Əlaqə Arxiv
news Image
2013.05.23
14:39
| A A A
Aktrisanın ittiham dolu açıqlamasına cavab gəldi: “Elə deyil...”- ARAŞDIRMA

Ölkədə serial çəkilişinə dövlət səviyysində maliyyə yardımı göstərilsə də, mütəxəssislər bu serialların səviyyəsini qənaətbəxş hesab eləmirlər. Elə bunun nəticəsidir ki, Azərbaycan tamaşaçısında əcnəbi ölkələrin, xüsusən Türkiyənin istehsalı olan seriallara maraq artan xətt üzrə inkişaf edir.

 

Peşəkarlığı ilə həmişə seçilib-sevilmiş aktrisa, əməkdar artist Kəmalə Müzəffər Mövqe.az-a açıqlamasında bunun səbəbini naşı yazılmış ssenaridə gördüyünü deyib: "Ortada yaxşı ssenarilər yoxdur. Əcnəbi ölkədə çəkilən serialları götürsək, hər şeydən əvvəl orada insanları ekran başına toplaya biləcək, düşündürmək gücünə malik ssenarinin olduğunu görərik. Serial bəşəri problemi çözmək üçün deyil. Serial gündəlik, tez-tez həyatda rastlaşdığımız problemləri, hadisələri ekrana gətirən sənət nümunəsidir. Bu üzdən ona bəzən "sabun operası" da deyilir.

 

Fikrimcə, Azərbaycanda ona görə serial yoxdur ki, ssenari yazanlar sıfır dərəcəsindədirlər. Bunu tam məsuliyyəti ilə deyirəm. İndiyə kimi elə bir yazıçı və ya ssenarist olmayıb və yoxdur ki, serialın 50 bölümünü təqdim etsin və həmin bölümlər efirə getikdən sonra tamaşaçı, eləcə lap mən özüm aktrisa olduğumu, həmin serialda oynadığımı unudub, həmin serialı mütamadi izləyim.

 

Şəxsən mənim izlədiyim elə serial var ki, həftənin hər 3-cü gününü səbirsizliklə gözləyirəm ki, vaxt tez keçsin və mən o serialın növbəti bölümünü izləyim. Bu, "Möhtəşəm yüz yıl" serialıdır. O serialda da heç bir bəşəri problem qoyulmur, sadəcə saray çəkişmələrini, daha çox qadın problemlərini, daxili münaqişələri ön plana çəkiblər. Çünki tamaşaçını daha çox bu maraqlandırır. Bəli, serial budur.

 

Tamaşaçını nə maraqlandırır, rejissor da onu göstərməlidir. Ssenarist problemindən sonra mən rejissor, qrimçi, aktyor problemlərini qeyd edə bilərəm. Bu günə kimi 3 seriala çəkilmişəm, 2-nə dəvət almışam. Buna baxmayaraq, deyə bilərəm ki, bu gün bu sektorda problemlər olduqca böyükdür. Bəlkə də bu problemlər maliyyə ilə bağlıdır.Ancaq mən bu barədə ətraflı bir şey danışa bilmərəm.Çünki serialın bir bölümünə və ya bütövlükdə seriala nə qədər maliyyə ayrılır, azdır-çoxdur – bu haqda məlumatsızam.Əlimdə faktım yoxdur. Həmişə demişəm, faktsız yalnız axmaqlar danışır.


Bir şeyi vurğulaya bilərəm ki, bizim serialların ssenarisi yox dərəcəsindədir. Serial o vaxt uğur gətirir ki, ssenarisi güclü, rejissor işi uğurlu, aktyor truppası peşəkar olur.Onlara da güclü maliyyə dəstəyi göstərilir".

K.Müzəffər ssenarist yazıçıların yetişməsinə şərait yaradan, müvafiq təhsil verən məktəbin olmadığını vurğuladı: "Adiyyəti qurumlar bu suallara cavab verməlidir ki, niyə görə ölkəmizdə gənc ssenarist yazarları yetişdirən məktəb yoxdur? Harda gedib oxumalıdır onlar?! Ssenari olmayandan sonra aktyor nəyi necə oynamalıdır?! Elə ssenari olub, mən gecədən səhərə qədər onu əlimə alıb, redaktə etmişəm. Çəkmək istəyənlərdə məcbur olub mövzunun skletini verirlər bir balaca yaza bilən birinə və səhəri gündə başlayırlar serial çəkməyə... Bu çatışmazlığın kökünü araşdırmaq lazımdır.

Türkiyədə serial, film çəkimlərini öyrənmək üçün böyük bir nəsil Hollivuda yollandı.Bəz bizdə?Araşdırmaq lazımdır Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetində kinodan dərs deyənlər kimlərdir? Görəsən onlar özəri bilirlərmi kino nədir? Kinodan normal anlayışları varmı?!Yaranın üzərini örtməklə o yara sağalmaz, yaraya məlhəm lazımdır.Ona görə deyirəm ki, hər bir problemin səbəbini araşdırıb ortaya çıxarmaq lazımdır.

İnanmıram ki, yaxın gələcəkdə bizdə dünya bazarına çıxarılacaq səviyyədə serial çəkilsin. Mən inanıram ki, peşəkar rejissorun əlinə güclü ssenari verilsə, aktyor problemini həll edə bilərik.

Nəzərinizə bir açıqlamanı da çatdırım ki, sentyabr ayından mən bütün rejissorlara müraciət edib deyəcəm ki, 3 kəlmə sözü güclə deyən, aktyorluq fakültəsini bitirməyən insanlara kiçik məbləğə çəkilir deyə seriallarda rol verməsinlər.Mən bir aktrisa kimi çəkiliş meydanına gəlib görsəm i, iki kəlməni deyə bilməyən insanı orda oturdublar, şəxsən mən çəkiliş meydançasını tərk edib gedəcəyəm.

Rejissorlar heç nə bilməyən "aktyor"un günü 30 manatdır deyə, çəkiliş meydançasına gətirirlərsə, mən bunu qəbul etməyəcəm.Ortabab aktrisanı güclü aktrisanın qarşısına qoyan rejissor özünə hörmət etmir. Mən müraciət edirəm peşəkar aktyorlara ki, eybi yox, 30 manat artıq versinlər sözü az olan rollar üçün, amma hər yoldan ötəni çəkiliş meydançasına yol tapmasın. Mən öz həmkarlarımdan da xahiş edirəm ki, bu işə ciddi yanaşsınlar."Əşi, kim baxacaq ki, bizim seriallara" deyib, rollarını başdansovdu oynamasınlar və ya çəkilənlərə rişxənd etməsinlər".

Aktrisa K.Müzəffər bu işlərdə jurnalistləri də günahkar saydı: "Niyə görə jurnalistlər ssenari məktəblərinin olmaması səbəblərini araşdırmırlar?! Bütün problemlərin kökünü mən və yaxud hər hansı aktyor yox, siz jurnalistlər araşdırıb tapmalısınız. Problem kökünü axtarıb, araşdırmayan jurnalistləri qınayıram.Yaxşı jurnalist əsl məsələnin kökünü tapar. Zəng edin hörmətli Prezidentimizə  və yaxud Təhsil Nazirliyinə, araşdırın görün, nədən ssenari məktəbləri yaradılmır".

Sərt leksikonla danışan aktrisanın fikirlərinə diqqət ayırdıq, jurnalist olaraq ünvanımıza deyilənləri də nəzərə alıb, kiçik bir araşdırma apardıq. Azərbaycanda ssenarist hazırlayan heç bir təhsil və yaradıcılıq məktəbinin olmadığını, Dövlət Mədəniyyət və İncəsənət Universitetdə müəllimlərin kinodan xəbərsiz olduğunu vurğulayan aktrisanın hirsli arqumentlərini inkar edən arqumentlər səsləndi, faktlar üzə çıxdı…

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ədəbi yaradıcılıq və ekran dramaturgiyası kafedrasının şöbə müdiri Aqşin Babayev Mövqe.az-a açıqlamasında bildirdi ki,  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində sənətşünaslıq fakültəsi var:" Burada dərs deyən müəllimlər çox peşəkar, savadlı insanlardır. Tələbələrimiz də həmçinin... Müəllimlərimiz məşhur dramaturq Əli Əmirli, Teatr Cəmiyyətləri İttifaqında işləyən Çingiz Ələsgərli, fəlsəfə doktoru Gülşən Qafarova, məşhur rejissor Hüseyn Cavadzadə, həmçinin mən özüm və başqa mütəxəssislər dərs deyirlər. Bizim kafedra üzrə tələbələr 4-cü kursu bitirdikdən sonra onlara ssenarist ixtisası verilir. Diplom işlərində onlar sərbəst mövzulardan ibarət ssenarilər yazır və yaxud romanları, pyesləri senariləşdirirlər. Bizim universitetin ssenaristləri bir neçə festivallarda, həmçinin Almaniyada Qarabağ mövzusunda birinci yer tutublar".

Qeyd edək ki, universitedə ədəbi yaradıcılıq və ekran dramaturgiyası fakültəsi ötən əsrin 90-cı illərindən fəaliyyət göstərir.

Mövqe.az olaraq universitetin ədəbi yaradıcılıq və ekran dramaturgiyası kafedrasının müəllimləri haqqında əldə etdiyimiz məlumatı da nəzərinizə çatdırırıq:

Kafedranın ilk müdiri filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə olub. 2006-cı ilin sentyabr ayından bu günə qədər kafedraya filologiya elmləri doktoru, professor Aqşin Babayev rəhbərlik edir. A.Babayev Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini(1959) və aspiranturasını (1964) bitirib. Azərbaycan Dövlət Televiziya və Radio verilişləri komitəsində sədr müavini (1976-1991) olub, 15 il Azərbaycan radiosuna və xarici verilişlərə başçılıq edib.

1991-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Ədəbiyyat və dillər", sonra isə "Kinoşünaslıq" kafedrasında müəllim kimi fəaliyyətə başlayıb.Hazırda "Müasir Azərbaycan dramaturgiyası", "Ssenarinin struktur problemləri" fənlərini tədris edir.

Kafedranın dosenti Əli Əmirli 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.1971-ci ildən dövri mətbuatda, ədəbi jurnallarda hekayə, povest və romanları ilə çıxış edib.

1990-cı ildən başlayaraq Ə.Əmirli daha çox dram əsərləri ilə çıxış edib. 20-dən çox səhnə əsəri – "Meydan", "Onun iki qabırğası", "Bala-bəla sözündəndir", "M.S.S.-Mən səni sevirəm", "İyirmi ildən sonra", "Yeddi məhbusə", "Xoşbəxt gün", "İtgin ər və ya ufoloji ehtiraslar", "Varlı qadın", "Kişi və qadın", "Ağqoyunlu və qaraqoyunlular", "Köhnə ev", "Mesenat", "Səhnədə məhəbbət", "Sevən qadın" və sair əsərləri ölkənin demək olar ki, bütün teatrlarında, o cümlədən Akademik Milli Dram Teatrında tamaşaya qoyulub.

"Bala-bəla sözündəndir" komediyası əsasında 1995-ci ildə "Bala-başabəla" teletamaşası ekranlaşdırılib.2006-cı ildə "On beş pyes" adlı kitabını nəşr etdirib.

Ə.Əmirli 1999-cu ildən "Kinoşünaslıq və ekran dramaturgiyası" kafedrasında pedoqoji fəaliyyətə başlayıb.2005-ci ildən isə "Ədəbi yaradıcılıq və ekran dramaturgiyası" kafedrasının dosentidir."Kinodramaturgiya sənəti" və "Kinodramaturgiya nəzəriyyəsi" fənnlərini tədris edir.

Hüseyn Cavadzadə ADMİU-nun ədəbi iş ixtisasının magistr pilləsini bitirib. Ssenarist və prodüser kimi bir sıra filmlərin müəllifidir.Onun "Life" filmi Birləşmiş Millətlər Təşkilatının kinofestifalında birinci yerə layiq görülüb, "Tək əlin səsi" filmi Təl-Aviv film festifalında ən yaxşı eksperimental film, Beynəlxalq Audiovisual festifalda "ən yaxşı debut" kimi qiymətləndirilib."Ağ çiçəklərim" filmi isə "Ən yaxşı rejissor işi" nominasiyasında mükafatlandırılıb.Kafedrada 2009-cu ildən çalışır və "Ssenari yaradıcılığı" fənnini tədris edir.

Gülşən Qafarova 2007-ci ildə "Hüseyn Cavidin dramaturgiyasında ideal və qəhrəman problemi" adlı namizədlik işini müdafiə edib. O, "Hüseyn Cavid: Eşq və etiqad" adlı monoqrafiyanın, 7 elmi məqalənin müəllifidir.

Kafedranın müəllimi Çingiz Ələsgərli müxtəlif vaxtlarda Teatr Xadimləri İttifaqında şöbə müdiri, Mədəniyyət Nazirliyində məsləhətçi mütəxəssis, ANS-ÇM-də layihə rəhbəri və redaktor, İrəvan Dövlət Azərbaycan Teatrında ədəbi hissə müdiri vəzifələrində çalışıb. 12 pyesin müəllifidir.8 əsəri dövlət dram teatrlarında tamaşaya qoyulub.

Kafedranın müəllimi əməkdar jurnalist Zakir Abbas uzun illər Mədəniyyət Nazirliyində, Azərbaycan Televiziyasında çalışıb, pedaqoji fəaliyyətlə yanaşı bir sıra dərslik və ədəbiyyatların tərcüməsi ilə məşğul olub, K.Stanislavskinin seçilmiş əsərlərinin iki cildliyini ("Yaşantı", "Təcəssüm") tərcümə edərək nəşr etdirib.


 

Sizin Reklam Yeriniz