Tarixən Azərbaycanda çörək müqəddəs nemətlərdən sayılıb. Bu səbəbdən çörəyə yanaşmada həmişə Azərbaycanda xüsusi bir yanaşma olub. Lakin son dövrlərdə təəssüfdoğuran hallardan biri bu yanaşma tərzində dəyişikliklərin özünü büruzə verməsidir. Ölkədə zibil qablarına atılan çörəklərin çoxalması da bunun real təsdiqidir.
Ekspertlər bunu iki səbəblə əlaqələndirirlər: birincisi çörəyin israf olunması və ikincisi çörəyin keyfiyyət məsələsi ilə. Hesablamalara görə, Azərbaycanda bir adam il ərzində orta hesabla 130 kiloqramdan çox çörək istehlak edir. Bu statistikaya inansaq, azərbaycanlı gün ərzində təxminən 0,5 kq çörək yeyir. Bu göstəriciyə görə, ölkəmiz dünya ölkələri arasında liderlər sırasındadır. Həqiqətən də, çörəyin Azərbaycan ailəsinin süfrəsində yeri əvəzolunmazdır, bizim vətəndaşın qida rasionunun əsasını çörək təşkil edir. Çörək bolluğu müsbət haldır, amma hər gün şəhərdəki zibil qablarının kənarlarında torbalarda qoyulan çörəkləri görəndə, müqəddəs hesab etdiyimiz bu nemətə biganə yanaşmanın artdığını da demək olar.
Belləiklə, bu gün hamımız çörək israfçılığına yol verildiyinin, hətta zibil qablarının yaxınlığına atıldığının şahidi oluruq. Əgər bunun bir səbəbi insanların son zamanlar pəhriz məqsədilə çörəkdən imtina etməsidirsə, digər səbəbi məhz çörəyin keyfiyyəti ilə bağlıdır. Problemlər daha çox sex həcmində fəaliyyət göstərən müəssisələrdə var. Burada əsas problemlərdən biri odur ki, bəzi kiçik həcmli sexlərdə istehsalat prosesində texnoloji proseslər düzgün aparılmır. Bu da ondan ibarətdir ki, un ələnməsindən mağazalara çatdırılmasına qədər müəyyən problemlər yaşanır. Bəzi kiçik həcmli sexlərdə istehsalat prosesində texnoloji proseslər düzgün aparılmır. Mövcud problemlərdən biri də çörək istehsalında istifadə edilən duz məhsulları ilə bağlıdır ki, bəzi hallarda heç həmin duzun mənşəyi məlum olmur. Yalnız müvafiq dövlət qurumları məsələyə müdaxilə etdikdən sonra problemin qarşısı alınır.
Araşdırma göstərir ki, çörək bişirilən sexlərin bir çoxu hələ də bərbad vəziyyətdədir. Bu sexlərdə heç soyuducu şkaflar da yoxdur, halbuki hazır çörəklər 5 saat o şkaflarda saxlanmalıdır. Çünki isti çörəyi qablaşdırmaq olmaz. Lakin kiçik sexlərdə buna demək olar ki, əhəmiyyət verilmir. Bütün bunlar çörəyin keyfiyyətinə təsirsiz ötüşmür və istehlakçı bəzən onu atmaq məcburiyytində qalır. Bu arada qeyd edək ki, ölkəmizdə çörəklə bağlı 11 standart tətbiq olunur. Bunlardan 5-i yerli, 6-sı beynəlxalq standartlardır. Lakin yaxın aylarda çörəklə bağlı tamamilə yeni standartın qəbul olunacağı gözlənilir. "Buğda unundan hazırlanan çörək-bulka məmulatları, ümumi texniki şərtlər" standartında müxtəlif növ çörəklərin istehsalı, qablaşdırılması qaydaları əksini tapacaq.
Lakin zibil qutularına, onların yanına atılan çörəklərin çoxalması təkcə keyfiyyət amili ilə bağlı deyil. Bəzən elə keyfiyyətli çörəklər də israf olunaraq zibil qutularına, onların yanına atılır. İqtisadçılar Azərbaycanda çörəyə, eləcə də digər ərzaq məhsullarına qarşı israfçılığın səbəbini bir sıra amillərlə bağlayır. Bəziləri hesab edir ki, bunun əsas səbəbi ailələrin öz büdcələrini planlaşdıra bilməməsi ilə bağlıdır. Bundan başqa ölkədə zibil qablarına atılan çörəklərin bir qismi isə restoran və şadlıq saraylarında süfrələrdən artıq qalanlardır. Belə ki, xüsusilə toylarda həddən artıq israfçılığa yol verildiyindən, xeyli miqdarda çörək atılır. İqtisadçılar israfçılığın qarşısını almaq üçün əhali arasında təbliğat işlərinin aparılmasını vacib sayır. Bəzi ölkələrdə isə hətta israfçılığın qarşısını almaq üçün qanunlar qəbul edilib. Məsələn, Tacikistan, Özbəkistan kimi ölkələrdə xüsusilə toy və yas mərasimlərində israfçılıq etmək qanunla qadağandır. Analoji təcrübənin Azərbaycanda da tətbiqi vacib sayılır. Ekspertlər hesab edir ki, bu prosesə mümkün qədər tez müdaxilə olunmalıdır. Əks halda zibil qutularına, onların yanlarına atılan çörəklərin həcmi artmaqda davam edəcək. Bütün bunlar isə heç də müsbət qarşılanan hal sayılmır və cəmiyyətin özünün də məsələyə lazımi reaksiyasını təmin etmək üçün maarifləndirmə işlərinin aparılmasına böyük ehtiyac var.