Əlaqə Arxiv
news Image
2013.05.03
08:14
| A A A
"Quş qripi” dəhşətli epidemiyaya çevrilə bilər
H7N9 virusu Çindən Azərbaycana da üz tuta bilər

On minlərlə insanın həyatına son qoyan "quş qripi" xəstəliyinin növbəti dəfə baş qaldırması ilə bağlı yenidən həyəcan təbili çalınır. Artıq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri son zamanlar Çində ortaya çıxmış quş qripinin yeni növünün (H7N9) insanlar üçün ciddi təhlükə olduğunu bildiriblər.

Onlar hətta dünyanı xəbərdarlıq da edir: "Dünya yenidən "quş qripi" epdiemiyası ilə üz-üzədir. Xəstəliyin insandan insana keçmə ehtimalı var". Təşkilat ekspertlərinin qənaətincə, son vaxtlar Çində yayılan H7N9 virusu insanlar üçün ciddi təhlükə daşıyır. Onların sözlərinə görə, qripə yoluxanlar arasında ölüm göstəricisi yüksəkdir. Qripin bütün dünyaya yayılma ehtimalı var. Qeyd edək ki, indiyədək Çində 126 nəfər quş qripinə yoluxub. Virus onlardan 24-nün həyatına son qoyub. Hazırda qripin quşlardan insana keçdiyi ehtimal edilir. Alimlər qripin yayılma sürəti və təhlükəliliyindən narahatdırlar. Lakin xəstəliyin bu mərhələsində virusun mutasiya olunaraq insandan insana keçə bilmə ehtimalının olub-olmaması məlum deyil.

Qeyd olunduğu kimi isə təhlükənin artması ilə bağlı xəbərdarlıq elan edilib. Epidemioloqlar virusa tutulanlar arasında müxtəlif yaş qruplarından olan insanların olduğunu söyləyirlər. Bu insanlarda xəstəliyə qarşı immunitetin olmaması ilə izah olunur. Xəstəliyin ilk simptomları ürək bulanması ilə başlayır. Daha sonra yüksək temperatur müşahidə olunur və ağır respirator simptomlar güclənir və pnevmoniyaya gətirib çıxarır. Qeyd edək ki, bəşər tarixində dəfələrlə insanların qripdən kütləvi ölüm halları baş verib. 1918-19-cu illərdə qripin ən ağır - "İspanka" forması 40 milyonadək insanın həyatına son qoyub. Bu birinci dünya müharibəsi zamanı həlak olanların sayından çoxdur. 2009-cu ilin aprelindən 2010-cu ilin avqustunadək isə H1N1 virusundan 284 min 500 nəfər həyatını itirib. Müxtəlif məlumatlara görə, hər il dünyada 1 milyarda yaxın insan mövsümi qripə yoluxur. 500 mindən 3 milyona qədər insan isə xəstəlikdən vəfat edir.

İndi təhlükə mənbəyinə çevrilən H7N9 qripinin genotipi 2 mutasiyaya malikdir. Onlar qripin insandan insana keçmək qabiliyyətinə malik olacağı ehtimalını artırırlar. Əgər virus bu xarakterə malik olsa, bu pandemiyanın əmələ gəlməsi şərti deməkdir. O da məlumdur ki, nə Çində, nə də dünyanın heç bir yerində hələ bu virusa qarşı vaksin yoxdur. Çinə müxtəlif məqsədlər, o cümlədən ticarət üçün xeyli sayda azərbaycanlının üz tutması nəzərə alınarsa, "quş qripi" xəstəliyinin Azərbaycanı da təhdid etdiyini söyləmək olar. Düzdür, müvafiq dövlət strukturları hələlik narahatlığa heç bir əsas görmür. Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov məsələ ilə bağlı qeyd edir: "Dünyanın bəzi ölkələrində "quş qripi" (H7N9) qeydə alınsa da, onun insandan-insana keçmə halları təsdiqlənməyib. Buna görə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən həmin ölkələrə gedib-gəlmə, səfərlərlə bağlı hansısa məhdudiyyətlər yoxdur". Onun sözlərinə görə, "quş qripi" təhlükəsi ilə bağlı ÜST tərəfindən Azərbaycana hər hansı bir müraciət və ya tövsiyə daxil olmayıb.

Bu qripin yaz-yay mövsümündə pandemiyaya çevrilməsinin nə dərəcə mümkün olduğuna gəlincə, V.Qasımov qeyd edib ki, virusun insandan-insana keçməsi təsdiq olunmayıbsa, deməli, vəziyyət qorxulu deyil. Onun sözlərinə görə, bu virus insandan-insana keçmirsə, təhlükə törətmir. Yalnız xəstəlik insandan-insana keçdiyi halda pandemiya xarakteri ala bilər. V.Qasımov APA-ya açıqlamasında Azərbaycanda yoluxucu xəstəliklərlə bağlı vəziyyətin stabil olduğunu açıqlayıb. Sektor müdiri qeyd edib ki, ölkədə hansısa bir xəstəliyin kəskin artması müşahidə olunmur.

Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) "quş qripi" xəstəliyi ilə bağlı Azərbaycanda mütəmadi monitorinq aparır. Sonuncu monitoriq zamanı müayinə olunmuş nümunələrin heç birində "quş qripi" xəstəliyinin törədicisi müəyyən edilməyib. Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunmayıb.

DBX isə bəyan edir ki, bütün növ quşların ovlanması, qanunla müəyyən edilməyən yerlərdə və ticarət obyektlərində quşların diri formada, eləcə də quş əti və məhsullarının satışı qadağandır. DBX əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları mütləq qapalı şəraitdə saxlanılmalıdır. Hazırda quş qripi xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikamızda epizodik vəziyyət sabitdir. Lakin Ümumdünya Səhiyyə Təşkilatının xəbərdarlığı vəziyyətin dəyişə biləcəyini istisna etmir.

Sizin Reklam Yeriniz