Əlaqə Arxiv
news Image
2013.05.25
08:24
| A A A
Su ilə səhhətimizə qənim kəsilənlər...
Hər il xeyli sayda insan su vasitəsilə müxtəlif xəstəliklərə yoluxur

Havaların isinməsi fonunda insanların təbii olaraq maye qəbuluna ehtiyacı artır. Bu fonda o da tamamilə təbii qəbul olunur ki, satışda müxtəlif növdə və markada olan sərinləşdirici içkilərin sayı artır. Adi sudan tutmuş müxtəlif mineral və dadvericilər qatılmış sulara qədər məhsullara satışı mərkəzlərində rast gəlmək mümkündür.

Lakin əvvəlki kimi yenə məsələnin narahatçılıq doğuran tərəfi bu suların keyfiyyətidir. Elə ötən ildə satışdan nə qədər keyfiyyətsiz suların çıxarıldığını xatırlasaq, onlarda hansı təhlükələrin üzə çıxarıldığını yada salsaq, səhhətimizə su ilə hansı təhlükələrin formalaşdırıldığının təxmini mənzərəsini canlandıra bilərik. Məsələn, ötən il İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, S.Ə.Şirvani küçəsi, 100 ünvanında "Ulduz-55" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı qazlı və qazsız suların reseptura olmadan istehsal edildiyi, məhsulun etiketində suyun mənbəyi "Gədəbəy rayonu, Slavyanka kəndi" göstərildiyi halda, həmin suların qeyd edilən mənbədən olmadığı, habelə istehsal edilən məhsulların laborator müayinədən keçirilmədən satıldığı aşkar edilib. Laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən "Gədəbəy Tur" əmtəə nişanlı mineral süfrə sularının tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformlar) olduğu aşkar edilib. Eləcə də həmin xidmət yenə ötən il tərəfindən "Kəhriz-2008" MMC-yə məxsus firmanın istehsal etdiyi suların tərkibində bağırsaq çöpləri (koliform) aşkar olunub. Laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən suların tərkibində mezofil-aerob və fakultativ-anaerob mikroorqanizmlərinin sayının normadan çox olduğu da müəyyənləşib. Bu qəbildən olan misalların sayını bir qədər də artırmaq mümkündür. Əsas məsələ odur ki, saxta, keyfiyyətsiz su ilə bel ədemək mümkünsə, qaz vurub qazan doldurmaq istəyən işbazların yenidən peyda olacağı qətiyyən şübhə doğurmur. Müvafiq dövlət qurumları bunlara qarşı mübarizəni sərtləşdirsələr də, istənilən nəticə hələ də hasil olunmayıb. Deməli, cari ildə də səhhətimiz üçün su ilə təhlükə yaradılması qaçılmaz olacaq. Düzdür, bu hal əslində, bütün dünyada mövcuddur. Görünür, elə bunun nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ildə 2 milyona yaxın insan sulardan zəhərlənərək ölür. Bir il ərzində 1 milyard insan isə su vasitəsilə müxtəlif xəstəliklərə yoluxur. Azərbaycanda sudan nə qədər insanın zəhərləndiyini və ya öldüyünü heç bir qurum araşdırmasa da, içdiyimiz suyun gözlə görünməyən xeyli sayda problemlər yaratdığı hər kəsə məlumdur. Digər bir fakt da odur ki, su ilə təhlükə yaradanlar əsas etibarı ilə kustar üsulla işləyən sexlərdir. Belə sexlər bağlansa da, sonradan onların əksəriyyəti fəaliyyətini davam etdirir və beləliklə, problem həll olunmamış qalır.

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov bu problemin həlli üçün birinci növbədə nəzarəti gücləndirməyin vacib olduğunu bildirir. Lakin ekspert bəzən bütün sexlərdə yoxlamalar aparmağın texniki baxımdan mümkün olmadığını da vurğulayır: "Burada söhbət birmənalı şəkildə insanların sağlamlığından getdiyinə görə, cərimələr daha da sərtləşdirilməlidir. Bu təkrarlanarsa, Cinayət Məcəlləsinə uyğun olaraq cinayət işi qaldırılmalıdır". Ekspert hesab edir ki, burada cərimələrin edilməsinə də nəzarət lazımdır. İnzibati metodlardan istifadə edilməsi olduqca vacibdir, amma bununla yanaşı təşviqedici metodlardan da istifadə edilməlidir.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi də etiraf edir ki, ən böyük problemlər sex həcmində fəaliyyət göstərən müəssisələrdə qeydə alınır. Belə ki, bir sıra sexlərin texniki vəziyyətləri normalara cavab vermir. Lakin böyük zavodlarda isə bu hallar aradan götürülüb.

Tibb üzrə ekspert Adil Qeybulla isə bildirir ki, hətta evdə, məişətdə işlətmək və maye qəbul etmək üçün istifadə olunan sular da təmizlik parametrlərinə kifayət qədər cavab vermir. İstənilən halda isə su ilə kifayət qədər ehtiyatlı davranmalıyıq. Xüsusən də küçələrdə, müxtəlif satış məntəqələrində satılan sulardan. Bir məqamı da qeyd edək ki, artıq cari il ərzində də İqtisadi İnkişaf Nazirliyi İstehlakçılarının Hüquqlarının Müdafiəsi Dövlət Xidməti artıq intensiv nəzarət tədbirlərinə başlayıb.

Sizin Reklam Yeriniz