Əlaqə Arxiv
news Image
2013.06.06
08:30
| A A A
Moskva «Transxəzər» aqressiyasına hazırlaşır
Vladimir Putinin köməkçisi yenidən ölkəsinin bu kəmərə qarşı olduğunu bəyan edib

Alternativ mənbələrdən eneji alınmasına getdikcə daha çox ehtiyac dyuan Avropa məhşur "Transxəzər" layihəsini reallaşdırmaqda israrlı görünür. Sözüdedən məsələ növbəti dəfə Azərbaycan və Avropa Birliyi (AB) arasında əsas müzakirə predmetlərindən birinə çevriləcək.

Bu haqda danışmazdan öncə qeyd edək ki, son məlumatlara görə, Türkmənistan və Azərbaycan arasında "Transxəzər" boru kəmərinin tikilməsi məqsədi ilə danışıqlar davam etdiriləcək. Avropa Birliyinin Bakıdakı nümayəndəliyinin rəhbəri Rolan Kobia bununla bağlı danışarkən diqqəti ilk olaraq Azərbaycanın Avropanın enerjiyə olan tələbatının ödənilməsindəki rolundan danışıb: "Hazırda Azərbaycan Avropanın neftə olan tələbatının beş faizini təmin edir. Azərbaycan və Qazaxıstan Rusiya və Norveçdən sonra Avropa bazarına enerji resursları tədarük edən əsas dövlətlərdir".

R.Kobia Azərbaycanın gələcəkdə Avropaya əsas qaz tədarükçüsü olacağına əmin olduğunu söyləyib. O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 21-də Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun dəvəti ilə Brüsselə səfər edəcək: "Hesab edirəm ki, onların görüşü "Cənub qaz dəhlizi" məsələsində irəliləyiş əldə olunmasına xidmət edəcək". Kobianın sözlərinə görə, "Şahdəniz" konsorsiumu Azərbaycan qazının Avropaya nəqli marşrutunun seçilməsinə dair qərarın qəbul edilməsi prosesindədir. O, Azərbaycan qazının bu marşrutla Avropaya ilk nəqlinin 2019-cu ilin əvvəlində başlayacağına ümidvar olduğunu deyib: "Avropa Birliyi "Cənub qaz dəhlizi"ni çoxmərhələli layihə kimi qəbul edir. Biz hesab edirik ki, bu kəmər həmçinin Azərbaycanın digər yataqlarından hasil edilən qazın nəqli üçün də istifadə olunacaq, eləcə də Türkmənistan və İraq qazının cəlb edilməsi perspektivinə malikdir. Bu məqsədlə biz Azərbaycan və Türkmənistanla "Transxəzər" boru kəmərinin tikintisi ilə bağlı danışıqları davam etdirəcəyik. Bu sahədə razılığa gələcəyimizə ümid edirik".

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar isə bildirir: "Ümid edirik ki, "Transxəzər" qaz kəməri layihəsi Azərbaycan və Türkmənistan arasında dəniz sərhədi ilə bağlı saziş imzalanmadan da həyata keçiriləcək". O qeyd edib ki, ölkələr arasında dəniz sərhədləri ilə bağlı məsələ 15-20 ildir həll olunmur: "Bu layihə Avropa Birliyi ilə razılaşma çərçivəsində reallaşsa, ABŞ çox şad olar. Çünki bu kəmər həm Azərbaycan, həm də Türkmənistan sularından keçəcək. Razılaşmanın əldə olunması bu iki ölkədən asılıdır. Ümid edirəm ki, bu məsələ müəyyən bir vaxtdan sonra həll olunacaq".

Bu günlərdə isə Türkmənistanın xarici işlər naziri Rəşid Meredov qeyd edib ki, Türkmənistan, Azərbaycan və Avropa Birliyi Xəzər regionundan Avropaya qaz nəqlinin əsas prinsiplərinə dair üçtərəfli sənəd üzərində ciddi, məzmunlu iş aparırlar. XİN başçısı "Transxəzər" qaz kəmərinin tikintisini kifayət qədər real sayır: "Avropaya enerji nəqlinin etibarlılığı bizim tərəfdaşlıq sxemimizi necə qurmağımızdan asılıdır". Həmişəki kimi isə Moskva "Transxəzər"in inşasından narahat olduğunu bildirir. Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov qeyd edir ki, "Transxəzər" layihəsini reallaşdırmaq istəyənlər bütün Xəzəryanı ölkələrin mövqeyini və beynəlxalq hüquq normalarını nəzəər almırlar. Onun sözlərinə görə, "Transxəzər"in çəkilişi üçün heç də bütün sahilyanı ölkələr öz razılığını verməyiblər və Moskva bu kəmərə qarşıdır. Beləliklə, Kremlin yenidən "Transxəzər"ə mane törədəcəyi, lazım gəlsə, Xəzərdə aqressiv addımlar atacağı istisna olunmur. Bu halda isə "Transxəzər"in reallaşmasında maraqlı olan Qərb artıq proseslərə müdaxilə etməlidir.

Azərbaycan tərəfi isə bildirir ki, "Transxəzər" qaz boru kəmərinin tikintisi layihəsi çox mürəkkəb bir layihədir və bunun reallaşması üçün bir neçə məsələnin həll olunması tələb edilir.

Belə ki, ilk növbədə iki əsas və mühüm sənəd imzalanmalıdır. Bunlardan biri Azərbaycan, Türkmənistan və Avropa Birliyi arasında siyasi iradə ilə bağlı sənəd, digəri isə Azərbaycan və Türkmənistan arasında boru kəmərinin tikintisi barədə saziş olmalıdır. Layihənin əsas mübahisəli məsələsi kimi qazın harada təhvil verilməsi ilə bağlı məsələ həllini tapmalıdır. Belə ki, Türkmənistan ümumilikdə həmin kəmərlə ildə 30 milyard kubmetr həcmində təbii qaz ixrac edərək satmaq niyyətində olduğunu bildirsə də, qazın Xəzərin ona aid olan sahilində satılmasının tərəfdarıdır. Azərbaycan isə öz növbəsində qazı öz sahələrində təhvil almaq istəyir. Beləliklə, boru kəmərinin tikintisinin kim tərəfindən maliyyələşdirilməsi məsələsi açıq qalır. Türkmənistanın mövqeyindən belə çıxır ki, o, kəmərin tikintisində iştirak etməməlidir. Azərbaycan isə tikintiyə investisiyanı yalnız müştərək şəkildə etməyə hazırdır.

Layihənin dəyəri də artıb. 1998-ci ildə layihə (kəmər və lazımi infrastrukturun inşası və qurulması) təxminən 3 mlrd. ABŞ dolları səviyyəsində qiymətləndirilib, lakin sonradan layihə daha da bahalaşıb. Məsələn, təkcə Xəzərin dibi ilə aparılacaq boru kəmərinin tikintisinə 2 milyard dollar tələb olunur.

Sizin Reklam Yeriniz