Əlaqə Arxiv
news Image
2013.05.30
08:53
| A A A
Müxalifət indi də Rusiyanın vassalına çevrilir
Elçin Mirzəbəyli: “Hansısa xarici qüvvə onları tələsik qərarın qəbul edilməsinə məcbur edib” Sərraf Balaxan: “Hər hansı bir təşkilatda Əli Kərimli və İsa Qəmbər, hələ üstəlik Eldar Namazov varsa, o təşkilatda nə vahid fikir, nə vahid qərar, nə də uğurlu nəticə ola bilər”

Məlumdur ki, bu ayın 28 - də vəd edilən Milli Şura elan olundu. Yaradıldı, amma çox ziddiyyətli və tələsik şəkildə yaradıldı. Belə ki, Şura səhər saatlarında elan olunmalı idi. Ancaq müzakirə aparan tərəflər qurumun xarici siyasət oriyentasiyası ilə bağlı ortaq məxrəcə gələ bilməməsindən Milli Şuranın elan olunması təxirə salındı. Belə ki, keçirilən müzakirələrdə Müsavat Partiyasının başqanı İsa Qəmbər Milli Şuranın nizamnaməsinə "Milli Şura Avropaya inteqrasiyanı dəstəkləyən siyasi xətt yürüdür" müddəasının daxil edilməsini istəyib.

Lakin "El" Hərəkatının rəhbəri Eldar Namazov və müzakirələrə telefonla qatılan Rüstəm İbrahimbəyov buna qarşı çıxıblar. Bu məsələ mübahisələrə səbəb olub və qurumun elan edilməsi təxirə salınıb. Sonradan müəyyən məsləhətləşmələr nəticəsində Milli Şuranın Təsis Bəyannaməsi və tərkibi razılaşdırılıb, Şuranın yaradılması barədə qərar qəbul edilib. Bu fonda ən çox maraq doğuran məqam isə odur ki, müxalif düşərgədə Qərbə inteqrasiya kursunu dəstəklədiklərini bəyan edənlər ideoloji xətlərini bir an belə tərəddüd etmədən dəyişdilər. Əvvələr Qərbi dəstəkləyənlər bu gün asanlıqla Rusiyaya meylləndilər. Elə bu hal Azərbaycanın müxalif hərəkatında baş verən dərin deqradasiyanın faktiki göstəricisidir. Çünki, Rusiyanı təkcə sovet hakimiyyətindəki illərə görə deyil, ondan əvvəlki işğalçılıq müharibələri səbəbindən də ciddi tənqid edən qüvvələrin birdən-birə Moskvaya meyllənməsinə başqa ad vermək mümkün deyil. Mayın 28-də - ADR-in yaradılmasının 95-ci ildönümü günü M.Ə.Rəsulzadənin abidəsi önündə Rusiyadan gələn ideya ilə yaradılan Milli Şuranı elan edənlər artıq Qərbə inteqrasiya kursundan açıq imtina edirlər.

Hələlik isə Milli Şuranın elan olunmasına baxmayaraq, proseslər göstərir ki, qurumun elan edilməsi qeyri - ciddi və ziddiyyətli şəkildə həyata keçirildi. Siyasi şərhçilər də yaradılmış bu təşkilatın heç bir siyasi perspektivi olmadığını dilə gətirirlər. Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədr müavini Elçin Mirzəbəylinin sözlərinə görə, Milli Şuranın yaradılması bu düşərgədə hansısa keyfiyyət dəyişikliyinə səbəb olmayacaq: "Çünki, qurumda təmsil olunanlar faktiki olaraq eyni insanlardır. Ora sadəcə, İctimai Palata, əlavə olaraq Eldar Namazov, Rüstəm İbrahimbəyov və bir neçə digər şəxslər əlavə olunub. Həmin düşərgədə təmsil olunan insanlar tərəfindən bu günə qədər ayrı - ayrı qurumlar yaradılıb. Son nəticədə də hər zaman iflasa uğrayıblar. Bu baxımdan da Azərbaycan tarixində önəmli xətt kimi keçən Milli Şura ifadəsinin mövqeyi bəlli olmayan, Rusiya, İran, ayrı - ayrı dövlətlərin nüfuz müvəkkilliyini həyata keçirən insanlar tərəfindən mənimsənilməsi ləyaqətli addım deyil. Onlar uyğun ad seçə bilərdilər. Milli Şuranın Moskvanın vassalı kimi çıxış edən, vaxtı ilə Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş bir dövlət tərəfindən idarə olunan şəxs tərəfindən irəli sürülməsi özü paradoksdur. O baxımdan bu, Milli Şura yox, anti-Milli Şuradır. Bunun da Azərbaycan siyasətində hansısa perspektivi olmayacaq. Azərbaycan vətəndaşları son nəticədə hər zaman olduğu kimi bu insanların cavabını verəcəklər".

Elçin Mirzəyli bildirdi ki, Şuranın elanı tələsik oldu: "Bu da qurumda təmsil olunan insanların qeyri-ciddi davranışlarından xəbər verir. Əvvəl vəd olunduğu kimi, M. Rəsulzadənin abidəsi önündə qurum elan olunmadı. Daha sonra Eldar Namazov mətbuat konfransı keçirərək sərt ittihamlarla çıxış etdi. Ondan sonra isə tələsik toparlanıb qərar verdilər. Burada bir neçə faktor ola bilər. Bu, onu göstərir ki, həmin düşərgədə təmsil olunan insanların prinsipləri yoxdur, ya da ki, özləri tərəfindən idarə olunmurlar. Hansısa xarici qüvvə onları tələsik qərarın qəbul edilməsinə məcbur edib".

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Ofisinin rəhbəri Sərraf Balaxan bildirir ki, Azərbaycanda mövcud olan müxaliflətin 20 ilə yaxın bir müddətdə yaratdıqları birliklər çox olub: "Demkonqres", "SİDSUH", "DUH", "DUBB", "Birləşmiş Müxalifət Hərəkatı (BMH), "5-lər", "Azadlıq" Seçki Bloku, "Bizim Azərbaycan", "ATA", "YES", İctimai Palata, Demokratik Qüvvələrin Məşvərət Məclisi, "EL" və nəhayət tezbazar ərsəyə gətirilən Milli Şura. Hər birinin yaranması seçki ərəfəsinə təsadüf edir, elə məhv olması da seçkidən az sonra baş verir. Təbii, bu birliklərin yaranmasında üçüncü əlin olması istisna edilməməlidir. Amma onlar heç zaman Azərbaycan xalqının iradəsinə təsir edə bilməyiblər. Bu insanlar indi də tarixin şərəfli bir anından - 95 il əvvəl yazılan şanlı Azərbaycan tarixindən öz çirkin niyyətləri naminə yararlanmaq istədilər. Özləri bunu bacardıqlarını etiraf edirlər. İndi viran qalmış İctimai Palatanı yaradanda dedikləri sözləri yenə təkrarlayırlar. Lakin belə bir Şuranın yaranma mexanizminə və son qərarın verilməsinə diqqət çəksək, hər şeyin ortada olduğunu görərik. İlk növbədə belə bir birliyin Azərbaycanda öz maraqları olan kənar bir qüvvənin diktəsi ilə yaradıldığı, öncədən dedikləri sözün üstündə durmaq xatirinə son qərarın gecənin bir aləmində verilməsi, tələskənlik və xaotiklik bu birliyin gələcək taleyini sual altına alır. Hələ tərkibi dəqiqləşməyən, bəyannaməsi olmayan, ancaq bir addan ibarət olan qurumun yaradılması nədən belə tezbazar oldu, görəsən? Bu sualın bircə cavabı var - orada bir ad altında birləşən insanların arasında böyük problemlər, barışmazlıq və bir-birinə heç zaman güzəştə getməmək prinsipi vardır".

Sərraf Balaxan bildirdi ki, Milli Şura İctimai Palata və "EL" hərəkatından ibarət olan birlikdir: "Hər iki qurumda kifayət qədər ziddiyyətli fikirlər və özünü lider hesab edənlər vardır. Bu səbəbdən də belə bir Şuranın uzun müddət yaşayacağına və hələ də dəqiqləşməyən istiqamətdə fəaliyyət göstərəcəyinə ümid etmirəm. Bu birliyin də aqibəti özündən əvvəlkilər kimi olacaq. Hər hansı bir təşkilatda Əli Kərimli və İsa Qəmbər, hələ üstəlik Eldar Namazov varsa, o təşkilatda nə vahid fikir, nə vahid qərar, nə də uğurlu nəticə ola bilər. Çünki bu insanlar ən xırda detalı belə bir-birinə güzəşt etməzlər".

YAP - çı onu qeyd etdi ki, Azərbaycan xalqı öz iradəsində qəti və dönməzdir: "Xalq yaradılan təsisatlara və verilən vədlərə deyil, görülən işlərə dəyər verir və onu qiymətləndirir. Azərbaycan xalqı yeni yaradılan bu birlik haqqında da qərarı növbəti prezident seçkilərində verəcək. Onlara göstərilən etimadsızlıq həm yeni yaratdıqları bu birliyin, həm də köhnəlmiş müxalifətimizin sonu olacaq".

Sizin Reklam Yeriniz