Əlaqə Arxiv
news Image
2013.05.02
08:24
| A A A
“Əl-Qaidə” Xəzərdə də böyük təhlükəyə çevrilə bilər
Amerikalı ekspert terrorçu qruplaşmanın Türkmənistana, buradan isə Xəzərə və bütün Qafqaza çıxış əldə edə biləcəyini bəyan edir

Azərbaycan ötən əsrdə yenidən dövlət müstəqilliyini əldə etdikdən sonra üzləşdiyi ən böyük problemlərdən biri də Xəzər dənizinin hüquqi statusu ilə bağlıdır. Proseslərin inkişaf istiqaməti göstərir ki, yaxın tezlikdə bu məsələni həll etmək mümkün olmayacaq. Çünki İran və Türkmənistan hələ də dənizin orta xətt prinsipi ilə bölgüsü üzərində tərəddüd edirlər.

Əsas etibarı ilə İran bu prinsip əsasında dəniz sərhədlərinin müəyyən olunmasına qarşı çıxır. Bütün bunlar dənizin status probleminin yaxın perspektivdə çözülmək ehtimalının böyük sual altında olduğunu göstərir. Lakin Xəzərdə yaranan problem təkcə bununla məhdudlaşmır.

Məlumatlara görə, ABŞ-ın Xəzər dənizində hərbi dəniz bazası yaratmaq istəyi Rusiyada ciddi narahatlıq yaradıb. Moskva NATO qüvvələrinin Xəzərə gəlməsini istəmir. Xatırladaq ki, Qazaxıstan Əfqanıstandan yüklərin tranziti üçün Xəzərdəki "Aktau" limanını NATO-ya verməyə hazırdır. Bu barədə Qazaxıstanın Almatı şəhərində İstanbul prosesi çərçivəsində keçirilən konfransında ölkə prezidenti Nursultan Nazarbayev bildirib. Ekspertlər hesab edir ki, Nazarbayevin təklifi qəbul edilərsə, Aktau limanı avtomatik olaraq Pentaqonun və onun müttəfiqlərinin bazası olacaq. Mərkəzi Asiya və Qafqazın öyrənilməsi üzrə Mərkəzinin eksperti Stanizlav Pritçin isə hesab edir ki, Xəzər dənizində ABŞ hərbi dəniz bazasının yaradılması regionun, xüsusilə İran və Rusiyanın sürətli silahlanmasına gətirib çıxaracaq. Ancaq daha bir təhlükəli məqam koalisiya qüvvələrinin 2014-cü ildə Əfqanıstandan çıxarıldıqdan sonra Mərkəzi Asiyada vəziyyətin nəzarət çıxması ehtimalı və bunun Xəzər regionuna, o cümlədən Qafqaza mənfi təsir göstərə biləcəyidir. Tanınmış amerikalı politoloq Ariel Koen bununla bağlı bildirib: "Mərkəzi Asiya üçün silah yox, bu silaha sahib insanlar təhlükə doğurur. Bu regionda sovet silahı da çox olub, ancaq orada yer alan yeganə ciddi münaqişə Tacikistandakı vətəndaş müharibəsidir. Orada islam faktoru ilə keçmiş sovet partiyasının nomenklaturası qarşı qarşıya gəlib.

Bu gün mən ən əsas təhlükəni taliban və "əl-Qaidə" ilə bağlı olan sələfi təşkilatları, Türkmənistanın İslam Hərəkatı, Özbəkistan İslam Hərəkatı, "Hizb-ut-Tahrir" müttəfiqləri və digərləri tərəfindən görürəm. Bu cür sxem yaranır: Fars körfəzi ölkələrindən mesajlar gəlir, əsgərlər və beynin yuyulması isə Əfqanıstan, Pakistanda həyata keçirilir.

Bu gün Əfqanıstandan ordu çıxarıldıqdan sonra Rusiya və Çinin, eyni zamanda Mərkəzi Asiya regionu ölkələrinin olduğu kimi, ABŞ-ın da qarşısında duran hədəf regionda terrorizm partlayışına və ekstremizmə yol verməməkdir. Ancaq Özbəkistanda islahatlar prosesi getmədiyinə görə, xarici sərmayenin cəlb olunması və qaz ixracına baxmayaraq, bu ölkə inkişafda Qazaxıstandan 10 il geridədir.

"Əl-Qaidə"nin hazırki lideri sözsüz ki, Xəzər regionuna marağa sahibdir: koalisiya çıxarıldıqdan sonra Taliban hərəkatı ilə birgə Əfqanıstanı ələ keçirməklə onlar Türkmənistana hücum şərtlərini inkişaf etdirmiş olacaqlar. Yeri gəlmişkən, orada vəziyyət olduqca çətindir. Türkmənistandan isə Xəzərə və bütün regiona, o cümlədən Qafqaza çıxış əldə olunacaq. Bununla yanaşı, çətinlik ondadır ki, Özbəkistan, Tacikistan və Qırğızıstanda olduğu kimi, Türkmənistanın Əfqanıstanla iqtisadi əməkdaşlığı çox çətindir. Ancaq əgər özləri buna cəhd göstərməzsə, regionda bunu onların əvəzinə edəcək başqa biri meydana gələcək. Məsələn, Rusiya".

Yeri gəlmişkən qeyd edək ki, Rusiya həm mərkəzi Asiyada, həm də Xəzərdə hərbi varlığını gücləndirir. Bir müddət əvvəl Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər flotiliyasının döyüş sıralarına 21630 "Buyan" layihəli yeni gəmi daxil edilib. "Mahaçqala" adı verilmiş kiçik artilleriya gəmisi "Stels" texnologiyaları əsasında inşa edilib və radarlara görünmür. "Mahaçqala" "Buyan" layihəsi üzrə istehsal olunmuş üçüncü gəmidir və Xəzər dənizi üçün nəzərdə tutulur. Gəminin silahlanmasına 100 mm-lik A190 gəmi topu, iki ədəd 30 mm-lik altı lüləli AK-306 topu və 40 lüləli 122 mm-lik "Qrad-M" reaktiv yaylım atəş sistemi daxildir.

Moskvanı həm də narahat edən odur ki, ABŞ-ın Xəzərə gəlişi burada daha böyük silalanmaya rəvac verəcək. "Rusiyanin səsi" radiosu da bu qənaətdədir ki, ABŞ-ın Aktau limanında hərbi dəniz bazası yaratması Xəzərin regionunda güc balansını pozulmasına yönəlik addımdır. Radio bildirir ki, limandan Əfqanıstan çıxarılacaq hərbi yüklərin daşınması üçün müvəqqəti istifadə ediləcəyi deyilsə də hərbi ekspertlər ABŞ-ın uzağagedən planlarının olduğunu düşünür. Qeyd olunur ki, ABŞ Qazaxıstanda hərbi dəniz bazası yaratması heç də sensasiya kimi qəbul olunmamalıdır. Çünki, Vaşinqton bu plan üzərində inadla son bir neçə il ərzində çalışır.

Rusiya Strateji Mədəniyyət Fondunun direktor müavini Andrey Areşevanın məsələ ilə bağlı qeyd edir: "Bu baza bir tərəfdən Qafqazla Mərkəzi Asiya arasında amerikalıların kommunikasiyalarını asanlaşdıra, digər tərəfdən isə müəyyən dərəcədə Xəzərdə Rusiya və İranın mövqelərinə təsir edə bilər. Belə ki bu ABŞ üçün olduqca aktual məsələdir. Düşünürəm ki, bu Xəzər regionunda, Mərkəzi Asiyada və Qafqazdakı vəziyyətə kifayət qədər mənfi təsir göstərəcək. Hər şeydən əvvəl ABŞ Rusiyanı və İranı Xəzərdə təhlükəsizlik məsələlərin koordinasiyası haqqında fikirləşməyə məcbur edəcək". bütün bunlar isə Xəzərdə olduqca gərgin bir vəziyyətin formalaşmaqda olduğunu üzə çıxarır.

Sizin Reklam Yeriniz