Əlaqə Arxiv
news Image
2013.06.25
08:53
| A A A
Sosial şəbəkələrdə saxta profillər daha ciddi problemlərə yol açmağa başlayır
Müzəffər Baxışov: "Saxta profil məsələsinin vurduğu ziyanın təhlükəlilik predmetindən asılı olaraq Cinayət Məcəlləsinə müvafiq dəyişikliklər edilməlidir ki..." Əliməmməd Nuriyev: "Ölkədə bir çox saxta profillər yaradılıb ki, onlar vasitəsilə bəzən təhqiramiz, heç nə ölçülməyən həqarətlərlə bağlı fikirlər yer alır"

Azərbaycanda internet məkanı inkişaf etdikcə ondan məkirli, pis niyyətlərlə istifadə etmək halları da təəssüf ki, artır. Bir sıra hallarda bəzi dələduzlar bu və yaxud digər insanın adına saxta profillər açmaqla, həmin məqamdan sui-istifadə etmək yolu ilə hətta başqalarının ünvanına təhqiramiz fikirlər yazmaqla da məşğuldurlar. Hətta bəzən tanınmış siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin adından da saxta profillər meydana çıxır.

Bu yolla bir tərəfdən həmin işə qol qoyanlar tanınmış simaları gözdən salmağa çalışırlar. Digər tərəfdən də, başqasının adına onun razılığı olmadan hər hansı bir profil yaratmağın özü də bir cinayətdir. Belə halların olmaması üçün heç şübhəsiz indidən müəyyən addımların atılması vacibdir. Bildiyimiz kimi, artıq bir müddətdir internetdə təhqir və böhtana görə də cinayət məsuliyyəti nəzərdə tutulub. Bu əsasda saxta profillərlə bağlı problemin birdəfəlik çözümü üçün də müəyyən addımlar atılmalıdır. Görəsən, məsələ barədə ekspertlər nə fikirdədirlər?

Hüquqi Dövlət Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov bildirdi ki, saxta profillərin açılmasına qarşı mübarizə üçün İnzibati Xətalar və Cinayət məcəllələrinə bəzi dəyişikliklərin edilməsi vacibdir: "Saxta profil məsələsinin birdəfəlik tənzimlənməsi üçün İnzibati Xətalar Məcəlləsinə, ya da onun vurduğu ziyanın təhlükəlilik predmetindən asılı olaraq Cinayət Məcəlləsinə müvafiq dəyişikliklər edilməldir ki, belə şəxslər inzibati yaxud cinayət məsuliyyətinə cəlb olunsunlar. Bu yolla gələcəkdə həmin halların qarşısını almaq olar. Yəni proses vurulan ziyandan asılı olaraq inzibati və yaxud cinayət məsuliyyəti formasında öz həllini tapmalıdır. Yəqin ki, gələcəkdə bu problem də məhz dediyim istiqamətdə öz həllini tapacaq. Artıq Azərbaycan qanunvericiliyində internetlə bağlı yeni yaranan ictimai münasibətlərin tənzimlənməsi istiqamətində yeni qanunlar da qəbul olunur. Məsələn, internet vasitəsindən istifadə etməklə təhqir və böhtan atmağa görə cinayət məsuliyyəti müəyyən olundu. Bu əsasda gələcəkdə ola bilsin, başqalarını adına saxta profillər açmaq məsələsi də tənzimlənsin".

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevin fikrincə isə saxta profillərə qarşı mübarizədə başlıca yol maarifləndirici tədbirlərdir: "Saxta profillərin çözülməsi daha çox texnoloji məsələdir. Belə olan halda saxta profil məsələsilə üzləşən şəxsin dərhal müvafiq provayderə müraciət etməsi vacibdir ki, o bu məsələni aydınlaşdırsın. Müşahidələrimə görə hazırda ölkədə bir çox saxta profillər yaradılıb ki, onlar vasitəsilə bəzən təhqiramiz, heç nə ölçülməyən həqarətlərlə bağlı fikirlər yer alır. Bəzən məşhur adamların adına saxta profillərindən sui-istifadə etmək halları hətta dövlətlərarası münasibətlərin kəskinləşməsinə də gətirib çıxara bilər. Şübhəsiz ki, bu istiqamətdə müəyyən tədbirlərin görülməsi zəruridir. Təəssüf ki, ölkəmizdə internet mədəniyyəti deyilən mədəniyyət yenicə formalaşmağa başlayıb. İnsanlar onu da başa düşməlidirlər ki, hansı saxta profillərdən istifadə etmələrinə baxmayaraq, həqiqi istifadəçini tapmaq mümkündür. Müasir informasiya əsrində belə neqativ halları dərhal müəyyənləşdirmək olar. Ona görə hesab edirəm ki, bu istiqamətdə geniş maarifləndirici tədbirlərin həyata keçirilməsi də vacibdir. Belə tədbirlər həyata keçirilərsə, düşünürəm ki, çoxsaylı insanlar yalançı profillərdən istifadə etməyə son qoyacaq və başa düşəcəklər ki, bu hal müəyyən məsuliyyət də yaradır. Yalançı profillərin olması bir sıra hallarda insanların ifadə azadlığının müdafiə edilməsilə bağlı atılan addımların effektivliyini də müəyyən qədər azaldır. Bu mənada da saxta profillərlə bağlı maarifləndirici tədbirlər həyata keçirilməli, eyni zamanda insanlarla internet mədəniyyətinin gücləndirilməsilə bağlı fəaliyyətlər həyata keçirilməlidir. Bu istiqamətdə sanksiyalara əl atılmasının tərəfdarı deyiləm, çünki zərərli nəticələr verə bilər. Fikrimcə, maarifləndirmə yolu ilə düzgün izahat verə bilsək saxta profillərdən istifadə edənlərin sayı da azalacaq".

Sizin Reklam Yeriniz