Əlaqə Arxiv
news Image
2013.06.13
08:04
| A A A
Rusiyanın qaz siyasəti Qarabağ münaqişəsinə təsirsiz ötüşmür
Aydın Ağayev: "Qarabağ məsələsində kompromislərə getmək heç də Ermənistanın özündən asılı məsələ deyil" Elman Nəsirli: "Rusiyanın qazın qiymətini qaldırması Ermənistandakı vəziyyəti daha da qəlizləşdirib"

Ermənistanda qaz böhranı yaşanır. Strateji müttəfiqi Rusiyadan qiymət artımı ilə bağlı atılan addım Ermənistan üçün gözlənilməz oldu. Hesablamalara görə, Rusiyanın təbii qazın qiyməti ilə bağlı tələb etdiyi bahalaşma ən azı 640 min erməni ailəsinin sosial vəziyyətinin pisləşməsi deməkdir. Əhali ölkədə bununla əlaqədar ərzağın qiymətinin də artacağından narahatdır. Erməni iqtisadçılar isə həyəcan təbili çalırlar.

Bildirilir ki, qazın qiymətinin artırılması ölkədə həm də yeni etiraz dalğasının başlamasına səbəb olacaq. Hələ bu məsələ gündəmə gələn ilk günlərdən Ermənistan əhalisi Rusiya əleyhinə bir sıra etiraz aksiyaları təşkil etdilər. Belədə Ermənistanda qaz böhranı ilə bağlı olaraq vəziyyətin qarışıq olduğu, kritik həddə çatdığı görünür. Artıq sosial şəbəkələrdə qazın qiymətinin artmasına qarşı etiraz çağırışları başlayıb. Böyük əksəriyyəti yoxsul vəziyyətdə yaşayan erməni xalqı anlayır ki, baş verənlər onlara yaxşı heç nə vəd etmir. Bu qiymət artımı heç şübhəsiz Ermənistan iqtisadiyyatının tamamən çökməsinə səbəb olacaq. Belədə durumları heç də yaxşı olmayan erməni əhalisinin iqtisadi vəziyyətinin daha da pisləşəcəyini gözləməyinə dəyər. Bu isə sonda Ermənistanda sosial-iqtisadi partlayışa gətirib çıxaracaq. Görəsən, bu vəziyyət Ermənistanı Qarabağ məsələsində kompromislərə vadar edə bilərmi?

Milli Məclisin Analitik-İnformasiya Şöbəsinin müdiri Aydın Ağayev bunun inandırıcı olmadığını düşünür: "Qarabağ məsələsində kompromislərə getmək heç də Ermənistanın özündən asılı məsələ deyil. Rusiya Ermənistana qaz satışı məsələsində məlum xətti həyata keçirib. Rusiya Ermənistanın bəzi hərəkətlərindən şübhələnib. Orada baş verən müəyyən tendensiyalar onun xoşuna gəlməyib. Belədə qazın qiymətini qaldırmaqla Rusiya Ermənistana nə cür hərəkət etmək lazım gəldiyini başa salıb. Rusiyanın ara-sıra təzyiq etmək üçün belə vasitələrdən istifadə edir. Qazın qiymətinin qalxması ilə Ermənistanda vəziyyətin qarışması fonunda hökumətin Qarabağ məsələsində kompromisə vadar edilməsinə gəldikdə, bu, qətiyyən inandırıcı görünmür. Çünki Ermənistan özbaşına deyil. Orada verilən bütün qərarların müstəqil şəkildə qəbuluna İrəvan hakimiyyətinin iradəsi çatmır. Ermənistan bir tərəfdən Moskvadan, digər tərəfdən də erməni lobbisindən asılıdır. Erməni lobbisinin isə Qarabağ məsələsində mövqeyi isə məlumdur. Onun bu məsələdə mövqeyi hökumətdən də kəskindir. Belə olan halda yerli hökumət kompromiss istiqamətində hansısa dəyişikliyə gedə bilməz. Dəyişiklik yalnız Ermənistana təsir edə biləcək yeganə dövlət olaraq Rusiyadan asılıdır. Onun mövqeyində dəyişiklik olarsa, Qarabağ konfliktində Ermənistanın kompromisə vadar edilməsi istiqamətində nəyinsə şahidi ola bilərik. Bu isə hələlik ortalıqda yoxdur, hətta işartıları belə yoxdur. Ona görə də inanmıram ki, Ermənistanda cərəyan edən sosial gərginlik fonunda Qarabağ məsələsində İrəvanın kompromisə gəlməsi istiqamətində hansısa dəyişikliklər olsun. İndiki halda Qərbin Ermənistana bu istiqamətdə çağırışları da sırf təzyiq xarakteri daşımır. Sadəcə olaraq, Amerika, Avropa İttifaqı arzular fonuda münaqişə ətrafında dəyişikliklər olmasını istəyir. Bu çağırışların səmərəsi ciddi deyil ki, uyğun zəmin yaransın və onun da əsasında konfliktin həlli istiqamətində hansısa keyfiyyət dəyişikliyi baş versin".

Politoloq Elman Nəsirli də bildirdi ki, Ermənistan iqtidarından heç bir halda konstruktiv mövqe gözləməyinə dəyməz: "Ermənistanda sistemli böhrandır. Ölkənin sosial, hərbi, iqtisadi və digər sferaların hər birində böhran vəziyyəti dərinləşməkdədir. Bu gün Ermənistan insanını düşündürən əsas məsələ böhran pik nöqtəsinə çatdıqda ölkəni nə gözləyəcəyilə bağlıdır. Ermənistanı təbii ki, fəlakət gözləyir. Bunun belə olmasının əsas səbəbi də İrəvanın yeritdiyi aqressiv siyasətlə bağlıdır. Ermənistan öz siyasətinin girovuna çevrilib və bu məqam getdikcə güclənir. Rusiyanın qazın qiymətini qaldırması isə Ermənistandakı vəziyyəti daha da qəlizləşdirib. Belə olan vəziyyətdə ilk baxışdan iki versiyanın gündəmə gələ biləcəyi gözlənilə bilər. Bir versiya odur ki, Ermənistan düşdüyü ağır vəziyyətdən çıxmaq üçün Qarabağ məsələsində kompromisə meylli olmalıdır. İkinci versiyaya görə isə, Ermənistanda iqtisadi vəziyyət gərginləşdikcə, xalqın etirazı artdıqca, Qarabağ münaqişəsində heç bir güzəştə getməmək iqtidar siyasətini daha da dərinləşdirərək bu kart ətrafında manipulyasiya edə bilər. Sarkisyan rejiminə xalqın etimadının olmadığını nəzərə alsaq düşünürəm ki, Ermənistanda ikinci versiyanın reallaşması ehtimalı daha böyükdür. Yəni Ermənistan prezidenti xalqına heç nə vermədiyinin fərqindədir. 100 minlərlə insan ölkəni tərk edib. Belə olan halda o Qarabağ münaqişəsindən bir manipulyasiya elementi kimi istifadə etməyə başlayır, bu yolla da auditoriyanın diqqətini daxili problemi münaqişə istiqamətində yönəltməyə çalışır. Amma bunun da sonu yoxdur. Perspektivdə bu siyasət strateji baxımdan onu məhvə aparan cəhətdir. Hesab edirəm ki, Ermənistanda iqtisadi vəziyyət ağırlaşdıqca, bu rejim Qarabağ məsələsində güzəştə getməyə başlayarsa, müxalifət də ayağa qalxıb iqtidarı xalqı ac saxlamaq azmış kimi Qarabağ məsələsində də güzəştlərə getməkdə ittiham edəcək. Bu da Sarkisyan rejiminin sonunun başlanğıcı olar. Nə qədər ki, bu terrorçu rejim hakimiyyətdədir, heç bir halda onlardan konstruktiv mövqe gözləməyin mənası yoxdur. Belə olan halda ondan güzəşt gözləməyinə dəyməz. Əksinə, rejim özünü qoruma instinktini işə salıb daha çox təxribatçı addımlar ata bilər".

Sizin Reklam Yeriniz