Əlaqə Arxiv
news Image
2013.05.08
08:40
| A A A
Mərtəbələri layihədəkindən çox olan binaların yaratdığı təhlükə
Hikmət Məmmədov: “Həmin bina bir neçə ildən sonra çökə, yaxud da bu və ya digər proseslər nəticəsində əyilə bilər” Ramil Osmanlı: “Yeni tikililərdə qeydiyyatın problem halında qabardılması məhz bilavasitə bu cür məsələlərlə bağlıdır”

Məlumdur ki, ölkədə inşa edilən bəzi binaların mərtəbələrinin sayı layihədə nəzərdə tutulduğundan çoxdur. Bu binalar da əsasən 2006-cı ildən əvvəl tikilmiş binalardır. Hansı ki, həmin dövrdə Fövqəladə Hallar Nazirliyi ( FHN ) fəaliyyət göstərmirdi. İndi bəzilərində yaşayış olan belə binaları texnogen və digər qəzalar baxımından təhlükəli hesab etmək olar.

Azərbaycan Memarlıq və İnşaat Univrsitetinin İnşaat fakültəsinin dekanı Hikmət Məmmədov bildirir ki, ümumiyyətlə, layihələrdə binaların 8 ballıq zəlzələyə davamlıolması nəzərdə tutulur. "Amma hesabatlar 9 bala görə aparılır. Ona görə də mərtəbə artırılan binalarda texnoloji proseslərə riayət olunsa, layihədə istifadə olunan materiallar standartlara cavab versə, bioloji axtarışlar düzgün aparılsa, fundament düzgün qoyulubsa, problem ola bilməz. Həm də həmin binalara fərdi yanaşmaq lazımdır. Düzdür, ümumiyyətlə, nəzərdə tutulan mərtəbədən çox tikmək olmaz. Çünki, onun fundamenti göstərilən mərtəbələrə görə hesablanıb. Yəni, binanın ağırlığı oturduğu torpağın müqavimətindən az olmalıdır. Mərtəbənin sayı çox olduqda isə tarazlıq pozulur. Deməli, həmin bina bir neçə ildən sonra çökə, yaxud da bu və ya digər proseslər nəticəsində əyilə bilər. Bir də Sovet vaxtından elə tikililər var ki, onlar möhkəm binalardır. Bu gün onlara bir, hətta iki mərtəbə də artırıblar. Amma bütün hallarda memarlıq, inşaat və möhkəmlik baxımından mərtəbənin sayının artırılması əsaslandırılmalıdır".

Mühəndisin sözlərinə görə, həmin binaların saxlanılması üçün ilk öncə yoxlama aparılmalıdır: "Yoxlama aparıldıqdan sonra həmin binanın sökülüb - sökülməyəcəyinə qərar vermək olar. Onsuz artıq Xruşovun vaxtında tikilən binaların hamısı təzələnir. Bir də bu gün elə binalar var ki, onlar 2002 - 2005 illərdə tikilib. Amma çox yaxşı binalardır. Kimsə də sonradan mərtəbə artırıb. Ümumiyyətlə, tikililər də 20 - 30 faiz ehtiyat əmsalları olur".

Hikmət Məmmədovun sözlərinə görə, dünyada elə binalar var ki, 250 il istismar müddəti olur: "Binanın istismar müddəti layihədə nəzərdə tutulur. Adətən bu gün bizdə tikilən monolit binaların ən azı 200 il istismar müddəti var. Çünki, hazırda Z. Tağıyevin vaxtından tikilən bianalarımız qalır. Halbuki, bugünki texnika o dövrün texnikasından daha da güclüdür. Hətta bu gün elə sementlər var ki, möhkəmliyi dəmirdən çoxdur".

"Əmlak bazarı iştirakçıları" İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı bildirir ki, əgər belə hallar olubsa, artıq burada məsələlər qanunun icazə verdiyi tələblər çərçivəsində həll olunmalıdır: "Məsələn, bu gün yeni tikililərdə qeydiyyatın problem halında qabardılması məhz bilavasitə bu cür məsələlərlə bağlıdır. Yəni, bəzi binalarda ölçülər sənədlərdə göstərilən kimi deyil. Bəzilərində torpağın sənədi yoxdur, bəzilərində isə infrastruktur ilə bağlı çox ciddi problemlər var. Hər halda yaxşı olar ki, FHN bu cür binaların sayını və pozulma hallarının konkret ünvan üzrə konkret dərəcələrini göstərsin".

Ramil Osmanlı onu da əlavə etdi ki, əgər belə hallar arxitektur və yerləşmə baxımından ciddi problemlər yaradırsa, nəsə tədbir görmək olar: "Amma həmin binalar yerləşmə baxımından ciddi problemlər yaratmırsa, onların sökülməsinə ehtiyac yoxdur. Sadəcə, mühəndis-texniki qaydaların pozulması halları yoxdursa, seysmik baxımından tələblərə cavab verirsə, onların sənədləşdirilməsinə razılıq vermək olar".

Sizin Reklam Yeriniz