Ziya Əlili: "Nizamnamə kapitalının artırılması haqqında qərar şirkətlərin cari fəaliyyətinə elə də ciddi ziyan vurmayacaq"
Azərbaycanda banklar üçün kapital tələbinin 5 dəfə artırılmasının ardınca sığorta şirkətlərinə qarşı da yeni tələblər irəli sürüləcək. Maliyyə Nazirliyi Azərbaycanda fəaliyyət göstərən sığortaçılar üçün minimum nizamnamə kapitalına qoyulmuş tələbi 5 milyon manatdan 10 milyon manata çatdırmağı planlaşdırır. Təkrar sığortaçılar üçün isə bu göstərici 10 milyon manatdan 20 milyon manata qaldırılacaq.
İqtisadçı ekspert Samir Əliyev bununla bağıl Mövqe.az-a açıqlamasında bildirir: " Sığorta şirkətlərində nizamnamə kapitalının artırılması bu daha həmin şirkətlərin gücləndirilməsidir. Bu proses qlobal böhrandan sonra dünyada gedən prosesdir. Azərbaycanda bu proses başlanğıc olaraq banklarda tətbiq olundu. Banklardan sonra isə konkret addım kimi atılmasa da, fakir kimi sığorta şirkətlərində artımın olması səsləndirilir. Bu gün ölkəmizdə 28 sığorta şirkəti var. Bu gün sığorta bazarının inkişafı ürək açan deyil. Sığorta bazarının həcmi 350 milyon manta civarında dəyişir. Bu, çox kiçik rəqəmdir. Ümumdaxili məhsulun 0, 6 %-ni təşkil edir. Əslində, inkişaf etmiş ölkələrdə də sığorta bazarının həcmi 20%-dən yüksəkdir. Azərbaycanda isə heç bir faiz deyil. Çünki bizdə sığorta imkanlarına inam düzgün formada reallaşmır. Bu tədbirin həyata keçirilməsi nəticəsində sığorta şirkətləri daha düzgün, daha keyfiyyətli xidmət göstərəcəklər. Ancaq bu addım atıldıqdan sonra sığorta şirkətlərinin sayı 28-dən 20-yə düşəcək, yəni onların fəaliyyətində azalma müşahidə olunacaqdır. Belə qərar verildikdən sonra banklar kimi sığorta şirkətlərinə də 1 ilə yaxın zaman veriləcəkdir ki, onlar öz məcmu kapitalını artıra bilsinlər. Bəzi sığorta şirkətləri var ki, bu gün güclüdürlər. Onlara missal olaraq "Paşa sığorta", "Atəşgah" sığorta və s. misal çəkə bilərik. Güclü sığorta şirkətləri holdinqlərin tərkib hissələridir. Hansı ki, bank sektorunda güclüdür, onlar sığorta bazarında da eyni gücə malikdir. Bu gün zəif sığorta şirkətləri də var ki, onlar bu bazarda çox az paya malikdirlər. Mən bu məsələyə müsbət baxıram ki, kapital artacaq, sığorta şirkəti güclənəcək".
İqtisadçı-ekspert Ziya Əlili isə bildirir: "Sığorta şirkətlərinin nizamnamə kapitalının artırılmasında vurğulanması zəruri olan məqamlar bunlardır: nizamnamə kapitalının artırılması cari fəaliyyət göstərən sığorta şirkətlərinə öz fəaliyyətlərinin və inkişaf potensialını artırmağa birbaşa müsbət təsir edəcək. Belə ki, sığorta şirkətlərinin fəaliyyəti üçün lazım olan maliyyələşmənin ilkin və ən ucuz başa gələn mənbəyi şirkətlərin öz nizamnamə kapitallarıdır. Nizamnamə kapitalları artandan sonra sığorta şirkətləri maliyyə bazalarında istiqraz və səhm buraxmaqla daha bahalı kapital cəlb etmək əvəzinə öz daxili mənbələrindən faydalana biləcəklər.
Digər tərəfdən Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin sığorta premiumları ilə sığorta xərcləri arasında fərq çox böyük olduğu üçün sığorta şirkətləri gəlirlə işləyə bilirlər. Bu gəlirlilik onlara çox asanlıqla nizamnamə kapitalını artırmağa imkan verir. Vurğulamaq istədiyimiz odur ki, nizamnamə kapitalının artırılması haqqında qərar yüksək gəlirlilik dərəcəsinə görə, şirkətlərin cari fəaliyyətinə elə də ciddi ziyan vurmayacaq.
Budan əlavə nizamnamə kapitalının artırılması sığorta bazarına yeni şirkətlərin daxil olmasını çətinləşdirir ki bu da sığorta bazarında inhisarçılığı gücləndirə bilər. Lakin vurğuladığımız kimi, inhisarçılıq güclənsə də kapital artımından sonrakı şirkətlər daha inkişaf potensiallı olurlar".