Prezident İlham Əliyev Monteneqroya rəsmi səfəri çərçivəsində Çetinye şəhərindəki Kral Nikolay Sarayında olub. Dövlətimizin başçısı sarayda yaradılan muzeyə baxıb.
Monteneqro Prezidenti Filip Vuyanoviç əvvəlcə Çetinye şəhərində son illərdə həyata keçirilən infrastruktur layihələri və görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, XIII əsrdə əsası qoyulan Çetinye şəhəri Monteneqronun qədim paytaxtı hesab edilir. Maraqlı və zəngin tarixi olan Çetinyedə çoxlu muzeylər və saraylar vardır. Bu şəhərdəki binalar orijinal arxitekturası ilə seçilir.
Kral Nikolay Sarayı ilə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, saray Kral Nikolayın dövründə 1863-cü ildə tikilib və orijinal memarlıq üslubu ilə diqqəti cəlb edir. İndi muzey kimi fəaliyyət göstərən sarayda son illərdə yenidənqurma işləri aparılmış, binanın tarixi görkəmi bərpa edilmişdir.
Muzeyin ekspozisiyası ilə tanış olan
dövlətimizin başçısına məlumat verilib ki, burada Monteneqro
tarixinin mühüm mərhələlərini əks etdirən qiymətli eksponatlar
saxlanılır. Muzeydə qədim silahların kolleksiyaları toplanıb.
Bundan başqa, Kral Nikolay Sarayında bir çox rəssamların müxtəlif
illərdə yaratdığı qiymətli əsərlər də sərgilənir. Muzeyin qiymətli
eksponatları arasında qədim pullar, bayraqlar, keçmişdə və indi
istifadə olunan hərbi geyimlər nümayiş olunur. Əlbəttə ki, Kral
ailəsinə məxsus əşyalar da böyük maraqla qarşılanır. Monteneqronun
milli sərvəti olan bu eksponatlar və əşyalar ilk növbədə bu ölkənin
tarixi zənginliyindən xəbər verir. Odur ki, burada toplanan
eksponatların müxtəlifliyi ölkəyə gələn turistlərdə də böyük maraq
yaradır.
Sonda Prezident İlham Əliyev muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.