Əlaqə Arxiv
news Image
2013.06.04
09:18
| A A A
Türkiyə hakimiyyət dəyişikliyinə hazırlaşır?!
Aydın Ağayev: "Son olaylarla mövcud hökumətdən narazı qüvvələr sanki bir imkan əldə etdilər" Qabil Hüseynli: "Bütün bunlar onu göstərir ki, Türkiyədəki hakim iqtidar xalq arasında etimadını tamamilə itirib" Artıq bir neçə gündür ki, Türkiyəni bir qrup insanın sosial etiraz dalğası bürüyüb. İstanbulun Taksim meydanındakı Gəzinti Parkının sökülməsinə etirazla bağlanan narazılıq dalğası sonradan artaraq daha geniş vüsət aldı. Artıq etiraz aksiyası İstanbuldan başqa, Ankara, İzmir, Adana və bir sıra digər şəhərləri bürüyüb. Ümumiyyətlə, son beş gün ərzində rəsmi məlumatlara görə, Türkiyənin 81 əyalətindən 48-i analoji hadisələrin yaşandığı məkana çevrilib.
Polis aksiyaçılara qarşı bibər qazı və təzyiqli su şırnağından istifadə edib, əks tərəf isə asayiş keşikçilərini daşa basıblar. Onu da qeyd edək ki, Gəzinti Parkının sökülməsinə etirazla başlanan tədbir artıq Ərdoğan hökumətinin istefası şüarlarıla əvəzlənməyə başlayıb. Vəziyyətin belə hal alması isə AKP hökumətini əməlli-başlı çaşdırıb. Onun nəticəsidir ki, Ərdoğan aksiyanın təşkilatçılığını müxalifətin, xüsusən Cümhuriyyət Xalq Partiyasının üzərinə atıb. Əks tərəf isə öz növbəsində Ərdoğandan xalqı dinləməyi tələb edib. Belə durum Türkiyədə vəziyyətin heç də yaxşı olmadığından xəbər verir. Ərdoğanın hakimiyyətə gəlişindən üzü bəri Türkiyə iqtisadi cəhətdən xeyli nailiyyətlərə imza atsa da, görünür, artan məmur özbaşınalığı, demokratiyadan geri çəkilmələr artıq xalqın səbr kasasını doldurub. Digər tərəfdən, Türkiyə son dövrlər xaricdən də ciddi təzyiqlərlə qarşı-qarşıyadır. Bəzi qüvvələr çalışır ki, Ankara Suriya məsələsinə birbaşa olaraq müdaxilə etsin. Türkiyə isə geosiyasi məqamları nəzərə alaraq hələlik bundan çəkinir. Bütün hallarda baş verən hadisələr Türkiyədə vəziyyətin gərgin olduğundan xəbər verir.
Milli Məclisin Analitik-İnformasiya Şöbəsinin müdiri Aydın Ağayevin fikrincə, Türkiyədəki sözügedən hadisələr daxili narazılıqların nəticəsidir: "Türkiyədə cərəyan edən hadisələr daxili narazılıqdan qaynaqlanır. Fikrimcə, konkret səbəb etirazlara başlamaq üçün bir vasitə, hansısa ictimai atmosferi müşahidə etmək üçün bir vəsilədir. Son olaylarla mövcud hökumətdən narazı qüvvələr sanki bir imkan əldə etdilər. Baş verən etiraz dalğası gördüyünüz kimi kifayət qədər rezonans da doğurub. Türkiyənin hazırkı hakimiyyəti zəif yox, güclü hakimiyyətdir. Bununla bərabər hakimiyyət belə olayların qarşısına çıxa biləcəyini də düşünməlidir. Hökumət həmin hadisələrin qarşısını almadan daha çox səbəblərini aradan qaldırmağı daha vacib hesab etməlidir. Türkiyə ictimaiyyəti siyasi və digər cəhətdən hərtərəfli inkişaf edib, o ayıq-sayıq bir cəmiyyətdir. Burada cəmiyyət kifayət qədər açıqdır. KİV-lər kimi ictimai rəyi formalaşdıran güclü vasitələr də var. Hakimiyyət də düşünürəm ki, bütün bunları nəzərə alaraq hadisənin konkret nəticələrini deyil, səbəblərini aradan qaldırmaq istiqamətində çalışacaq. Heç şübhəsiz həmin olaylardan istifadə etmək istəyən daxili və xarici qüvvələr də olacaq. Bu təbiidir. Ərdoğan hökuməti uzun müddətdir ki, iqtidardadır. Bu təcrübə onlara mövcud vəziyyəti daha yaxşı anlamağa imkan verir. Arzu edərdik ki, qardaş ölkədə onu geri ata biləcək daxili böhran yaşanmasın. Çünki Türkiyə ətrafında çox ziddiyyətli və həssas proseslər cərəyan edir. Ümumiyyətlə, hər hansı belə bir prosesdə pik anlar olur. Baş verən olaylar bir neçə gün çəkə bilər. Amma sonra sakitləşəcək. Lakin bu hadisələr baş verənlərdən nəticə çıxarmağı tələb edir. Hökumət hansı narazılıqların belə olayların baş verməsinə gətirib çıxarmasından nəticə çıxarmalıdır. Narazılıqların kökü axtarılmalıdır. Türkiyədə bilirsiniz ki, yalnız seçkilər mövcud iqtidarların taleyini həll edir. Mövcud iqtidarın isə yaxın gələcək üçün böyük planları var. Ölkədə siyasi sistemin inkişafı və müəyyən dəyişikliklər edilməsilə bağlı planlar mövcuddur. Bütün bunları isə elektoratın münasibətilə həyata keçirmək mümkündür. İndi Ərdoğan iqtidarının üzərinə böyük yük düşüb. Daxildə PKK ilə bağlı prosesə başlamaq üçün böyük cəsarət tələb olunurdu ki, AKP hakimiyyəti buna başladı. İkinci tərəfdən, İraq və Suriyada Türkiyə üçün ağır nəticələr ola biləcək proseslər gedir və Ərdoğan iqtidarı da bu proseslərin içərisindədir. Belə şəraitdə dünya ictimaiyyətinə daxildə narazılıqların olduğu çatdırılır. Ona görə də hazırda AKP iqtidarının üzərinə böyük məsuliyyət düşür. Hesab edirəm ki, təcrübəli iqtidar da bunu anlayır".
Politoloq Qabil Hüseynli isə Türkiyədə baş verən hazırkı hadisələrin mövcud rejimə qarşı bir üsyan olduğu qənaətindədir: "Bir ölkənin 67 vilayətində hakimiyyətin siyasətinə qarşı etiraz etiraz mitinqləri keçirilir, polislə qanlı toqquşmalar baş verirsə və bu zaman insan həyatına qəsd olursa, 2000-dən çox etirazçı həbs olunursa, deməli, bu ümumxalq etirazıdır. Yaxşı ki, bu ümumxalq üsyanına siyasi partiyalar müdaxilə etmir. Türkiyədə xalqın etirazından istifadə edib hakimiyyətin istefasını açıq formada tələb etmək ənənəsi yoxdur. Amma xalqın içərisindən çıxan gənclər artıq AKP rejiminin istefasını tələb etməyə başlayıb. Artıq bütün dünyada yaşayan türklər də baş verən hadisələrlə bağlı etiraz mitinqləri keçirirlər. Bütün bunlar onu göstərir ki, Türkiyədəki hakim iqtidar xalq arasında etimadını tamamilə itirib və ən aşağı reytinqi olan partiyaya çevrilib. Ən başlıcası ölkədə baş verən bu etirazlar birbaşa baş nazirin özünə qarşı çevrilib. Bütün ölkə ayaq üstündədirsə, iqtidar Atatürk prinsiplərinin üzərindən xətt çəkmək yolunu tutubsa, tezliklə AKP iqtidarı iqtidardan getməli olacaq. Qarşıdan gələn seçkilərdə bu hakimiyyətin işi həddən artıq ağır olacaq".
Sizin Reklam Yeriniz