Neft bazarı ilə bağlı hadisələrin inkişaf istiqamətini təhlil edən əksər mütəxəssislər belə hesab edir ki, qarşıdakı illər ərzində "qara qızıl"ın qiyməti gözlənilənlərin əksinə olaraq çox da bahalaşmayacaq. Buna əsas səbəb isə ABŞ-da neft hasilatı ilə bağlı cərəyan edən proseslərdir.
Belə ki, Parisdə yerləşən Beynəlxalq Enerji Agentliyinin hesabatına görə, Amerika gələn beş ildə neft ehtiyatı sahəsində üçüncü, gələn 20 il ərzində isə daxili enerji tələbatını qarşılayan birinci ölkə olacaq. Agentlik ABŞ-ı dünyanın neft bazarlarında ən böyük təchizatçı kimi qələmə verir.
Londonun "Chatham House" institutunun market üzrə təhlilçisi Con Mitçell bununla ilgili bildirir: "Bunun açarı Amerikanın kerogen neft bazarının inkişafıdır. Son illər inkişaf sürətlənib. Lakin son 3 ildə misilsiz səviyyəyə yüksəlib". Hidroparçalanma adlanan proses vasitəsilə təzyiq altında daşdan neft və qaz mayesi alınması Amerikanın bəzi ştatları və bir sıra Avropa ölkələrində zəlzələ və havanın çirklənməsindən ehtiyat edilərək qadağan edilib. Mübahisələrə baxmayaraq, bu texnologiya Amerikanı 2025-ci ildə özünü enerji ilə təmin edəcək ölkəyə çevirəcək. Bu yolla ABŞ neft hasilatında Rusiyaya üstün gələcək.
Con Mitçell enerji təhlükəsizyiinin Amerikanın xarici siyasətinə təsiri olmayacağını bildirir: "Yaxın Şərq Amerikanın hərbi yardımından asılı olacaqmı? Cavab bəli olacaq. Bəs ABŞ -ın buna marağı qalacaqmı?" Ekspertə görə, Amerikanın enerji asılılığından yaxa qurtarması Yaxın Şərqə böyük təsir bağışlaya bilər.
"Şeyxlərdən sonra-Körfəz monarxlarının süqutu" adlı kitabın müəllifi Britaniyanın Durham Universitetin alimi Kristofer Deyvidson isə qeyd edir: "Biz Amerikanın körfəz monarxları ilə münasibətlərdə mövqeyinin güclənməsinin şahidi olacağıq". ABŞ-ın körfəzdəki müttəfiqi Bəhreyn kimi ölkədə "Ərəb baharı" kimi bir inqilab yaşanıb. Deyvidsonun dediyinə görə, neftlə zəngin ərəb ölkələri əhalini müavinətlər verməklə susdurmağa çalışır. Lakin neft ixracından gələn mədaxilin azalması ilə etirazlar alovlana bilər: "Son bir neçə il ərzində körfəz ölkələrində ictimai xərclərdə kəsir yaranıb. Eyni zamanda "Ərəb baharı" kimi nümayişlərin Suriya və Şimali Afrikaya təsirini görürük".
Deyvidsonun dediyinə görə, gələn onilliklər körfəz ölkələrinin neft ixracı istiqamətini şərqə doğru dəyişəcək. Təhlilçilərin fikrincə, neft bumu ABŞ iqtisaiyyatı üçün ucuz enerji təchizatçılarına ehtiyac qoymayacaq. Bu isə neftin sürətlə qiymətdən düşməsinə gətirib çıxaracaq. Xatırladaq ki, hələ 1951-ci ildə ABŞ-da neft kömürü sıxışdıraraq əsas enerji mənbəyinə çevrildi. Əsas pik isə 1970-ci ildə oldu. Həmin il gündəlik neft hasilatı 11.3 milyon barrel idi. Yalnız 1980-ci ildə Səudiyyə Ərəbistanı birinci yeri, 2002-ci ildə isə Rusiya ikinci yeri amerikanların əlindən aldı. BP-nin xüsusi bölməsinin hazırladığı, karbohidrogen sahəsində dünya vəziyyəti ilə bağlı məşhur illik hesabatlarına əsasən, 1999-cu ildə ABŞ-da neft hasilatı günə 8 milyon barelə, 2008-ci ildə isə 6.7 milyon barelə düşüb. Lakin 2012-ci ildə bu rəqəmdə artım görünür. Əsas səbəb isə odur ki, mütəxəssislər yeni texnologiyalar təqdim edirlər. Bu texnologiyalar imkan verir ki, yerin geofiziki və geokimyəvi tərkibi öyrənilsin və yalnız ondan sonra əminliklə daha çox xammal verən neft quyuları qazılsın.
Məsələ ondadır ki, intensiv neft hasilatı zamanı üzə çıxan qara qızıl 30-40% olur. Qalan neft yerin dərinliklərində qalır. Səbəblərdən də biri odur ki, yer qeyri-hamardır və qazıntı zamanı çoxlu "ciblər" meydana çıxır ki, neft o "ciblər"ə dolur və üzə çıxarılması mümkün olmur. Lakin yeni texnologiyalar onun üzə çıxarılmasına imkan verir. Sonra isə üfüqi qazıntı metodu işə başlayır. BP analitiklərinə görə ABŞ-ın neft ehtiyatı ən azı 30 milyard barreldir. Düzdür, bu rəqəm Səudiyyə Ərəbistanının 264 milyard barreli və ya İranın milyard mlrd.-ı ilə müqayisədə elə də çox deyil. Amma unutmayaq ki, ABŞ-ın yanında 175 milyard barrel neft ehtiyatı olan Kanada yerləşir. Bu Səudiyyə Ərəbistanından sonra ikinci bu qədər neft ehtiyatı olan ölkədir. Xatırladaq ki, Rusiyanın ehtiyatı 86 milyard barreldir, Qazaxıstanın isə düz 30 milyard barrel nefti var. Amerikanın neft bazarı qısa müddətdə dünyadakı gücləri dəyişmək iqtidarındadır. Hər şeydən əvvəl, bu ölkənin neft istehsalına başlaması neftin qiymətinin ucuzlaşması ilə nəticələnə bilər. Neft qazdan fərqli olaraq daha asan saxlanılır və daşınır. Bu da o deməkdir ki, neft vasitəsilə infrastrukturdakı işləri daha rahat qaydaya salmaq olar. Ucuz benzin, aviasiya yanacağı və mazut- bütün bunlar sıravi amerikalının həyatını və amerika biznesini yüngülləşdirəcək. Neftin qiymətinin ucudlaşması isə hazırda hasilatçı olan ölkələr üçün məqbul sayılmır.