Əlaqə Arxiv
news Image
2013.03.12
07:45
| A A A
Banklar beynəlxalq reytinq sarıdan hələ də problem yaşayırlar
Bu və bir sıra digər maraqlı amillər kredit faizlərinin yüksək olmasına gətirib çıxarır Ölkəmizdə kredit faizlərinin yüksək olması barədə indiyə qədər dəfələrlə deylib, ekspertlər səviyyəsində məsələ qaldırılıb. Hətta bir sıra dövlət rəsmiləri də kommersiya bankları tərəfindən kredit faizlərinin kifayət qədər yüksək olmasına dair açıqlamalar da verib. Hələlik isə görünən odur ki, bu sahədə hər hansı dəyişiklik yoxdur və banklar əhaliyə yüksək faizlə kreditlər verməkdə davam edirlər.
Araşdırmalara görə, Azərbaycan bank faizlərinin yüksəkliyinə görə MDB ölkələri arasında ilk üçlükdə yer alır. Ölkədə bank likvidliyinin artımı, əmanətlər üzrə faizlərin aşağı düşməsi müşahidə edilsə də bank faizlərində azalma yoxdur. Hazırda kommersiya banklarının təklif etdikləri kredit faizləri 16-30 faiz intervalında dəyişir.
Mərkəzi Bankın uçot stavkasının 4,75 faiz olduğunu xatırladan mütəxəssislər deyir ki, uçot stavkası kommersiya kreditlərindən 4-5 dəfə azdir. Hesab olunur ki, bank faizlərinin yüksək olmasının qarşısını almaq üçün ilk növbədə, onu yaradan səbəbləri aradan qaldırmaq lazımdır.
Bank faizlərinin yüksək olması bir neçə səbəblə bağlıdır. Bunlar banklararası kreditləşmə üzrə orta faiz dərəcəsi, kredit-maliyyə təşkilatlarının özünün bütün müştərilərinə təqdim etdiyi fərqli depozit məhsulları üzrə orta faiz dərəcəsi, bank kredit resurslarının strukturu (cəlb edilən vəsaitlərin payı nə qədər çox olarsa, kreditin qiyməti də bir o qədər baha olar), təklif və müştərilər tərəfindən kreditlərə olan tələbatdır. Kreditlərə olan tələbatın artması faizlərin yuxarı qalxmasına gətirib çıxarır. Bundan başqa faizlərə kreditinin növü və müddəti də təsir göstərir. Digər sözlə kreditin təminatından asılı olaraq, onun ödənməməsi halında bank üçün kəsb etdiyi riskin səviyyəsi də burada rol oynayır. Ölkədəki inflyasiya səviyyəsi, borcalan və kredit arasındakı münasibətin xarakteri, kreditin rəsmiləşdirilmə xərcləri, həmçinin kreditin ödənilməsi və təyinatı üzrə xərclənməsi üzərində nəzarət, Mərkəzi Bankın uçot dərəcəsi də faizlərə təsirsiz ötüşmür.
Qeyd etmək lazımdır ki, MB-in uçot dərəcəsi -kreditlər üzrə faizlərin səviyyəsinin başlıca oriyentiridir. Bu göstəricinin həcmi pul vəsaitlərinin dəyərini müəyyən edir, daha doğrusu bank təşkilatlarının çıxış əldə etdiyi kredit resurslarının qiyməti müəyyən olunur. Bundan sonra isə kreditlər üzrə faizlərin ölçüsü müəyyən olunur, daha sonra bu kreditlər fiziki və hüquqi şəxslərə təqdim olunur. Uçot dərəcəsi nə qədər yüksək olarsa, kreditlər üzrə faiz dərəcəsi də bir o qədər yüksək olar. Bundan əlavə uçot dərəcəsi vasitəsi ilə ölkədəki inflyasiya səviyyəsi tənzimlənir.
Beləliklə kreditlərin nəyə görə belə baha olması ilə bağlı suala cavab versək faiz dərəcələrinin formalaşmasına təsir edən faktorlara söykənmək lazımdır. İlk növbədə uçot dərəsinə və inflyasiya səviyyəsinə baxmaq lazımdır. Əgər nümunə üçün Avropa ölkələrini və ABŞ-ı götürsək, orada belə bir situasiya formalaşıb. Avropada yenidən maliyyələşmə dərəcəsi təxminən 0,75%, ABŞ-da isə (federal qanunlara əsasən faiz dərəcəsi) 0,0-0,25% təşkil edir. Azərbaycanda isə son dəyişiklikdən sonra uçot dərəcəsi 4,75%-dir, Rusiya həmin rəqəm 8,25%-dir.
İnflyasiyanın qiymətlərinə gəldikdə isə Mərkəzi Bankın məlumatlarına əsasən 2012-ci ilin yanvar ayında bu rəqəm 4,8% olduğu halda, dekabr ayında bu göstərici 1,1% olub. Bu ilin yanvar ayında 0,8, fevralda isə1,0% inflyasiya qeydə alınıb. Ölkəmizdəki inflyasiya qiymətləri real bazar qiymətlərindən xeyli fərqlənir. Ölkəmizdə kreditlərin qiymətinin daha baha olması, depozitlər üzrə də faizlərin həmin ölkələr ilə müqayisədə yüksək olması ilə izah oluna bilər. Eyni zamanda kreditə olan tələbatı qeyd etmək olar. Yəni açıq aydın görünür ki, ölkəmizdəki kreditlər Avropa ölkələri və ABŞ ilə müqayisədə xeyli aşağıdır.
İqtisadçılar deyir ki, digər sektorlarda mənfəət dərəcəsinin yüksək olması banklara faiz dərəclərini tam olaraq aşağı salmaq şəraitini yaratmır. Bütün hallarda real sektorda mənfəət dərəcəsinin yüksək olması bankları daha yüksək mənfəət əldə etmək üçün yüksək faizlə kredit verməsinə gətirib çıxarıb. Aydındır ki, real sektorda mənfəət norması birmənalı şəkildə bankların faiz siyasətini diqtə edən əsas faktorlardandır. Təəssüf ki, bu, indiki halda yüksək bank faizlərinin formalaşması ilə ifadə edilir. İqtisadçılar bildirir ki, banklarda faiz dərəcəsinin yüksək olmasının səbəblərindən biri də yerli bankların beynəlxalq kredit reytinqinin yüksək olmaması ilə bağlıdır. Beynəlxalq kredit reytinqinin yüksək olmaması banklara birbaşa kredit resurslarına müraciət etməyə şərait yaratmır. Banklar adətən vasitəçilər tapmaqla kredit resursları əldə etməyə çalışırlar. Bu da fazilərin artımına təsir edir. Belə ki, bu zaman cəlb edilən faizlərinin üzərinə cəlb edilən vəsaitlərin üzərinə əlavə vasitəçi faizi əlavə edilir ki, bu kredit xərcini artırır.
Bir daha xatırladaq ki, Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərinin həcmi bankların cəlb etdikləri kreditlərin cəmi 5 faizini təşkil edir. Bu da banklarin vəsaitlərin 95 faizini kənardan cəlb etmələri deməkdir. Kredit faizlərinin yüksək olması həm də bəzi bankların qısa müddətdə gəlir əldə etmək istəyi ilə bağlıdır.
Sizin Reklam Yeriniz