Əlaqə Arxiv
news Image
2013.06.13
08:02
| A A A
Azərbaycan Ordusundan düşmənə müharibə mesajı
Üzeyir Cəfərov: “Azərbaycan ordusunun hər bir təlimi istənilən an döyüş əməliyyatlarına çevrilə bilər” Natiq Miri: “Qarşı tərəfə və onların havadarlarına mesajdır”

Xəbər verildiyi kimi, Silahlı Qüvvələr günü ərəfəsində Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimlərinin keçirilməsi nəzərdə tutulur. Belə ki, təlimlər bir neçə mərhələ olmaqla təxminən 6 gün davam edəcək. Təlimlərin yekun mərhələsini Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev şəxsən izləyəcək.

Təlimlərdə Azərbaycan ordusunun son illərdə aldığı və istehsal etdiyi müasir silah və texnikaların praktiki nümayişi olacaq. Bundan başqa, təlimlərdə qoşun növlərinə məxsus silah və texnika nümunələrinə sıra baxışı keçirilməsi də nəzərdə tutulub. Xatırladaq ki, ötən aylarda da Azərbaycan ordusu müxtəlif qoşunlar birgə olmaqla cəbhə bölgəsində genişmiqyaslı hərbi təlimlər keçirib. Həmin təlimlərin əksəriyyəti də komandanlıqdan olan yüksək rütbəli şəxslərin müşayiəti altında keçirilib. Ekspertlər hərbi təlimlərin intensivləşməsini ordunun döyüş hazırlığının daim yüksək olması üçün vacib üsullardan biri hesab edirlər. Hətta təlimlərin müharibəyə hazırlığı da istisna edilmir. Bundan başqa, həm hərbi paradın, həm də döyüş təlimlərinin nümayişi bir növ düşmənlərə mesaj xarakteri daşıyır. Hansı ki, bir ordunun gücünü nəzəri olaraq bu cür təlim və paradlarda görmək mümkündür.

Hərbçi ekspert Üzeyir Cəfərov bildirir ki, ölkəmizdə keçiriləcək hərbi paradla əlaqədar genişmiqyaslı hazırlıq tədbirləri keçirilir: "Bu tədbirlərdə bütün qoşun növlərinin bir yerdə iştirakı nəzərdə tutulub. Aydın məsələdir ki, Silahlı Qüvvələrin 95 illiyi yüksək səviyyədə keçirilməlidir. O məqsədlə də rəhbərlik tez-tez sıra baxışı, taktiki hazırlığı məsələlərini həyata keçirməkdədir. Amma Silahlı Qüvvələr günü ərəfəsində bütün, xüsusən də döyüş bölgəsində olan hərbi hissələrə müvafiq göstərişlər verilir ki, onlar sayıqlığı artırsınlar. Çünki, bizim bayramlarımızı qara xəbərlə müşayiət etmək ermənilərin qanındadır".

Ekspertin fikrincə, istənilən hərbi təlimin müəyyən məqsədi olur: "Məqsədlərdən biri də gücünü nümayiş etdirmək, müəyyən məsələlərdə dönüşə nail olmaqdır. Başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da təlimlərin müəyyən mərhələsində xarici ölkələrin Azərbaycana akkreditə olunmuş diplomatik nümayəndələrini dəvət etmək olar. Çünki bunun özü də yaxşı təbliğat vasitəsidir. Bu nöqteyi-nəzərdən çalışmalıyıq ki, keçirilən böyük məsuliyyətli bir tədbir geniş şəkildə işıqlandırılsın".

Üzeyir Cəfərov onu da əlavə etdi ki, istənilən təlim müharibəyə hazırlıqdır: "Nəzərə alaq ki, Azərbaycan torpaqları işğal altındadır. Azərbaycan ordusunun hər bir təlimi istənilən an döyüş əməliyyatlarına çevrilə bilər. Müharibəni udmaq bizim borcumuzdur".

Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri bildirir ki, intensiv hərbi təlimləri həm Azərbaycan daxili, həm də prosesləri xaricdən müşahidə edənlər tərəfindən normal qarşılanmalıdır: "Çünki, torpaqlarımızın 20%-i bu gün işğal altındadır. Hətta dünya hüquq sistemi belə bu məsələləri yalnız müşahidə etməklə məşğuldur. Beynəlxalq hüquq yalnız beynəlxaq gücə arxalanır. Belə olduğu təqdirdə Azərbaycana ordunu gücləndirməkdən başqa yol qoymurlar. O baxımdan Azərbaycan ordusunu ayaqda tutmaq üçün hər an əsgərimiz bu cür təlimlərlə döyüş ruhunu özündə saxlamalı, peşəkarlğını artırmalıdır. Bu cür hərbi təlimləri ermənilərin Dağlıq Qarabağda keçirilən hərbi təlimlərlə qətiyyən eyni tutmaq lazım deyil. Çünki, Dağlıq Qarabağda keçirilən hərbi təlimlər görüntü xarakterli, çox az həcmdə olan təlimlərdir. Belə təlimləri həftənin hər günü Azərbaycan ordusunun keçirmək imkanı var. Azərbaycan ordusunun keçirdiyi hərbi təlimlər genişmiqyaslı, bütün hərbi strukturları özündə ehtiva edən, bir növ kiçik müharibə apara biləcək təlimlərdir.

Bunlar Azərbaycan əsgərinin döyüş qabiliyyətini daim hazır saxlamaq üçün hesablanıb. Qarşı tərəfə və onların havadarlarına mesajdır ki, Azərbaycan ordusunun gücünü görsünlər. Bilsinlər ki, Azərbaycan ordusu hər an torpaqlarını azad etmək iqtidarındadır. Bir gün Azərbaycan ordusu öz torpaqlarını azad etməyə qalxacaq. Belə olanda regionda nə baş verəcəyi artıq Ermənistanın havadarlarına qalır. Yəni, bütün məsuliyyət onların üzərinə düşəcək. Çünki beynəlxalq hüquq 20 ildir ki, Azərbaycan torpağını geri qaytara bilmir. ATƏT-in həmsədrləri isə ancaq turist səfərləri ilə məşğuldur. Ona görə də Azərbaycan ordusunun bundan başqa yolu qalmayıb".

Sizin Reklam Yeriniz