Əlaqə Arxiv
news Image
2013.03.12
07:42
| A A A
Sürüşmənin daha bir şok səbəbi üzə çıxır
Həddən artıq yüklənən yük maşınları yer qabığının üst laylarını çatladır

Məlumat verildiyi kimi ağır tonnajlı yük maşınları hazırda asfalt yolların dağılmasında əsas rollardan birini oynayır. Bu səbəb vaxtaşırı olaraq müvafiq dövlət qurumları, o cümlədən Nəqliyyat Nazirliyi ölkə yollarında yük avtomobillərinin həddən artıq yüklənməsinə qarşı tədbirlər görür. O da bildirilir ki, yollarda tərəzilərin qoyulmasına baxmayaraq, belə maşınlar hələ də hərəkət edir, qəzalar yaradır və yollara böyük zərər vururlar.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsində təsdiqlənən dəyişikliklərə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən normadan artıq yüklənməsinə görə təqsirkar olanlar əvvəlkindən 8-20 dəfə çox cərimə ödəyirlər. Dəyişikliklərdən sonra hüquqi şəxslərə məxsus olan iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən yüklənməsinə görə - vəzifəli şəxslər 1200 manatdan 1500 manatadək miqdarda, hüquqi şəxslər 4 000 manatdan 5 000 manatadək miqdarda cərimə edilir. Fiziki şəxs tərəfindən ona məxsus olan iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə cərimənin məbləği isə 600-700 manat təşkil edir. Bu hərəkətə il ərzində təkrar yol verən fiziki şəxslərin nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla onlar 1000-1200 manat, vəzifəli şəxslər 1800-2000 manat, hüquqi şəxslər isə 5500 manatdan 6000 manatadək miqdarda cərimə edilir. Lakin buna rəğmən hələ də yollarad ağır tonnajlı və həddən artıq yüklənmiş maşınlar hərəkət edir.

Digər tərəfdən belə maşınların yaratdığı təhlükə təkcə yolların dağılması iəl bağlı deyil. Məsələ burasındadır ki, bu maşınlar həm də sürüşmə prosesini aktivləşdirən faktorları sırasındadır. AMEA-nın Coğrafiya institutunun landşaftşünaslıq və landşaft planlaşdırması şöbəsinin aparıcı elmi işçisi Mirnuh İsmayılov da bildirib ki, həddindən artıq yükgötürən maşınlar da təsir vasitəsidir: "Əvvəllər maşının ən çox yükgötürmə qabiliyyəti 2-3 ton olurdu. İndi 50-60 tondur. O maşınların hərəkəti süni zəlzələ yaradır. Yer qabığının üst layları titrəyir, çatlar əmələ gəlir. Yağış da torpağın dərinliyinə hopur və sürüşmələr baş verir.

Azərbaycanda bu gün əhalinin orta sıxlığı 103 nəfərdir, dünyada isə bu göstərici 30 nəfərdir. Bizdə 3 dəfə çoxdur. Əgər nəzərə alsaq ki, 20% ərazimiz işğal altındadır və oranın əhalisi də digər regionlara, xüsusilə Böyük Qafqazın cənub yamaclarına köçüb və orda maldarlıqla məşğuldurlar, onda demoqrafik yüklənmənin nə qədər artdığını başa düşərik".

Yeri gəlmişkən qeyd edək ki, son dövrlər sürüşmə prosesi yenidən ciddi problemə çevrilib. Mirnuh İsmayılov isə "New Baku Post"a bildirib ki, hazırda İsmayıllı-Lahıc yolu, Masallı-Yardımlı yolu, Xınalıq yolu təhlükəli sürüşmə və uçqun zonasıdır. Əhmədli, Zığ yamacı, Yeni Günəşlidəki kərpic karyerinin yamacları da ciddi təhlükə zonalarıdır. Bayıl yamacları tamamilə sürüşmə zonası sayılır. Sürüşmə zonalarında bütün tikinti işlərinə həssaslıqla yanaşılmalı, yolların çəkilişində tunellərə üstünlük verilməlidir.

Paytaxt Bakıda da həddən artıq yüklənmiş maşınların hərəkəti müəyyən ərazilərə dağıdıcı təsir göstərərək sürüşmə təhlükəsini artırır. Bu arada qeyd edək ki, yaxın gələcəkdə Bakıya iri tonnajlı yük avtomobillərinin daxil olması tamamilə qadağan edilə bilər. Hesab olunur ki, bu addım həm şəhərdə nəqliyyatın hərəkətinə maneə yaratmamaq, həm də yol örtüyünün qorunması məqsədi daşıyır. İri yük avtomobilləri, o cümlədən TİR-lər şəhərdə nəqliyyatın hərəkətinə maneə törədir, üstəlik yol örtüyünə ziyan vurur. Vəziyyətdən çıxış yolu olaraq iri yük avtomobillərinin şəhərə daxil olmasının qadağan edilməsi və onların gətirdiyi yükün şəhər daxilinə nisbətən kiçik yük maşınları ilə daşınması variantı müəyyən müddətdir ki, nəzərdən keçrilir. Bu məqsədlə paytaxtın müxtəlif girişlərində yük terminalları tikilməsi gözlənir ki, yük maşınlarının gətirdiyi yüklər burada boşaldılaraq daha kiçik avtomobillərə yüklənsin və şəhərə daşınsın. Terminalların Bakının şimal və cənub girəcəyində tikilməsi gözlənir.
Sizin Reklam Yeriniz