Əlaqə Arxiv
news Image
2013.06.26
08:26
| A A A
İran azərbaycanlıları ilə bağlı yeni qorxunc xəbərdarlıq
Rusiyalı ekspert: "İranı tərk edənlər təkcə Azərbaycana üz tutmayacaq, onların bir hissəsi də Rusiyaya gələcək"

Artıq neçə illərdir ki, cənub qonşumuzun məlum nüvə proqramı qərb ölkələrində, həmçinin İsraildə ciddi narahatlıq predmetinə çevrilib. Bu narahatlığa son qoymaq üçün vaxtaşırı İrana qarşı hərbi əməliyyatlara start veriləcəyinə dair indiyə qədər səslənən fikirlər də özünü doğrultmayıb.

Əvəzində İran nüvə proqramını əhəmiyyətli dərəcədə inkişaf etdirə bilib. İsrailin baş naziri Binyamin Netanyahu ABŞ-ın "The Washington Post" qəzetinə müsahibəsində bildirir ki, İran 200 nüvə bombası və qitələrarası ballistik raket istehsalı üçün fəaliyyətlərini davam etdirir.

Onun sözlərinə görə, İran istehsal edəcəyi qitələrarası ballistik raketləri 6 və ya 8 ilə ABŞ ərazisinə göndərə biləcək.

B. Netanyahu deyib ki, İranın yeni seçilmiş prezidenti Həsən Ruhani "Danışıq apar, ancaq uranı zənginləşdir" tezisinin yaradıcısıdır: "Ona görə də Ruhaninin İranın yeni prezidenti seçilməsi bu ölkənin nüvə proqramında heç bir dəyişiklik yaratmayacaq. Onun yazdığı kitab da dünya ictimaiyyətinə bu mesajı verir. Həmin kitabda deyilir ki, İranın Qərblə apardığı nüvə danışıqları İsfahandakı reaktorun təkmilləşdirilməsi üçün yaxşı mühit yaratdı".

İsrailin baş naziri vurğulayıb ki, İranın uranı zənginləşdirilməsi prosesinin dayandırması və Fordo yeraltı nüvə obyektini bağlaması yalnız onların istəyi deyil: "Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələn məsələdir". B. Netanyahu əlavə edib ki, İrana qarşı sanksiyalar bu ölkə nüvə siyasətini dəyişdirənədək davam etdirilməlidir: "İsrail isə mövcud təhlükəni aradan qaldırmaq haqqını hələ də özündə saxlayır". Başqa sözlə, İsrail istənilən vaxt İranın nüvə obyektlərinə zərbə endirə bilər. Eələ Həsən Ruhani də bildirir ki, İran öz nüvə proqramında əsla geri addım atmayacaq.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) icraçı direktoru Yukiya Amano isə etiraf edir ki, sanksiyaların İranın nüvə proqramına heç bir təsiri olmayıb. Onun sözlərinə görə, İrana qarşı sanksiyaların tətbiq edilməsinə baxmayaraq, bu ölkə hələ də durmadan özünün nüvə proqramını davam etdirir: "Mən hələ sanksiyaların heç bir təsirini görmürəm".

Y.Amano deyib ki, İranla AEBA arasında nüvə müzakirələri davam etdiriləcək: "Agentlik yekun nəticə əldə etmək üçün görüşlər keçirməkdə qərarlıdır. Biz İranla müzakirələri davam etdirməyə hazırıq, ancaq hələlik tərəflər arasında növbəti görüşün tarixi müəyyənləşdirilməyib. Növbəti müzakirə tarixi AEBA mütəxəssisləri ilə İran nümayəndələri arasında keçiriləcək görüşdə müəyyənləşdiriləcək".

ABŞ isə İranın "Əraq İR-40" ağır su nüvə reaktoru ilə bağlı öz dərin narahatlığını bildirib. ABŞ-ın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki daimi nümayəndəsi Cozef Makmanus deyib ki, İran Əraq nüvə reaktorunu 2014-cü ilin əvvəllərində işə salmağı planlaşdırır: "İran bu məsələ ilə bağlı agentliklə əməkdaşlıq etmir və lazımi məlumatla təmin etmir. Ancaq İran bununla bağlı AEBA-ya ətraflı məlumat verməlidir. Ona görə də rəsmi Tehranı həmin nüvə obyektinə agentlik müfəttişlərinin nəzarət etməsinə razı salmalıyıq". C.Makmanus vurğulayıb ki, İranın Əraq nüvə reaktoru ilə bağlı AEBA ilə əməkdaşlıqdan imtina etməsi bu ölkənin yenidən gizli şəkildə nüvə fəaliyyətinə məşğul olduğu barədə təəssürat yaradır.

Bütün bunlar fonunda isə əvvəl deyilənlərin əksinə olaraq İranın nüvə obyektlərinə bu dəfə həqiqətən zərbə endirilməsi ehtimalı artır. Özü də ABŞ yox, məhz İsrail tərəfindən. Lakin Rusiya İctimai Paalatasının üzvü Georgi Fyodrov bildirir ki, İrana qarşı hərbi əməliyyatalar təkcə bu ölkəyə yox, həm də onun yerləşdyi regiona ciddi siyasi, iqtisadi, demoqrafik zərbə vuracaq: "Xüsusən də Azərbaycan bu mənfi təsirləri öz üzərində hiss edəcək. Hazırda İran ərazisində milyonlarla azərbaycanlı yaşayır. Müharibə zamanı onlar ölkəni tərk etmək məcburiyyətində qalacaqlar. İranı tərk edənlər təkcə Azərbaycana üz tutmayacaq, onların bir hissəsi də Rusiyaya gələcək. Bütün bunlar demoqrafik və humanitar problemlərə ol açacaq". Xatırladaq ki, analoji xəbərdarlıqla bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov da çıxış etmişdi.

Proseslərin real gedişi isə İranın nüvə obyektlərinə zərbə endirilməsi ehtimalının bu dəfə reallığa çox yaxın olduğunu göstərir. Belə vəziyyət isə qeyd olunduğu kimi Azərbaycana da müsbət heç nə vəd etmir.

Sizin Reklam Yeriniz