Əlaqə Arxiv
news Image
2013.06.26
08:29
| A A A
Paytaxtda söküntü bumu mənzillərin qiymətini yenidən artıracaq
Yaxın 17 il ərzində isə Bakının siması xeyli dəyişəcək

Aparılan araşdırmalar belə bir həqiqəti üzə çıxarır ki, bu gün qiyməti sürətlə artmaqda olan mənzillərin bahalaşmasına təsir göstərən amillərdən biri də müəyyən ərazilərdə söküntü işlərinin aparılması ilə bağlıdır. Söküntüyə düşən ərazilərdə sakinlərə dövlət təərfindən verilən kompensasiya yenidən daşınmaz əmlak bazarına qayıdaraq burada aktivliyi artırır və bahalaşmaya rəvac verir.

Paytaxtın müəyyən ərazilərində söküntünün davam edəcəyi nəzərə alınarsa, bu amilin hələ xeyli müddət daşınmaz əmlak bazarında qiymətləri yüksəldən faktor kimi çıxış edəcəyi heç bir şübhə doğurmur.

Xatırladaq ki, hələ bu ilin əvvəlində Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakının mərkəzi hissəsinin 2030-cu ilədək layihə planını açıqlayıb. Plana əsasən, qarşıdakı 17 il ərzində paytaxtın mərkəzi ərazisi böyüdülərək indiki 1 479 hektardan 1 550 hektara çatdırılacaq. Bundan başqa qarşıdakı 18 il ərzində paytaxtın adıçəkilən bölümündə yaşayış fondu, yəni mənzillərin ümumi sahəsi 7 milyon 611 min kvadratmetrdən 9 milyon 80 min 300 kvadratmetrə çatdırılacaq.

Nəticədə şəhərin mərkəzində - 369 min nəfərin yaşadığı ərazidə adambaşına düşən yaşayış sahəsi 21,84 kvadratmetrdən 24,33 kvadratmetrə çatdırılacaq. 10-12 mərtəbəli binalardakı mənzil fondunun sahəsi də 1,7 dəfə artaraq indiki 980 min kvadratmetrə çatacaq. 16 və daha yüksək mərtəbəli evlərin sahəsi isə 3 milyon 747,3 min kvadratmetrə kimi artırılacaq.

Dəyişikliklər nəticəsində şəhərin mərkəzindəki 1-2 mərtəbəli yaşayış binaları 6 dəfə azalacaq. Əvəzində 6-9 mərtəbəli binaların sayı təxminən 3 dəfə artacaq. Şərqdən Yusif Səfərov küçəsi, Ali Məhkəmənin qarşısından keçən ərazi, günbatandan Nəriman Nərimanov prospekti, şimaldan Bakıxanov prospekti və üzü dənizə tərəf - bulvara qədər ərazidə söküntü işləri aparılacaq. Həmin ərazidə tikililərin seyrəldilməsi də nəzərdə tutulacaq. Amma tək o 1-2 mərtəbəlilər sökülməyəcək. Bəzi çoxmərtəbəli binalar da sökülə bilər - texniki baxımdan dayanıqlı olmayanlar. Ümumiyyətlə, ərazidə sıxlığın azalması, ekoloji durumun yaxşılaşdırılması, əhali üçün normal həyat şəraitinin yaradılması məqsəd kimi qarşıya qoyulub.

Qeyd edək ki, göstərilən ərazilərdə daha çox fərdi evlər inşa edilib. Lakin onların çoxunun söküləəcyi və yerlərində çoxmərtəbəli bina inşa olunacağı, parklar salınacağı gözlənir. Görüləcək işlərdən biri ərazidə yaşıllıq zolağının azı 3 dəfə artırılmasıdır. Küçə, park və meydançaların ictimai istifadə üçün 30-35 dəfə artırılacağı da nəzərdə tutulub.

Bu arada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib ki, Bakının baş planı ilə bağlı iyul ayında yenidən rəsmi müzakirə olacaq: "Bakının yeni baş planının üzərində tamamlama işləri gedir. Aidiyyəti nazirliklərə, dövlət qurumlarına, böyük təsərrüfat subyektlərinə baş planın konsepsiyası haqqında sənədlər göndərilib və onlardan təkliflər yığılır. İyul ayında Bakının baş planının yenidən rəsmi müzakirəsi olacaq. Həmin müzakirədə hansı təkliflər səsləndirilərsə, irəli sürülərsə, həmin təkliflər əsasında dəqiqləşmələr aparılacaq və Böyük Bakının Regional İnkişaf Planı təsdiq üçün təqdim olunacaq".

məlumatlara görə, "Böyük Bakının Regional İnkişaf Planı"nda bir sıra məsələlər əks olunacaq: Dəniz limanının və bərənin Qaradağ rayonuna, Ələt şəhərinin yaxınına köçürməsi; Neftdaşıyan terminalın Abşeronun şərq sahilindən yeni terminalın istifadəyə verildiyi yerə, Sanqaçala köçürməsi. Söküləcək ərazilər aşağıdakılar olacaq: "Qara Şəhər" adlanan yerdə fəaliyyət göstərməyən sənaye müəssisələrinin ləğv edilməsi və boşaldılmış ərazinin məskunlaşma üçün mənimsənilməsi; - "Xutor" - 88 hektar, "Kubinka"- 46 hektar, şəhərin mərkəzində Nərimanov prospekti ilə Azərbaycan prospekti arasındakı "Beşmərtəbə"nin - 85 ha; 292 hektarını təşkil edilməmiş tikintilər əhatə edən "20-ci sahə" - 800 ha kimi şəhər sahələrinin bölmələrinin regenerasiyası. Həmçinin planda Bakı şəhərinin qarşısında duran vəzifələrdən biri - şəhərin və bütün Abşeronun vahid nəqliyyat sxemini tərtib edilməsi, şəhərin ekoloji yaxşılaşdırılması - torpaq, su və hava hövzəsinin təmizlənməsi, Bakıda şəhərsalma prosesinin vahid idarəetmə sistemini təşkili nəzərdə tutulur.

Qeyd edək ki, Bakıda köhnə evlərin əksəriyyəti XIX əsrdə və XX əsrin əvvəllərində inşa edilib və onlar daha çox 1 və 2 mərtəbəlidir. Belə evlərin kommunal şəraiti elə də yüksək qiymətləndirilmir. Ekspertlər ilk növbədə belə evlərlə bağlı problemlərin həllindən sonra digər köhnə evlər məsələsinin həll edilməsini vacib sayır. Hələlik isə söküntülərin nə vaxt başlanacağı məlum deyil.

Sizin Reklam Yeriniz