Bu günlərdə mətbuata açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı prinsiplərə razılıq verilməsinin vacibliyinin səslənməsi artıq ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu məsələdə nəticə əldə etmələrinin işartılarını göstərir.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bir müddət əvvəl Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT-in Minsk Qrupunun təklif etdiyi 6 əsas prinsipi ölkəsinin imzalamağa hazır olduğunu bildirib. Görəsən, Milli Məclis sədri müavininin yuxarıda səsləndirdiyi fikirlər konfliktdə danışıqlar yolu ilə irəliləyişin əldə olunmasının mümkünlüyünü göstərmirmi?
Milli Məclisin Analitik-İnformasiya Şöbəsinin müdiri Aydın
Ağayev konfliktin həllində danışıqların intensivləşdiyinin
işartılarını görmədiyini dedi: "Bu barədə fikir bildirən Milli
Məclis sədrinin müavini Bahar Muradova kifayət qədər məlumatlıdır.
Həmçinin ATƏT xəttilə illərdir ki, Dağlıq Qarabağ problemilə
məşğuldur, situasiyanı gözəl bilir və bu məsələnin təhlilindən də
kifayət qədər xəbəri vardır. Ona görə o deyirsə ki, münaqişənin
həllilə bağlı prinsiplərə razılıq verilməsinin vacibliyinin
səsləndirilməsi danışıqların intensivləşməsinə işarədir, yəqin
hansısa yeni momentləri nəzərdə tutur. Sadəcə olaraq, gözləmək
lazımdır. Amma birmənalı olaraq bu barədə bir söz deyə bilmərəm.
Nəzəri cəhətdən bu cür düşünmək də olar. Amma tənzimlənmə
prosesindən ötən bu illər ərzində dəfələrlə belə situasiyaların
olduğunun şahidi olmuşuq. Hansısa görüşlər ərəfəsində tək bir
ölkədən deyil, bir sıra digər ölkələrdən çox optimist şərhlər
səslənib. Sonra isə nəticə alınmırdı. Belə bir praktika da var və
bunu görmüşük. Ona görə də hansısa situasiyaya yeni müsbət çalarlar
gətirə biləcək atmosferdən danışmaq, bu barədə proqnoz vermək üçün
gərəkdir ki, həmin situasiyanın işartıları olsun. O işartıları isə
hələlik görmürəm. Bir rəyə görə
isə üçlük mexanizminin fəallaşmasının səbəbi əslində dayanmış
prosesə bir hərəkətlilik görüntüsü verilməsindən ibarətdir. Yəni
belə də düşünmək olar. Amma ciddi bir dəyişikliyin olması üçün
situasiyanı hazırlayan ilkin şərtlər olmalıdır. Bu şərtləri indi
görmürəm. Amma yəqin ki, təmaslar olacaq. Ermənistan tərəfindən 6
prinsip məsələsilə bağlı qaldırılan hay-küy məsələsinin
mahiyyətində isə ermənilərin Dağlıq Qarabağla bağlı məsələyə
münasibəti durur ki, bu da Azərbaycan tərəfi üçün qətiyyən məqbul
sayıla bilməz".
Politoloq Elşən Manafov da danışıqlar prosesində intensivləşmə amillərini görmədiyini dedi: "İndiyə qədər Ermənistan tərəfinin məhz hansı şərtlər müqabilində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənilməsilə bağlı danışıqlardakı mövqeyi bəlli deyil. Nalbadyanın 6 prinsiplə bağlı açıqlamaları da münaqişənin hansı şərtlər müqabilində tənzimlənməsinə aydınlıq gətirmir. İkincisi, erməni tərəfinin bu fikirlərinə şübhə ilə yanaşıram. Çünki prinsip etibarilə Ermənistan hakimiyyətinin Qarabağla bağlı siyasətinin kim tərəfindən müəyyənləşdirildiyi bəllidir. Ermənistan Rusiyanın forpostudur, ona Moskvanın təzyiq və təsir imkanları azalmayıb. Erməni lobbisi və diasporasının Qarabağla əlaqədar siyasətində hansısa yeniliklər baş verməyib. ATƏT-in Minsk qrupundakı digər dövlətlər, ABŞ və Fransa da Ermənistan hakimiyyətinə ciddi təzyiqlər etmir, Qarabağ məsələsində əvvəlki qeyri-konstruktiv mövqedən geri çəkilmələrini tələb etmir. Bunların heç biri ortalıqda yoxdur. Üstəlik erməni müxalifətinin də hazırkı erməni iqtidarına təzyiq imkanları yetərincə deyil. Başqa məsələdir ki, Ermənistan bölgə ilə bağlı gerçəkdən iqtisadi layihələrdə təmsil olunmaqdan kənarda qalmaq siyasətinin sonunun olmadığını və bunun ölkə iqtisadiyyatının çökməsinə gətirib çıxardığını anlayırsa, bu məsələnin özündə də İrəvan rəsmiləri Kremllə razılaşma olmadan bir addım da irəli gedə bilməz. Qarabağ və Cənubi Qafqazdakı digər münaqişələr Rusiyanın geosiyasi mübarizədə bölgəyə əsas təzyiq rıçaqlarıdır. Nə qədər ki, bölgədə bu münaqişələr qalır Rusiyanın region ölkələrinə siyasi təzyiq imkanları da qalacaq. Bu mənada güman etmirəm ki, Moskva Ermənistanı münaqişənin həlli istiqamətində yola gətirsin. Bu amillərin heç biri gerçək həyatda özünü büruzə vermədiyindən inanmıram ki, Ermənistan tərəfi bəyan etdiyi hansısa şərtlər müqabilində konfliktin çözülməsinə razılıq versin".