2008-ci ilin sonuna qədər tikinti sektorunda bir canlanma müşahidə edilirdi. Həmin ərəfədə paytaxtın demək olar ki, hər bir məntəqəsində yaşayış binalarının şıdırğı tikintisi gedirdi. Lakin sonradan dünyada baş verən maliyyə böhranı nəticəsində bu proses səngidi. Hətta həmin dövrdən bu günə qədər tikintisi başa çatmayan çoxsaylı yarımçıq binalar da qalıb. Digər tərəfdən, tikinti sektorunda müəyyən fırıldaqlar da üzə çıxdı. Belə ki, bəzi tikinti şirkətləri tikdikləri binalarda bir mənzili bir neçə nəfərə satmaq üstündə cinayət məsuliyyətinə də cəlb olunub. Belədə indi yaşayış evlərinin tikinti prosesi ildən-ilə azalmağa doğru gedir. Halbuki, ölkədə yaşayış mənzillərinə olan tələbat günü-gündən artır. Bu artım indi tikinti prosesini əhəmiyyətli dərəcədə üstələyib. Görəsən, prosesdə yaranmış bu ziddiyyət nə ilə bağlıdır?
"MBA Konsaltinq" Şirkətinin rəhbəri Nüsrət İbrahimlinin fikrincə, tikinti prosesinin azalması, bunun əksinə olaraq evlərə tələbatın artması çoxsaylı müxtəlif amillərlə bağlıdır: "Əvvəlki illərdən fərqli olaraq son illər ölkədə tikintiyə icazə verilməsi məhdudlaşdırılıb. Bu istiqamətdə sahibkarların icazə alması və təhvil vermə prosesi əvvəlki illərlə müqayisədə çətinləşib. Ona görə də iş adamları hazırda tikinti sahəsində maraqlı deyil və başqa sahələrə üz tuturlar. İkinci bir tərəfdən şəhər mərkəzində boş torpaq sahəsi demək olar ki, qalmayıb. Köhnə, fiziki cəhətdən aşınmış evləri söküb yerində tikinti işləri aparmaq isə rentabellik baxımından iş adamlarına sərf etmir. Kənarda da tikib satmaq çətindir, bu zaman həmin rentabellik alınmır. Ona görə də iş adamları yaşayış mənzilli tikinti sektorundan əsasən aralanıblar. Bazarda yalnız iri tikinti şirkətləri qalıb ki, onlar da kütləvi yaşayış zonalarında ucuz evlərin və təyinatı yoxsul təbəqəyə hesablanmış evlərin tikintisinə üstünlük verməyə başlayıb. Bu baxımdan köhnə evlərə daha çox üstünlük verirlər. Belə evlər də əsasən şəhər kənarında, ucqarlarda inşa edilir. Bu baxımdan həmin ərazilərdə də mənzil satışı bir qədər problemlidir. İlkin bazarda tikib satmaq isə problemlidir, çünki onun alıcısını tapmaq olmur. Bütün bu amillər ildən ilə yaşayış evlərinin tikinti faizinin azalmasına gətirib çıxarır. Amma statistik rəqəmlərdə göstərilənlərlə müqayisədə tikinti sektorunda azalmalar daha çoxdur. Yaşayış evlərinin tikintisi bəlkə də iki dəfədən də çox azalıb. 2011-ci illə müqayisədə keçən il tikintinin faizinin 13 faizə qədər azalması ilə bağlı statistik rəqəmin ortaya çıxması isə onunla bağlıdır ki, Dövlət Statistika Komitəsinin ancaq təhvil verilən binaları sayır. Yəni bina on il bundan əvvəl tikilsə də, hazırda təhvil verildiyindən indi də siyahıya alınır. Amma zaman keşdikdə bu rəqəmlər də sürətlə düşəcək. Bu minvalla növbəti illərdə də yaşayış binalarının tikintisində azalmaların olacağı gözlənilir. Tikilib istismar olunan, amma sənədləşməsi aparılmayan binaların sənədləşməsi istiqamətində yetərli qərar olmasa, proses sürətləndirilməsə, 2013-cü ildə də bu sahədə azalma qaçılmaz olacaq".
Digər ekspert Cümşüd Nuriyev tikilən yaşayış binaların həcminin azalmasını tikinti bumunun sona çatması ilə əlaqələndirdi: "Yaşayış binalarını tələbatın artması əhalinin sayının artması ilə bağlıdır. Yaşayış binaların tikintisinin azalması isə ölkəmizdə bir neçə il öncə olan tikinti bumunun arxada qalmasının nəticəsidir. Tikintiyə meyl edən sahibkarlar indi ayrı sahələrə meyl edirlər. Ev tikənlərin əksəriyyəti hazırda öz tikinti bizneslərini Ukrayna və Orta Asiyada qurmağa başlayıb. Tələbat olsa da alıcılıq qabiliyyətinin aşağı olması da tikintinin azalmasına təsir edib".