İranın molla rejimi ölkəsinə qonaq gələn azərbaycanlı ziyalılara qarşı hələ də qonaqpərvərlikdən çox uzaq olan mövqe sərgiləyir. Xəbər verdiyimiz kimi, aprelin 30-da İran xüsusi xidmət orqanlarının əməkdaşları 6 nəfər azərbaycanlını tutub. Onlardan ikisi Azərbaycan Respublikasının vətəndaşlarıdır. Bunlardan biri də Milli Elmlər Akademiyasının təmsilçisi olan Xalidə Xaliddir.
Xalidə Xalidin İrana elmi işilə bağlı olaraq getdiyi bildirilir. Azərbaycanın Təbriz Baş Konsulluğu İran Xarici İşlər Nazirliyinə saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı nota verib. Notada qeyd edilib ki, İran tərəfi saxlanılan azərbaycanlı vətəndaşlarla bağlı məlumatlandırsın.
Öz növbəsində, İran hüquq-mühafizə orqanları iki Azərbaycan vətəndaşının saxlanıldığını şifahi formada təsdiqləyiblər.
Bu hadisələr İran rejiminin Azərbaycan vətəndaşlarına və yerli azərbaycanlı sakinlərə qarşı düşmən mövqedən yanaşdığının bariz nümunəsidir. Xatırlayırsınızsa, ötən il öncə İrana şair məclisinə gedən iki gənc yazar, Şəhriyar Delgerani və Fərid Hüseyn də həbsə məruz qalmışdılar. Onlar təxminən 4 aya qədər İran zindanlarında əziyyət çəkməli oldular. Yalnız Azərbaycan rəsmilərinin və ictimaiyyətinin kəskin etirazından sonra İran rəsmiləri həmin yazarları evlərinə buraxmaq məcburiyyətində qaldılar. Sadalanan bu faktlar Azərbaycan vətəndaşlarının İrana səfərlərinin təhlükəli olduğunu düşünməyə əsas verir. Hər bir ölkə adətən ərazisinə daxil olan xarici qonaqlarnı təhlükəsizliyinin qayğısına qalmalıdır. İran rejimi isə əksinə hərəkət edərək ölkəsinə elmi, mədəni tədbirlərdə iştirak etmək üçün gələn soydaşlarımızı şərləyərək həbs etməklə məşğuldur. Belə bir vəziyyət həmin ölkəyə səfər edən vətəndaşlarımızdan ehtiyatlı olmağı tələb edir.
Ekspert Nail Cəlilin fikrincə, İranın Azərbaycan vətəndaşlarını tutmasının arxasında ölkəmizə qarşı müəyyən şərtlər irəli sürmək məqsədi dayanır: "Bilirsiz ki, indi İnana getmək çox asandır, yəni vizasız bir məkandır. İran tərəfi bundan sui-istifadə edir. Yəni ora gedən istənilən Azərbaycan ziyalısını həbs edib ona qarşı istənilən ittihamlar irəli sürə bilər. Xatırlayırsızsa, iki gənc şairimizi həbs edib onlara qarşı hansı ittihamlar irəli sürdülər, guya İrana qarşı casusluq ediblər. Hansı ki, festivala getmişdilər. Həmin şairlərimizi saxladılar, Azərbaycana müəyyən şərtlər irəli sürdülər, sonradan azad etdilər. Bu dəfə də belə olacaq. Xalidə Xalidi bir müddət həbsdə saxlayacaqlar və başlayacaqlar Azərbaycanla alver etməyə. Azərbaycan həbsxanalarında Azərbaycanda dövlət çevrilişinə cəhdə təqsirli bilinən və İranın nəzarəti altında olmuş şəxslər çoxdur. İran onların azad olmasına çalışacaq. Məhz azərbaycanlı ziyalılarımızı "ov"lamaqla".
Milli Dirçəlik Hərəkatı Güney Azərbaycan Departamentinin rəhbəri Əlirza Amanbəyli düşünür ki, Azərbaycan vətəndaşları da daxil olmaqla 6 nəfər soydaşımızın heç bir əsas olmadan həbsi İranın sivil, insani qaydalarla idarə olunmadığına bariz nümunədir: "İran rejiminin yerli azərbaycanlıları və Azərbaycan Respublikası vətəndaşlarını həbsə məruz qoymaları birinci dəfə deyil baş verir. Bir müddət qabaq Azərbaycandan gedən alimi belə onlar həbs etmişdilər. Ardınca Elmlər Akademiyasının alimlərindən biri, doktor Elza İsmayılovanı da tutmuşdular. Sonra iki gənc yazarımız da anoloji vəziyyətlə üzləşmişdilər. İndi isə Xalidə Xalidi digər ölkə vətəndaşını və 4 nəfər güneyli fəalı həbsə məruz qoyublar. İranın bu hərəkətləri heç cürə anlaşılmır. Bir tərəfdən, onlar Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmağa hazır olduqlarını və Azərbaycan xalqı ilə qardaş olduqlarını bəyan edir, digər tərəfdən isə ölkəsinə gələn alimlərimizi, şəhriyarşünasları əsassız olaraq həbs edirlər. Belə bir həbslər qeyri-qanunidir. İran tərəfi soydaşlarımızı həbsə məruz qoysalar da ənənəsinə sadiq qalaraq hələ də həbsin motivlərini açıqlamır. Molla rejimi görünür, Azərbaycandan ölkəsinə hər hansı bir alimin, yazıçının gəlməsindən qorxuya düşüb. Onlar Azərbaycan dövləti və millətinin varlığından qorxurlar. Ona görə də ora gedən hər bir Azərbaycan vətəndaşlarını, xüsusən də alim və yazarlarımızı təzyiq altında saxlayırlar. Son hadisələr göstərir ki, İran rejimi alim və yazar qadınlara belə aman vermir. Onların bu hərəkəti heç cürə bağışlanılan deyil. Bu onu göstərir ki, rejimin həyata keçirdiyi həmin əməllər özbaşınalığın nəticəsidir. Soydaşlarımıza münasibətdə belə sayğısız və heç bir əndazəyə sığmayan hərəkətlər İrana səfərlərin artıq təhlükəli həddə çatdığından xəbər verir. Belə hərəkətlər Azərbaycan İran münasibətlərinə ciddi təsir edən məqamlardır. Molla rejimi ora gedən Azərbaycan vətəndaşlarını heç bir əsas olmadan həbs etməklə Bakı ilə münasibətləri korlamaq yolunu tutduğunu ortaya qoymuş olur. Böyük ehtimalla belə hərəkətlərlə İranın məsqədi məhz dediyim bu maqama nail olmaqdan ibarətdir. Son həbsləri İranın Azərbaycan millətinə qarşı daxildə olan nifrətinin göstəricisi hesab edirəm. Ora gedən qadın alimimizin Güney Azərbaycan, Türk dünyası və Şəhriyarla bağlı araşdırmaları olub. Xalidə Xalidin həbs olunduğu gün İranda həm də Qadınlar Günü kimi qeyd olunur.
Bunun özü də İran rejiminin qadınlara münasibətinin nəticəsidir. Həbs olunan güneylilər də incəsənət adamlarıdır, ikisi aşıqdır, digərləri də şair və yazıçıdır. Yəni həbs olunanların hamısı ziyalı insanlardır. Belə hallar İranda milli-azadlıq hərəkatı güclənməsinin nəticəsidir. Bundan ehtiyatlanan molla rejimi ora gələn hər bir alim və yazıçımıza potensial düşmən kimi baxır. Ona görə də belə qanunsuz həbslərə yol verirlər. İranın bu addımını Tehran hökumətinin müstəqil Azərbaycan Respublikasına meydan oxumağa cəhd kimi baxıram. Müstəqillik qazandıqdan sonra İrandan heç bir səmimi qonşuluq görmədik. İran istər müstəqilliyimizə, istər dövlət atributlarımıza dəfələrlə sayqısızlıq göstərib. Bütün bunlardan şirniklənən İran, indi açıq düşüncəli Azərbaycan ziyalılarının orada sərbəst hərəkətlərinə imkan yaratmır, istədiyi vaxt Azərbaycan ziyalılarını həbs edir".