İstanbulda Novruz şənliyi
Türk dünyasının ortaq və qədim bayramı olan Novruz bu gün İstanbul
Topkapı Kültür Parkında təntənəli şəkildə qeyd olunub. Saat 11:00 -
da başlayan bayram proqramı tonqaldan tullanma, yumurta
toqquşdurma, milli oyunlar, Novruz çıxışları ilə davam edib. Bütün
türkləri bir araya gətirən, adət - ənənələri, kültürləri
birləşdirən Novruz şənliyi böyükdən – kiçiyə hamının sevincinə,
marağına səbəb olub. Azərbaycanın İstanbuldakı baş konsulu Həsən
Zeynalovun təşəbbüsü ilə təşkil olunan Novruz şənliyi rəngli
görüntüsü ilə yadda qaldı. Baş konsul Həsən Zeynalov və xanımı
bütün türk dünyasının, Azərbaycan xalqının Novruz bayramını təbrik
edib, xalqımıza ruzi - bərəkət, xoş ovqat, bahar sevinci arzu
etdilər. Şənliyə təşrif buyuran İstanbul valisi Hüseyn Avni Mutlu
da bütün türk dünyasının Bahar bayramını təbrik etdi. Novruzun
həyatımıza birlik, bərabərlik, bərəkət, gətirməsini dilədi. Baş
konsul və vali Novruz adətlərindən, bayram əyləncəsi olan yumurta
toqquşdurdular. Novruz şənliyində Azərbaycan təşkilatları,
dərnəklər, konsulluğun nümayəndələri, tələbələr, İstanbulda yaşayan
Azerbaycan vətəndaşları yaxından iştirak etdilər. Şənliyin sonunda
Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalova və İstanbul
valisi Hüseyn Avni Mutluya Novruz ovqatlarından təşkil olunan xonça
hədiyyə olunaraq xatirə şəkilləri çəkildi.