Əlaqə Arxiv
news Image
2013.06.01
08:40
| A A A
İndi də palçıq vulkanlarının püskürməsi gözlənir
Ceyhun Paşayev: “Son üç həftə ərzində palçıq vulkanlarında aktivlik nəzərə çarpacaq dərəcədə artıb” Ənvər Əliyev: “Ümumilikdə, zəlzələlərin palçıq vulkanları ilə əlaqələri var”

Məlumdur ki, son zamanlar Qafqaz ərazisində, Xəzər hövzəsində seysmik aktivlik yüksəlib. Yerlatı təkanlar isə öz növbəsində adətən vulkanların da oyanmasına səbəb olur, dənizdə baş verdikdə isə hətta sunami təhlükəsi də yaradır. Sözügedən ərazilərdə sunami təhlükəsi olmasa da bunu vulkanlar haqqında deyə bilmərik.

Onu da xatırladaq ki, Azərbaycan Yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanınır. Belə ki, planetimizdə olan 800 palçıq vulkanından 300-dən çoxu Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron yarımadasında yayılıb. Bu baxımdan regiondakı zəlzələlərin Xəzərdə və ümumilikdə ölkəmizdə palçıq vulkanlarını aktivləşdirəcəyi qorxusu böyükdür. Elə mütəxəssislər də palçıq vulkanına birabaşa zəlzələlərin təsir etdiyini bildirirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı və Abşeron yarımadası Palçıq vulkanlar qrupu Dövlət təbiət qoruğunun direktoru Ceyhun Paşayevin sözlərinə görə, palçıq vulkanlarının fəaliyyəti birbaşa zəlzələlərdən asılıdır: "Yəni, palçıq vulkanının püskürməsi üçün başlanğıc olaraq lokal şəraitdə zəlzələ baş verməlidir. Zəlzələ nəticəsində palçıq vulkanı boğazında qalmış metan qazı ani olaraq alışır və palçıq kütləsi həmin boğazdan xaric olur. Apardığımız müşahidələr göstərib ki, son üç həftə ərzində palçıq vulkanlarında aktivlik nəzərə çarpacaq dərəcədə artıb".

Direktor onu da əlavə etdi ki, zəlzələ baş verməsə, palçıq vulkanı prosesini davam etdirmir: "Başlanğıc olaraq mütləq zəlzələ olmalıdır. Ümumiyyətlə, seysmologiya hipotezlər üzərində qurulub. Ona görə də onları əvvəlcədən bilmək olmur. Heç palçıq vulkanın fəallığında ardıcıllıq, periodiklik yoxdur. Bunu ölçə bilən cihaz da kəşf edilməyib. Amma statistikaya əsaslansaq, illər etibarı ilə nəsə ehtimallar demək olar".

Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyevin sözlərinə görə, hələlik müşahidələr palçıq vulkanlarında elə də aktivləşmənin olmadığını göstərir: "Amma ümumilikdə, zəlzələlərin palçıq vulkanları ilə əlaqələri var. Zaqatala zəlzələləri hələlik həmin aktivləşməni sübut etmədi. Bundan sonrada da aktivləşmə müşahidə oluna bilməz. Çünki, aktiv dövrdə olmayıbsa, bundan sonra olma ehtimalı azdır".

Şöbə müdirinin sözlərinə görə, palçıq vulkanlarının aktivləşməsinə təsir edən əsas amil seysmikadır: "Amma palçıq vulkanı yerin üst qatında olur. Həm də vulkanlar neft və qaz yataqları üçün indikator rolunu oynayır. Adətən seysmik aktivləşmə dövründə onlarda da aktivləşmə olur. Amma onların tam seysmika ilə əlaqəli olmasını demək düzgün olmazdı. 11 ildən bir Günəşdə aktivləşmə baş verir. Günəşin aktivləşməsi elektromaqnit dalğaları yaradır. Ağır elementlər Yerin mərkəzində maye halında olduğuna görə, elektromaqnit dalğaları yerdəki metal birləşmələrə daha çox təsir edir. Ancaq palçıq vulkanları mayedir. Orada yüklü metal hissəscikləri azdır. Əsasən palçıq kütləsidir. Ona görə də həmin 11 illik aktivləşmə nəzəriyyəsi palçıq vulkanında özünü doğrultmur. Çünki Yerin üst qatındakılar nisbətən yüngül elementlərdir. Təbiətin elə mürəkkəb hissələri var ki, orada qanunauyğunluqları tutmaq olmur. Vulkanların da baş verəcəyi barədə əvvəlcədən nəsə demək çətindir".

Sizin Reklam Yeriniz