Əlaqə Arxiv
news Image
2013.06.08
08:18
| A A A
Avropa Birliyi Qarabağ münaqişəsinin həllində vasitəçi olmaq istəyir
Birliyin Bakıdakı səfiri Azərbaycanın üzləşdiyi təhlükələrin haradan gəldiyini göstərdi

Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticəsizliyi bu vaxta kimi kifayət qədər tənqid obyektinə çevrilib. Qurum fəaliyyəti və mövcud durumun təhlili göstərir ki, Minsk qrupunun bundan sonra da Qarabağ konfliktini həll edə bilmə ehtimalı elə də yüksək deyil.

Bu fonda problemin çözümü üçün başqa qüvvələrin prosesə cəlb edilməsi getdikcə daha çox aktuallıq qazanır. Başqa və problemin həllinə təsir göstərə biləcək başqa nüfuzlu vasitəçi olmaq istəyənlərə isə rast gəlmək mümkündür. Məsələn, Avropa Birliyi (AB). AB-nin Bakıdakı səfiri Roland Kobia bu xüsusda yeni maraqıl açıqlamalar verib. Onun sözlərinə görə, Avropa Birliyi (AB). Qarabağ probleminin həllinə kömək etməyə hazırdır, lakin münaqişə tərəflərindən bununla bağlı müraciət almayıb: "Biz ATƏT-in Minsk qrupunun bu çox mürəkkəb prosesin həlli üzrə səylərini dəstəkləyirik. Çoxları soruşur ki, biz münaqişənin nizamlanması üçün niyə çox iş görmürük? Lakin bizi problemin həllinə kömək göstərmək üçün heç vaxt dəvət etməyiblər". Bununla yanaşı, R.Kobianın sözlərinə görə, AB Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanmasına dair təkliflər verməyə həmişə hazırdır: "Xalqlar arasında etimadın yaranması münaqişənin həlli üçün çox vacib amildir. Münaqişə nə qədər çox həll edilməmiş qalarsa, nəticələri də bir o qədər ağır ola bilər". Xatırladaq ki, hələ ötən ilin ortalarında belə məlumat yayılmışdı ki, Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında etimad mühitinin möhkəmləndirilməsinə dair tədbirlər paketi hazırlayıb. Lakin bu təkliflərin nədən ibarət olduğu ictimaiyyətə açıqlanmadı.

R.Kobia ATƏT-in Minsk qrupunun münaqişənin həlli üçün səylərini əsirgəməyəcəyinə əminiliyini ifadə edib: "Münaqişənin həlli məsələsində tərəflərin siyasi iradəsi xüsusi əhəmiyyətə malikdir. Bunsuz heç nə etmək mümkün olmayacaq". Onun sözlərinə görə, Azərbaycanın çox mürəkkəb bir regionda yerləşməsi ölkənin təhlükəsizliyi üçün Qarabağ münaqişəsindən əlavə başqa təhdidlərin də mövcudluğu ilə xarakterizə olunur: "Biz regiondakı çətinliklərlə tanışıq. Azərbaycan çox mürəkkəb regionda yerləşir və bununla əlaqədar müxtəlif istiqamətlərdən gələn təhdidlərlə üzləşir. İlk növbədə, bu, Qarabağ münaqişəsinin həll edilməməsidir. Biz avropalılar müharibənin nə demək olduğunu çox gözəl bilirik, çünki özümüz 70 il əvvəl bunu yaşamışıq. Buna görə probleminin həllinin nə qədər vacib olduğunu başa düşürük. Xəzərin sərhədlərinin müəyyən edilməsi ilə əlaqədar olaraq Azərbaycanın şərqində də təhlükələr mövcuddur. Həmçinin şimaldan da təhlükəsizliyə təhdidlər var". Regional təhlükəsizliyin təmin edilməsi üçün beynəlxalq səylərin birləşdirilməsi lazımdır. AB səfiri söyləyib ki, Azərbaycan öz daxili işlərinə müdaxilə edilməməsinə çalışır və buna haqqı var.

Ümumiyyətlə, Avropa Birliyi xeyli müddətdir ki, konfliktin çözümündə əsas rollardan birini oynamaq istəyir. Avropa Komissiyasının sədri Joze Manuel Barrozu da hələ ötən il diqqətə çatdırmışdı ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı irəliləyiş Avropa Birliyinin xarici siyasətinin qonşuları ilə bağlı prioritetləri sırasındadır. Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton da Cənubi Qafqaz regionuna son səfəri zamanı buna bənzər açıqlamalar verib. Bütün bunları isə siyasi şərhçilər Avropa Birliyinin münaqişənin həllində daha fəal iştirak etmək arzusu kimi qiymətləndirir. Hətta bəzi ekspertlər bundan öncə Avropa Birliyinin vasitəçi qrupun tərkibində Fransanı əvəzləyə biləcəyi barədə ehtimallar irəli sürüb və Ermənistanın bunun əleyhinə çıxacağı ilə bağlı proqnozlar verib.

Əksər politoloqların sözlərinə görə, Ermənistanın etirazlarına baxmayaraq, Avropa Birliyinin əlində olan vasitələr danışıqlar prosesində iştirak etməyə şərait yaradır. Bundan başqa, ötən il belə məlumatlar da yayılmışdı ki, Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinə dair postkonflikt ssenari hazırlamağa hazırlaşır. Bu ssenari Birliyin prosesdə iştirakı üçün əsas ola bilər. Bu niyyətini qurum həm də onunla əsaslandırır ki, Avropa Birliyi Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsində irəliləyiş müşahidə edilməməsindən narahatdır. Ekspertlər bütün bunları dəyərləndirərək hesab edirlər ki, Avropa Birliyinin Qarabağ münaqişəsinin həllinə marağı böyükdür və qurum konfliktin çözümünə böyük töhfələr verə bilər. Lakin bunun üçün qurumun münaqişənin həllinə cəlb edilməsi əsas şərtdir.

Sizin Reklam Yeriniz