Əlaqə Arxiv
news Image
2013.04.27
08:57
| A A A
Azərbaycan ağır hərbi texnika istehsalına başlayacaq
Emin Həsənli: "Gələcəkdə polad sənayesinin inkişafı ilə bağlı olaraq ölkəmizdə ağır hərbi texnika istehsalına başlanılacaq" Üzeyir Cəfərov: "Polad sənayesi perspektivdə yerli istehsal olan ağır hərbi texnikamızın olması baxımından özünü doğrulda biləcək sahədir"

Bu günlərdə sənaye və energetika naziri Natiq Əliyev Azərbaycanda polad erasının başlandığını diqqətə çatdırıb. Xatırladaq ki, bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev ölkədə Polad İstehsalı Kompleksinin yaradılması haqqında sərəncam imzalayıb. Adətən bu tip müəssisələrdən daha böyük məqsəd və proqramların həyata keçirilməsi üçün yararlanırlar.

Məsələn, bir sıra xarici ölkələrdə polad sənayesindən iri həcmli avadanlıqların hazırlanmasında, o cümlədən ağır hərbi texnikanın istehsalı sahəsində istifadə edirlər. Belə demək mümkünsə, hərb sahəsinin aparıcı qüvvəsi hesab olunan tank, top, özüyeriyən artilleriya qurğuları və digərlərinin istehsalı üçün polad sənayesinin inkişafı olduqca vacibdir. Bu mənada polad sənayesinin yaradılması və inkişafı fonunda Azərbaycan da artıq özünün ağır hərbi texnikasını istehsal etmək gücündə olacaq.

Məsələyə münasibət bildirən hərbçi ekspert Emin Həsənli qeyd etdi ki, polad sənayesinin inkişafı ilə bağlı olaraq gələcəkdə ölkəmiz ağır hərbi texnikanı da istehsal etmək gücündə olacaq: "Azərbaycan artıq müdafiə sənayesi potensialını yaradıb. Ölkəmizdə istehsal olunan bəzi silahlar da dünyanın bir çox yerlərində keçirilən müsabiqələrdə yüksək yerlərə layiq görülüb. Hətta dünyanın bir çox ölkələri tərəfindən silah alışı ilə bağlı Azərbaycana sifarişlər verilib. Silahların təkmilləşdirilməsi, ağır hərbi texnikanın ölkə daxilində istehsal edilməsi dayanan yox, daim irəliyə gedən bir prosesdir. Ölkə prezidenti də tələb qoyub ki, yerli silah istehsalı sahəsində iş daim sürətlənməli və artmalıdır. Azərbaycan hazırda dünyanın bir çox ölkələrilə rəsmi əməkdaşlıq etməklə müasir tipli ağır silah və texnikalar da alır. Bu əsasda hesab edirəm ki, gələcəkdə polad sənayesinin inkişafı ilə bağlı olaraq ölkəmizdə də ağır hərbi texnika istehsalına başlanılacaq. Buna ölkəmizin həm elmi cəhətdən, həm də maddi-texniki baza və güclü iqtisadi əsaslar baxımından hərtərəfli potensialı da çatır. Ona görə düşünürəm ki, gələcəkdə ağır hərbi texnika və silahların ölkə daxilində istehsalı məsələsi də öz aktuallığını tapa bilər. Vaxtilə Azərbaycan bəzən enerjini belə idxal edirdi, sonradan isə özü ixrac etməyə başladı. Eyni zamanda, bir müddət buna qədər bütün silah növləri idxal olunurdu. İndi isə bəzi silah növlərinin ixracına belə başlayıb. Eləcə də gələcəkdə, ağır hərbi texnika istehsal edib onun ixracını da həyata keçirə bilərik. Bir hərbçi kimi deyirəm ki, Azərbaycan ordusunda istifadə edilən Müdafiə Sənayesi Nazirliyinin silahları həddindən artıq keyfiyyətli və müasir silahlardır. Bu silahlar hətta müasir ölkələrin istehsal etdiyi silahları kölgədə qoymağa qadirdir. Hesab edirəm ki, gələcəkdə ağır hərbi texnika sahəsində də keyfiyyətli məhsulların istehsalının şahidi ola biləcəyik. Azərbaycan ümumiyyətlə müstəqil ölkə olaraq özünün hərbi qüdrətini daim gücləndirir".

Hərbçi ekspert Üzeyir Cəfərov da məsələyə optimist yanaşır: "Polad sənayesinin yaranması və həmin məhsullar vasitəsilə ölkə daxilində ağır hərbi texnikanın istehsalına başlanılması yəqin ki, perspektivə hesablanmış addımdır. Bu məsələ öz həllini taparsa, sözsüz ki, Müdafiə Sənayesi Nazirliyi də həmin istiqamətdə yəqin müəyyən təkliflərlə çıxış edəcək. Düzdür, Azərbaycan indilikdə elə də çox sayda ağır texnika istehsal etmir. Ölkəmizin yalnız istehsal etdiyi bir neçə belə texnika var ki, onlar da zirehli texnika deyil, təkər texnikasıdır. Ona görə də polad sənayesinin yaradılması zənnimcə gərəkli sahədir, o cümlədən hərbi sənayenin inkişafı üçün. Polad sənayesi məhsullarını gələcəkdə təkcə daxili bazara deyil, xarici bazara da təklif edə bilərik. Burada hansısa ağır texnikanı yığa da bilərik. Onun montajı və ya yığılması başqa ölkələrdə də həyata keçirilə bilər. Bir sözlə, polad sənayesi perspektivdə özümüzün ağır hərbi texnikamızın olması baxımından özünü doğrulda biləcək sahədir. Əlbəttə, istehsal edəcəyimiz ağır texnika heç də qısa zaman kəsiyində özünə alıcı tapmaq gücündə olmayacaq. Bu gün dünyada həmin işlə illərdir məşğul olan çoxsaylı dövlətlər var və onlar artıq həmin sahənin uzmanıdırlar. Amma gələcək üçün polad sənayesinin inkişafı fonunda ağır hərbi texnikamızı dünya bazarına da təklif edə bilərik. İstərdim ki, qısa müddətdə müasir texnologiyanın köməyi sayəsində Azərbaycan da özünün ağır hərbi texnikasını dünyaya yaysın".

Sizin Reklam Yeriniz