Əlaqə Arxiv
news Image
2013.05.17
08:44
| A A A
Mingəçevir Su Anbarı üzərində böyüyən zəlzələ təhdidi
Ənvər Əliyev: “Mingəçevir ərazisində kəskin dağıdıcı zəlzələlərin olması ehtimalı var” Vüsalə Rafiqqızı: “Mingəçevirdə hiss olunan təkan olsa, onun anbara müəyyən fəsadları ola bilər”

Son günlərin ən çox diqqət cəlb edən mövzularından biri də Mingəçevir Su Anbarı ilə bağlı verilən açıqlamalardır. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə deyib ki, Mingəçevir hövzəsi ciddi təhlükə olaraq qalmaqdadır: "60 ildən artıq istifadədə olan bu hövzədə ciddi tədqiqatlar aparılmalıdır. Çünki 60 il ərzində orada müxtəlif geoloji, tektonik, geodinamik dəyişikliklər baş verib. Bu tədqiqatlar AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi, Geologiya İnstitutu və FHN-lə birlikdə aparılmalıdır".

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli də deyib ki, Mingəçevir hövzəsi Azərbaycan üçün seysmik baxımdan ən təhlükəli ərazilərdən biri olaraq qalır: "Bu anbarın altından zəlzələ ocaqları, dərinlik qırılması keçir. 2010-cu ildə Kür subasması zamanı daşqının qarşısını almaq üçün Mingəçevir bəndinin ağzını bağladılar. O zaman anbarın dolmasına 70 sm qalmışdı. Seysmik təhlükəyə görə bənddə suyun səviyyəsini bundan yuxarı qaldırmaq olmaz. Həmin vaxt yeraltı təkanların sayı artmağa başladı. Bundan sonra suyu buraxmağa başladılar. Bu barədə yazılanlar dəfələrlə cavabsız qalıb. Seysmoloq kimi deyirəm ki, Mingəçevir Su Anbarı çox təhlükəlidir".

Fövqəladə Hallar Nazirliyinin İnfrastrukturun İnkişafı Baş İdarəsinin rəisi Tariel Hüseynov bildirib ki, Mingəçevir Su Anbarında 4 baldan yuxarı olan zəlzələlərin sayı artıb. Onun sözlərinə görə, əslində dünyada su anbarlarında seysmik təhlükə 1 baldan yuxarı olmamalıdır. T. Hüseynov deyib ki, Mingəçevir Su Anbarı ilə yanaşı, Şəmkir, Yenikənd su anbarları ilə bağlı da kompleks tədqiqatlar aparılmalıdır. Xatırladaq ki, bu anbar Mil, Muğan, Şirvan düzlərindəki min hektara yaxın ərazinin suvarılmasında istifadə edilir. Su anbarından həmçinin balıqçılıq, su təchizatı və rekreasiya məqsədi üçün də istifadə olunur. Mingəçevir su anbarının bəndində ümumi gücü 371 min kvt olan 6 hidroaqreqatdan ibarət su-elektrik stansiyası (SES) tikilib.

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun əməkdaşı, professor Ənvər Əliyevin sözlərinə görə, Mingəçevir Su anbarında 18 milyard kubkilometrlik su yükü var: "Ərazi çökmə süxurlardan ibarətdir. Bütövlükdə Mingəçevir seysmik zonadır. 18 milyard kubkilometrlik su çökəklik üçün çox ağır yükdür. Bu yük oranın seysmikasını artırır. Bununla da həmin ərazidə zəlzələ ehtimalı yüksəlir. Anbar antropogen təsir nəticəsində yaranmış göl olsa da, seysmikanın artımına təsir edir. Həmin yerlər 7 ballıq ərazilərdir. Amma Mingəçevir ərazisində kəskin dağıdıcı zəlzələrin olması ehtimalı var. Bundan başqa nəhəng bir yüklənmə də təkanaları artırır".

Ənvər Əliyev bildirdi ki, zəlzələyə görə həmin yerdə qabaqlayıcı addım atmaq mümkün olmayacaq: "Ancaq qabaqlayıcı addım kimi gələcəkdə tikintilərin, müxtəlif özüllərin konstruksiyasını möhkəm etmək olar. Onsuz da 1000 ildən sonra oranın sahil xətləri dalğalar nəticəsində yuyularaq tökülür. Kür və Gürcüstanda gələn çayların gətirmə məhsulalrının həddindən çoxluğu gölü doldura biləcək. Bu da təxminən 800 - 1000 il hesablanır. Həmin müddətdən sonra o ərazi dolacaq. Belə problemlər, xüsusən də dolma məsələsi dünyanın müxtəlif yerlərində var. Səhvi təbiət yox, insanlar edir. Bu aforizm bütün hallarda özünü doğruldub".

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat katibi Vüsalə Rafiqqızının sözlərinə görə, ümumilikdə Azərbaycan ərazisi seysmik baxımından aktiv zonadır: "Ancaq Mingəçevirdə dəqiq hansı balda zəlzələnin baş verəcəyini deyə bilmərik. Ora aktiv ərazidirsə, daim zəlzələləri gözləmək mümkündür. Mingəçevir də aktiv ərazi sayılır. Onsuz da ölkə ərazisində aktiv zonaların hamısında xırda təkanlar həmişə qeydə alınır. Hansı ki, onlar maqnitudası 2.5-dən aşağı olan həssas təkanlardır. Həmin təkanları əhali hiss etmir. Hər halda Mingəçevirdə hiss olunan təkan olsa, onun anbara müəyyən fəsadları ola bilər. Bir məsələni də nəzərə alaq ki, biz balaca ölkəyik. Hansısa aktiv zonada təkanlar baş verəndə müəyyən məsafədə olan ərazilərdə də hiss olunur. Mingəçevirdə yerin üstündə hiss olunan zəlzələlər baş versə, su anbarı üçün təhlükələr yaranır. Hiss olunan təkanlar isə 4 baldan yuxarı olanlardır".

Sizin Reklam Yeriniz