Sulutəpə hadisələrinin araşdırılması üçün yaradılmış ARDNŞ-nın təhqiqat qrupu dünən xəstəxanada döyülən "Ayna-Zerkalo" qəzetinin əməkdaşı İdrak Abbasovun yanına gəlib. Bu barədə Modern.az saytına İ.Abbasov məlumat verib.
O qeyd edib ki, aprelin 18-də Sulutəpə qəsəbəsində qanunsuz evlərin sökülməsi zamanı iki jurnalistin döyülməsi ilə bağlı ARDNŞ-ın tərkibində təhqiqat qrupu yaradılıb.
"Təhqiqat qrupunun nümayəndələri bildirdilər ki, bu işi törədənlər işdən azad olunacaqlar. Amma bizim istədiyimiz həmin şəxslərə qarşı cinayət işinin açılmasıdır. Onlar törətdikləri əmələ görə məhkəmə qarşısına çıxarılmalı və qanunla cəzalandırılmalıdırlar"-deyə jurnalist bildirib.
Dünən Ombudsaman Aparatının və Neft Şirkətinin nümayəndələri, Mətbuat Şurasının sədri Əflatun Amaşov da jurnalistə baş çəkiblər. "Sərhədsiz Reportyorlar" təşkilatının Azərbaycandakı nümayəndəsi Şahin Hacıyev təşkilatın direktorunun məktubunu İdrak Abbasova çatdırıb və müalicə üçün ayırdıqları 60 avro pulu ona veriblər.
"Mənim təhlükəsizliyim üçün baş redaktorlar hər axşam yanımda olurlar".
Qeyd edək ki, Sulutəpə qəsəbəsində Dövlət Neft Şirkəti işçilərinin sənədsiz evləri sökməsi zamanı iki jurnalist – "Ayna-Zerkalo" və "Yeni Musavat" qəzetinin əməkdaşları İdrak Abbasov və Günay Musayeva özlərini təhlükəsizlik xidmətinin əməkdaşları kimi qələmə verən şəxslər tərəfindən döyülüb.