Əlaqə Arxiv
news Image
2013.06.05
08:27
| A A A
Tikinti şirkətləri hələ də qazla bağlı problem yaradırlar
Bunun nəticəsidir ki, bəzi çoxmərtəbəli bina sakinləri illərdir mavi yanacaq üzünə həsrətdir

Paytaxtda inşa edilən əksər göydələnlər üçün illərdən bəri davam edən ənənəvi problemlərdən biri də onların təbii qazla təmin olunması ilə bağlıdır. Məsələ dəfələrlə gündəmə gətrilsə də, hər qış zamanı xüsusi aktuallıq qazansa da, hələ də birdəfəlik həllini tapmayıb.

Elə sakinlər var ki, onların 5-10 ildən çox həmin mənzillərdə yaşamalarına baxmayaraq hələ də qaz problemi ilə üzləşirlər. Ümümiyyətlə, yeni tikililərin çoxunda mavi yanacaq sarıdan vəziyyət illərdir dəyişməz olaraq qalıb. Bir sıra sakinlər isə balonlara doldurulmuş qazdan istifadə etməklə vəziyyətdən çıxmağa çalışırlar. Özü də yalnız mətbəx işlərini yola vermək üçün. İsinmək üçün istilik almaq məqsədilə həmişəki kimi elektrik enerjisindən istifadə olunur. Təbii ki, bu da sakinlər tərəfindən narazılıqla qarşılanır.

Araşdırmalar göstərir ki, problemin mövcudluğunu qorumasına səbəb yenə müəyyən tikinti şirkətləri, onların rəhbərləridir. Əksər şirkətlər bağladığı müqavilədə göstərirlər ki, tikinti başa çatandan sonra bina müvafiq qanunvericiliyin tələblərinə uyğun sənədləşdiriləcək və vətəndaşlar çıxarış alacaqlar. Amma həmin bina müvafiq qurumlar tərəfindən təhvil götürülmür. Səbəb də binanın tələb olunan bütün normativlərə cavab verməməsidir. Qazlaşdırma da müqavilədə açıq qalan məsələlərdəndir. Müqavilədə binanın qazla, suyla, elektrik enerjisi ilə təchiz edilməsi əks olunur. Bina su, elektrik enerjisi ilə təchiz olunsa da, qaz təchizatı olmur. Tikinti şirkətinə müraciət edəndə ki, müqavilədə qaz təchizatı məsələsi var, şirkət yetkililəri cavab verirlər ki, "biz deməmişik ki, siz mənzilinizə daşınan kimi qaz təchizatı olacaq. Olacaq, amma bir qədər gözləyin". Məhkəməyə müraciət etdikdə isə müqavilədə o bəndlər açıq qaldığından məsələnin hüquqi müstəvidə həlli bir qədər problem yaradır.

Beləliklə, hər il bu məsələ bir neçə dəfə gündəmə gəlsə də, problem həllini tapmayıb. Məsələ burasındadır ki, bu tip binaların əksəriyyətində borular çəkilib, qaz sayğacları quraşdırılıb. Amma hələ də sakinlər mavi yanacaq əvəzinə ya elektrik enerjisindən istifadə edirlər, ya da qaz balonları ilə vəziyyətdən çıxış yolu tapmağa çalışırlar. Qazın olmaması isə sakinlərin işini əməlli-başlı çətinə salır. "Azəriqaz" İstehsalat Birliyinin Layihə-ekspertiza şöbəsinin rəis müavini Rəhim Rəhimov ANS-ə açıqlamasında bildirib ki, göydələnlərə qazın verilməsi həmin tikinti şirkətlərinin rəhbərlərindən asılıdır: "Bina dövlət qeydiyyatına alınmalıdır. Müvafiq qurumlar rəsmi icazə verdikdən sonra sənədlər "Azəriqaz"a təqdim olunmalıdır. Sayğaclar quraşdırıldıqdan sonra "Azəriqaz" tərəfindən həmin mənzillərə baxış keçirilərək qaz verilir. Bir çox MTK rəhbərləri bu pillələri keçə bilmədiyindən tikdikləri binalara mavi yanacaq verilmir". Bu ilin may ayı ərzində "Azəriqaz" İstehsalat Birliyinə 27 MTK müraciət edib və 4553 mənzil qazla təmin olunub.

Qeyd edək ki, yeni tikilən binalar aidiyyəti rayon icra hakimiyyətinin xüsusi komissiyası tərəfindən istismara qəbul edildikdən sonra akt tərtib olunur. Yalnız bundan sonra bina "Azəriqaz"ın balansına keçir və təbii qazla təmin olunur. Lakin binaların əksəriyyəti komissiya tərəfindən qəbul edilməyib. Sakinlər isə bundan təkcə qışda yox, elə yayda da ciddi əziyyət çəkirlər. Tikinti şirkətləri isə mənzilləri əvvəlcədən satdıqlarından bu mənzillərin qazla təmin olunub-olunmamasında maraqlı olmurlar. Bunda maraqlı olan vətəndaşlardır ki, onlar da şikayətlə tikinti şirkətinə deyil, müvafiq dövlət qurumlarına müraciət edirlər. Dövlət orqanı isə bu halda problemin həllində aciz duruma düşür. Çünki təhvil götürülməyən binaya qaz verilməsi mümkünsüzdür.

Bir daha vurğlayaq ki, qazın çəkilişini tikinti şirkəti etməlidir və layihə - smeta əsasında qazı çəkdikdən sonra onu qaz istismar idarələrinə təhvil verməlidir. Bunların da hamısı sənəd şəklində dövlət komissiyasına getməlidir. Dövlət komissiyası da tikintinin dövlət standartlarına uyğun tikilib-tikilmədiyini yoxlamalıdır. Sonra da vətəndaşa order, kommunal xidmətləri, o cümlədən təbii qazı verirlər. Lakin tikinti şirkətləri hələ də bu sahədə problem yaratmaqda davam edirlər.

Sizin Reklam Yeriniz